Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:33

-

Bu şeirlər "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə keçmək üçün bəs etməyib.

Bu köhnə şəkil

Bir köhnə şəkil var baxıram yenə.

Zamanı dondurub özü-özündə.

Heç kimə,heç nəyə baxmır ordakı.

Şəkildən baxanın gözü gözümdə.

Həsrətə, kədərə tanışdır bir az.

Tumurcuq sevgidən təzə güc alır.

Mənim gözlərimdə solan çiçəklər.

Onun gözlərində yeni cücərir.

Tutub əllərimdən çəkib aparır.

Məni görüşdürür balaca mənlə.

İlahi, bu yaşda uşaqlaşmışam,

Yüyürüb qaçıram yenə cəmənlə.

Unudub özümü baxıram ona.

Baxıram həsrətlə mən heyran-heyran,

Əfsus bir-birinə bənzəmədilər,

Burdakı Reyhanla ,ordakı Reyhan.

Bu köhnə şəkildən baxan özüməm,

Gözüm hey boylanır gözümdən ötrü.

İtərək zamanın döngələrində,

O qədər uzaqda qalmışam, Allah.

Hərdən darıxıram özümdən ötrü.

Günahın kölgəsi

Ay əli baltalı,əlini saxla.

Budaqda qorxudan

Yarpaq büzüşər,

Qırılan ağaclar şikayət eylər,

Günahın kolgəsi üstünə düşər.

Tanrı əfv eləməz günahlarını,

Sabun da əriyər köpüyü üstə,

Sənin də nə vaxtsa kəsilər başın

Kəsdiyin ağacın kötüyü üstə.

Budağa gülümsə,yarpağı dindir,

İnandır ağacı insanlığına.

Get, əli baltalı uzaqlaş burdan.

Yeri, əlindəki baltanı sındır.

Ay əli baltalı,əlini saxla.

Dünya bir tacirdir səni də satar.

Bəlkə də tanrıya insanın deyil,

Ağacın yarpağın duası çatar.

Bu gün əlindədir, öyünmə belə,

Qor sönən ocağın külündə olar.

Sabah, güvəndiyin iti baltanın,

Sapı başqasının əlində olar.

XS
SM
MD
LG