Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

-

Bu şeirlər "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə keçmək üçün bəs etməyib.

Pərvanə Rəhimova

Şəhərimi düşünərkən...

Bu şəhərdə hüzn çoxdur!

Göz yaşından şərab süzüb

əsarətə kölə olmuş kədərinin sağlığına,

içən çoxdur!

Meqapolis tənhalığı,

çarəsizlik tablosu,

nə istəsən adlandır.

İstəsən,

monoton həyat tərzi,

ağlayan sərxoşlar şəhəri,

dəvəsi ölmüş ərəb de.

Amma bilirsən,əziz dost?!

Məncə,

sən görməlisən ki əslində

bu şəhər

büzüşüb soyuq çarpayıda

hay verməyəcəyin bilə-bilə,

anasını çağıran

yetim körpələr evidir!

Burda

şefinin qorxusundan

gülüşünü qutuya qoyub

niyə sualını necəyə dəyişən

göstəbəklər çoxdur!

Bəzən də bu şəhər

kor, lal dilənçiyə

qoluzorlu dəyənəklinin

“məndən qorxursan?” sualına

sükutla möhürlənmiş nifrətidir!

Fəryadlara qapanmış kar qulaqlar

bəlkə eşitsin deyə,

Bəlkələrin səsi

Allaha yetsin deyə,

intihar hörüyülə boğazına

sığal çəkən çoxdur..! Lap çox!...

Bilirsən?!

Doğruları yalana satan vicdanı itənlərin,

yala hürən köpəklərin

xaltasıdır bu şəhər!

Ərinə xoş getmək üçün

bətnindəki qız dölünü abort stoluna çıxarıb

tikələyən,

sonra ona “istədiyin oldu”

müjdəsini verən

ismətsizlərin “savabı”dır bu şəhər!

Mənimçün bu şəhər

rüzgarın sahilə‒ölümə tərk etdiyi

çırpınan ümidimdir!

Bu şəhərdə dözüm ölümün əkizidir.

Lap əvvəldən...

Ömrü boyu susaraq,

zülmün qibləsində

ədaləti qurban kəsən başkəsənlər,

daş əkənlər çoxdur! Lap çox!

Daha bəsdir, çarəsiz dost!

Yalvarıb

Tanrıya dilənmə, sürünmə!

Görmürsənmi bu şəhərə göylərdən də

çözüm yoxdur?!

Biganəlik toxumu səpilib vicdan sahələrinə!

Axtarma...!

Azad olan heç nə yoxdur!

Ağ köpüklü, tünd qəhvəlik görüş…

Yağışlı bir gündə qaçıb

Ümidlərimizi əzən

Məişət işindən, monoton həyat yükündən,

Bir fincan qəhvə içəkmi?!

Gecəni ilmələyir qürub çağı,

Sən tək uzaqdı sübh günəşi...

Mənsə yuxusuz, yorğun,

Doğuşunu‒günəşimi gözləyirəm!

Gözlərim ulduza baxsın deyə,

Yuxularımda gözlərinə bir ovuc

Ulduz çiləyirəm!

İstəsən heç tutma əllərimdən.

Toxunmasın lap baxışın dodağıma!

Amma səssizcə,

Köpüklü tünd qəhvə içəkmi?!

Yorğun səslə dindir məni.

Gileylənib həyat səhnəsindəki rolundan,

Şefinin kaprizlərindən,

Yorucu günündən danış.

Dinlərəm...!

Susaram...!

Təki bir yağışlıq görüşə sevindir məni.

Gözümdən səssiz axan damlalar,

Sığallasın dən düşmüş telini.

Bilirsən ,əzizim,

Köpüklü fincana zillənmiş yorğun,

Solğun baxışların tək

Bu qış bir az sərt idi.

Bilirəm,

Alnındakı qırışlarınadək

Həyatında hər şey tərsdir.

İstəsən susaram bir ömürlük.

Toz dumanını qucaqlayan

Yay yağışı kimi

Ruhuna yağıb

Arınmaq istəyirəm səndə!

Nə deyirsən?!

Tələsəkmi,

Ağ köpüklü,

Tünd qəhvəlik görüşə?!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG