Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12

O, 2008-ci ildə Samir Cavadzadə ilə birlikdə Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəndə çox tanınmırdı. Üstündən 7 il keçəndən sonra Elnur Hüseynov yenə “Eurovision” səhnəsindədir. Bu dəfə tanınır.

-

Elnur Hüseynov 2008-ci ildə Samir Cavadzadə ilə birlikdə Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəndə çox tanınmırdı. Səhnə çıxışını görəndən sonra isə oxuduğu mahnı bir tərəfə qalmışdı, çoxları onu taxdığı qanadlarına görə tənqid edirdi.

Üstündən 7 il keçəndən sonra Elnur Hüseynov yenə “Eurovision” səhnəsindədir. Bu dəfə tanınır. Çünki “Eurovison”a getməmişdən az əvvəl Azərbaycanda da çox izlənən “O Ses Türkiye” yarışmasının qalibi olmuşdu. Və tez-tələsik onun “Eurovision”da Azərbaycanı təmsil etməsi haqda qərar verildi.

Bu günlərdə Türkiyədə çıxan “Hürriyet” qəzeti də bununla bağlı Elnur Hüseynova sual verdi ki, «O Ses Türkiye»de birinci olandan dərhal sonra Azərbaycanı «Eurovision»da təmsil etmək təklifi aldın. Nə düşündün?”

Elnur Hüseynov cavabında deyib ki, “Doğrudan çox sürətli oldu. Bir yarışmadan yeni çıxmışdım, bir başqa yarışmada iştirak etmək təklifi aldım. Nəticədə hər ikisi kiçikmiqyaslı işlər deyildi. Çox həyəcan verirdi”.

“Elnur beşlikdə olacaq”

2008-ci ildə Elnur Hüseynovun ifa etdiyi “Day after day” mahnısının bəstəkarı Gövhər Həsənzadə idi. Bəstəkar Elnurun mayın 21-də yarımfinaldakı çıxışı haqqında bunları deyir:

“Düşünürəm ki, Elnurun çıxışı ordakı çıxışların heç birindən zəif də deyildi. Çoxundan da güclü idi. Çox professional çıxış idi. Mən Elnuru beşlikdə görürəm. Fərq ondadır ki, daha rahat, daha peşəkar, daha inamlı idi. Əlbəttə illər sözünü deyib, illərin təcrübəsi var. Bunlar üstün, yaxşı tərəflərdir.”

Gövhər Həsənzadə söyləyir ki, 2008-ci ildə də Elnur Hüseynov indiki kimi peşəkar idi:

“Elnur həmin Elnurdur, istedadlı, həmin xarakterli insandır. Yəqin ki, bu gün üçün ən uyğun versiya o oldu. Ən hazırlıqlı olduğu üçün yəqin onu seçdilər. Bəlkə də 2008-də bir az başqa prizmadan baxılırdı. Bəlkə də başqa namizədlər nəzərdə tutulurdu. Ancaq bu gün üçün yeganə real namizəd Elnur olduğuna görə onun seçiminin üzərində dayandılar”.

“Səs-soraq bir az uzaqdan gələndə əziz olur”

Azərbaycanı “Eurovision” mahnı yarışmasındakı təmsilçisi münsiflər heyəti tərəfindən seçilir. Münsiflər heyətinin üzvlərindən olan xalq artisti Mübariz Tağıyev Elnur Hüseynovun üzərində dayanılmasını bir az yarızarafat, yarıgerçək belə izah edir:

“Bizdə bu var. Səs-soraq bir az uzaqdan gələndə əziz olur.”

Mübariz Tağıyev deyir ki, Elnur Hüseynovu həmişə istedadlı gənc kimi tanıyıb:

“Yarışmada iştirak etdiyi üçün demirəm. Həqiqətən çox istedadlı gəncdir. Mahnısı da yaxşıdır. Ancaq deyəsən, bir az Eurovision formatına uyğun gəlmir. Bir az ağırlıq var. Ona görə Eurovision formatına uyğun gəlmir deyirəm ki, artıq tamaşıçı öyrənib ki, yarışmanın nəbzinə uyğun yüngül mahnılar sevir. Bu mahnı isə San-Remo kimi müsabiqələrində yaxşı səslənərdi. Ancaq bilmək olmaz, tamaşaçının zövqü gündən-günə dəyişir”.

Elnur Hüseynov “Eurovision”dan sonra Türkiyəyə qayıdacaq

Elnur Hüseynovun müsahibələrindən aydın olur ki, yarışma bitəndən sonra da Azərbaycana yox, Türkiyəyə qayıdacaq. O deyib ki, İstanbulda iki albom çıxaracaq. Bəs niyə Elnur da daxil olmaqla Azərbaycanı “Eurovision”da təmsil etmiş və yaxşı nəticələr göstərmiş gənclər sonradan bu ölkədə parlamır? Gövhər Həsənzadə deyir ki, bu “tələbat” deyilən anlayışla bağlıdır:

“Bizdə efirdə də, hər kəsin də söylədiyi bir şey var – “tələbat”. “Tələbat” deyilən bir şey də yəqin bu gün estrada janrını kənara çəkir. Professional estrada janrını itələyir. O gənclərin gələndən sonra klipləri də vardı, imkanları da. Amma biz onları efirlərdə görmürük. Bu gün reytinq adı altında təqdim olunan musiqilərin içində isə estrada janrı yoxdur”.

Elnur Hüseynov mayın 23-də finalda növbəti dəfə ‘Hour of the Wolf’ balladasını ifa edəcək. O çıxışı haqqnda deyir ki,“Bu, vəhşi təbiətdən ilham almış müasir bir rəqsdir, lakin, əslində, bütün bunlar biz insanlardan bəhs edir. Bu, çıxdaş edilmiş və fərqli olmaqla, özgə və ümidsiz olmaqla bağlıdır. Əslində, hamımız həyatımızda belə bir sınaqla üzləşmişik, elə deyilmi? Mahnının mesajı isə budur – təslim olma, qəlbinin haqqı olan bir savaş var! Ayağa qalx və bu dünyada dözümlülük, qəbul olunma və birlik uğrunda mübarizə apar”.

Musiqi ilə yanaşı Elnur həm də bir heyvansevərdir və Bakı Hevyanları Qoruma Dərnəyinin üzvüdür. Bu baxımdan ‘Hour of the Wolf’ hər kəsin xoşbəxtlik və daha yaxşı gələcək naminə bitmək bilməyən mübarizəsindən bəhs edir - mahnının əsas mesajı "hər qəlbin bir savaşa haqqının çatdığıdır" - sevgi uğrunda bir savaşa.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG