Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Bakıda 15 adamın ölümünə səbəb olan yanğından sonra yeni suallar yaranıb: Paytaxtdakı binaların neçə faizində ehtiyat-yanğın çıxışı var? Binalarda yanğın nərdivanları quraşdırılıbmı?

-

“Mən köhnə binalarda, doqquzmərtəbədə yaşayıram. İçi mən qarışıq, kim ki, evini təmir edib, eyvanında qonşuya keçən arakəsməni söküb yerini kərpiclə hörüb. Evdə bir yanğın olsa, bloka tüstü dolsa, çıxış yoxdu. Halbuki bu arakəsməni sındırmaqla qonşuya, deməli, həm də qonşu bloka çıxa bilərdin”. Bunu Bakının Əhmədli qəsəbəsində yaşayan Muraz Nağıyev deyir. Onun sözlərinə görə, yanğın zamanı dama qalxmaq olar, ancaq damda sakinlərin su çəni, çanaq antenası olduğu üçün dama giriş qapısı bağlı olur.

Bakıda 15 adamın ölümünə səbəb olan, 16 mərtəbəli binada baş verən yanğından sonra çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi məsələsi gündəmə gəlib. Bakıdakı hündürmərtəbəli binaların neçə faizində ehtiyat/yanğın çıxışı var? Binalarda yanğın nərdivanları quraşdırılıbmı?

“Dama çıxmaq üçün qonşunun evinə girmək lazımdır”

Paytaxtın 20 yanvar metrostansiyası yaxınlığındakı yeni çoxmərtəbəli binaların birində yaşayan Zümrüd Əliyeva deyir ki, hadisədən sonra 10-cu mərtəbə sakini kimi narahatçılıq içində yaşayır: “Blokda bir pilləkənlərdir, bir də lift. Başqa heç bir çıxış yoxdur. Bircə blokda pəncərələr var, açıb-bağlanır. Havalandırmaq olur. Balkondan isə qonşuya keçid yoxdur. Dama da qalxmaq üçün ən yuxarı mərtəbənin qonşusunun evinə getmək lazımdır, çünki damda mansarddır, o da qonşuya baxır”.

Həzi Aslanov metrostansiyasının yaxınlığındakı yeni çoxmərtəbəli binada yaşayan İsmayıl Əyyubov da deyir ki, yanğına qarşı bircə su boruları keçiriblər, ancaq bu işlər də tam başa çatdırılmayıb: “Bunu da tələb elədilər, sonradan düzəltdilər, ancaq etibar olunası deyil. Yanğına qarşı siqnalizasiya yoxdur. Liftdir, bir də pilləkənlərdir”.

“Çoxmərtəbəli binalarda pilləkənlər yanğın çıxışını əvəz edir”

Adının çəkilməsini istəməyən inşaat mühəndisi deyir ki, sovet vaxtı tikilən binaların həyətində kiçik binalar da tikilirdi və yanğına qarşı ehtiyat tədbirləri ilə təchiz olunurdu: “Binaların özündə eyvanlarda yanğın keçidi qoyulurdu, bəzilərində çöldən dəmir pilləkənlər var idi. Alışıb yanmasın deyə pilləkənlər dəmirdən olurdu. İndi bəzi yerlərdə var, ancaq çox ziqzaqvaridir, sakinlərin ondan istifadə etməsi çətindir. Amma indiki çoxmərtəbəli binalarda pilləkənlər həmin yanğın çıxışını əvəz edir. Döngələrdə pəncərə yoxdur, eyvana çıxış var. Açıqlığa çıxır yəni. Təbii, son yanan binalar kimi fasadından alışıb yanma nadir müşahidə olunan haldır. Yanğın olar bir mənzildə, söndürə bilməzsən, bu alov yayılana qədər camaat binanı tərk edə bilər”.

“Sakinlər mənzil alarkən birinci yanğından mühafizə sistemi ilə maraqlansınlar”

Bir ay öncə APA TV-yə müsahibə verən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rasim Kərimov deyib ki, bütün çoxmərtəbəli binalarda yanğından mühafizə sistemləri inşa olunur.

O, qeyd edib ki, ancaq sakinlər mənzil alarkən yalnız binanın dizaynına, mənzilin görünüşünə fikir verirlər, bu sistemlərlə maraqlanmırlar, onların saz vəziyyətdə olmasına, kranların işləməsinə, təyinat səbəbinə fikir vermirlər.

Polkovnik əhaliyə məsləhət verir ki, mənzil alarkən əvvəlcə binanın təhlükəsizlik sistemi ilə maraqlansınlar: “Yanğın xəbərvericisinin, yanğınsöndürmə kranının olmasına, necə işləməsinə, təxliyə yollarına, bu yolların təhlükəsizliyinə fikir versinlər. Yanğın baş verən zaman insanlar təşvişə düşürlər, lakin 101 – Yanğından Mühafizə Xidmətinə və 112 – Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etməyi unutmaq olmaz.

Müraciət zamanı ünvanı dəqiq demək lazımdır, öz adını, telefon nömrəsini bildirmək lazımdır. Ünvanı deyərkən ora yaxın olan hər hansı orientiri də mütləq qeyd etsinlər. Bizim hissələr gələnə qədər yanğın su kranlarından, od söndürücülərdən, sudan, yanmayan materialdan təhlükəsiz şəkildə istifadə edərək yanğını söndürməyə çalışmaq olar.

Qapalı yerdə olan insanlar dərhal təhlükəsiz yerə çıxmalıdırlar. Demək olar ki, bütün yanğınlarda insanlar yanğın baş verən yerdən nəyisə çıxarmağa çalışır, bu, bizim işimizə çox mane olur. 101 xidmətinə məlumat daxil olan kimi biz dərhal polis orqanlarına, Dövlət Yol Polisinə, təcili yardıma, “Azərsu”ya, “Azərişığa” müraciət edirik, bu, işimizin mütləq qaydasıdır”.

“Hamama girin, hamama” və ya “nəm dəsmal” xilas edir

Yanan binanın içində qalan insanlar nə etməlidir? Bəzi adamlar bu barədə bilgili olsa da, çoxları məlumatsızdır. “Hamama girin, hamama”, həmin gün, 16 mərtəbəli bina yananda aşağıdan yuxarı bağırırdılar. Alov bürümüş binada qalan sakinlər isə pəncərədən “kömək edin” qışqırırdılar.

Yanğın zamanı içəridə qalanlardan biri mətbuata danışıb ki, alov binanı bürüyəndə bloka çıxıb, bir neçə mərtəbə düşəndən sonra anlayıb ki, bu tüstüdə boğula bilər, təzədən mənzilinə qayıdıb, təhlükəsiz yer tapıb xilas olmağını gözləyib. 4 saata yaxın yanan binanın içində 40 günlük körpəsi ilə qalan jurnalist Sevinc Fədai sonradan deyir ki, həmin vaxt dostlarının telefonla ona zəng edib nəm dəsmalla nəfəs almağı məsləhət görməsi onların həyatını xilas edib.

Əhali arasında yanğın və digər fövqəladə hallarda davranış qaydaları barədə təlim keçirilməsə də, bu qaydalar Fövqəladə Hallar Nazirliyinin saytında http://www.fhn.gov.az/?aze/menu/29/280 yerləşdirilib.

Rəsmi məlumatlara görə, 2012-ci ildən bəri Azərbaycanda çoxmənzilli yaşayış binaları və evlərdə 4 873 yanğın olub.

Bu hadisələrdə 120 nəfər həlak olub, 225 nəfər də yaralanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG