Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:16
2006-cı ildə bəzi dövlət orqanlarında məmurların sayının artması müşahidə edilmişdi. 2007-ci ildə də bir sıra strukturlarda-məsələn, Milli Məclis Aparatı, Səhiyyə, Təhsil, Sənaye və Energetika nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə, Dini Qurumlarla İş üzrə dövlət komitələrində işçilərin sayının artırılacağı gözlənilir.

Təkcə Bakı Şəhər Baş Təhsil İdarəsinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyində 115 yeni ştat açılacaq. Yəni əlavə 115 nəfər işə götürüləcək. Hələlik, yeni ildə ümumilikdə nə qədər yeni məmurun işə cəlb ediləcəyi bəlli olmasa da, dövlət orqanlarında işləyənlərin çoxalacağı məlumdur.


Bu günlərdə Milli Məclisin komissiyaları 2007-ci ilin dövlət büdcəsini müzakirə edərkən Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti İdarəsinin müdiri Şakir Quliyev dövlət orqanlarında yeni ştatların yaradılması üçün gələn ilin büdcəsində vəsait də nəzərdə tutulduğunu bildirdi.


Gələn il dövlət orqanında çalışan 30 minə yaxın adamın vəzifə maaşı artırılacaq. Bundan ötrü 2007-ci ilin dövlət büdcəsində 54 milyon manata yaxın vəsait proqnozlaşdırılır
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və bəzi digər beynəlxalq qurumlar isə Azərbaycanla bağlı tövsiyələrində dövlət orqanlarında struktur islahatlarının aparılmasını, daha mobil idarəçilik sisteminin yaradılmasının zəruri olduğunu bildirirlər. Bu və digər səbəblərdən mütəxəssislərin indiki vaxtda məmurların sayının artırılması məsələsinə münasibəti birmənalı deyil. Bəziləri hesab edirlər ki, nəinki dövlət orqanlarında işləyənlərin sayının artırılması, ümumiyyətlə büdcədə inzibati xərclərin artırılması düzgün deyil. Ancaq, bununla razılaşmayanlar da var.


Parlamentin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli hesab edir ki, hazırda Azərbaycanda idarəetmənin yeni strukturları yaranır. Ona görə də ştat artımı təbiidir. Həmçinin elə strukturlar var ki, orada da işçilərin sayının artırılması zəruridir: «Bizə sosial sahçdç çalışacaq işçilər laımdır. Belə ki, 2006-cı ildə ünvanlı sosial yardımı təşkil etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 450 nəfərlik ştat verdik». Hadı Rəcblinin fikrincə, idarəetmədə bəzi yerlərdə ixtisarlar ola bilər, bəzi yerlərdə isə ştatların artması mümkündür. Bu da bütövlükdə iqtisadi inkişafa kömək edən məsələdir.


Məmurların sayının artması ilə bürokratik əngəllərin də çoxalacağı barədə fikirlərə gəldikdə, Hadı Rəcəbli bu fikirlə razılaşmasa da Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Əli Məsimli məmurların artmasını bürokratiyanın təkrar istehsalı kimi dəyərləndirir. O, deyir ki, bu, büdcədə inzibati xərclərin də artmasına səbəb olur ki, bu da gələcəkdə beynəlxalq təşkilatların diqqətindən yayınmayacaq: «Dövlət orqanlarında xərclərin şişməsi əksər ölkələrdə gedir. Və son nəticədə birdən kəskin surətdə ixtisarlar başlayır. Yaxşı olar ki, indidən ölçülüb-biçilmiş varianta inzibati xərclər azaldılmağa doğru getsin». Əli Məsimli deyir ki, hansısa nazirlikdə məmurların sayının artırılması, digərində isə azaldılması halları baş verə bilər. Ancaq, ümumi rəqəm aşağı düşməlidir.


Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti İdarəsinin müdiri Şakir Quliyevin sözlərinə görə isə gələn il dövlət orqanında çalışan 30 minə yaxın adamın vəzifə maaşı da artırılacaq. Bundan ötrü 2007-ci ilin dövlət büdcəsində 54 milyon manata yaxın vəsait proqnozlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG