Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:58

-

Prezident İlham Əliyev Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək.

Bunu AZƏRTAC-a prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Əli Həsənov deyib ki, birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığı və mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, İlham Əliyevin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də, dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.

Prezidentin köməkçisi bildirib ki, Riqa sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

Riqa sammiti mayın 21-22-də keçiriləcək.

Politoloq Ərəstun Oruclu AzadlıqRadiosuna deyib ki, bu qərarın Avropa Oyunları ilə əlaqəsi yoxdur, görünür, İlham Əliyev Rusiyanın təzyiqindən yayınmaq üçün Riqa sammitinə qatılmayacaq.

«Vladimir Putin Riqa sammitini Rusiyaya qarşı tədbir kimi qiymətləndirmişdi. İlham Əliyev də buna görə getməməyə qərar verib yəqin. Hər halda sammit ərəfəsində Rusiya Təhlükəsizlik Şurasının sədrinin Azərbaycana gəlməsi də təsadüfi deyildi» -politoloq bildirib.

İMTİNANIN SƏBƏBİ MƏLUM OLUB

apa bildirir ki, prezident Əliyevin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı «qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin anti-Azərbaycan fəaliyyəti»nə reaksiyadır.

Avropa Parlamenti

Avropa Parlamenti

Agentlik bu məlumatı diplomatik mənbələrdən əldə etdiyini yazır.

Həmin məlumatda deyilir ki, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Birliyinin Azərbaycandakı ofisinin rəhbəri Malena Mard-ı dəvət edərək, Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə etirazını bildirib.

«O, M.Mard-dan mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulmuş dinləmələrin dayandırılmasını tələb edib. Avropa Birliyinin nümayəndəsinə çatdırılıb ki, tədbir dayandırılmayacağı təqdirdə, Azərbaycan prezidentinin Riqa sammitində iştirakı sual altına düşəcək».

Diplomatik mənbələr onu da qeyd edir ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir:

«Azərbaycan hakimiyyəti, 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, birinci Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa sammitində iştirakdan imtina edib», - apa yazır.

İş qrafiki bəhanədir

Politoloq Hikmət Hacızadə deyir ki, prezidentin Avropa Oyunları ilə bağlı qrafikinin sıxlaşması və buna görə Riqaya getməməsi haqda deyilən ağlabatan deyil: “Sammit iki gün çəkəcək. Bu ciddi arqument deyil. Bəhanədir”.

Hikmət Hacızadə hesab edir ki, İlham Əliyevin qərarına Rusiya amili və Qərbin son tənqidləri təsir göstərə bilərdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, bu qərarın bir neçə səbəbi ola bilər. “Ancaq bir məqama diqqət yetirək. Onsuz da Azərbaycan Avropa İttifaqı ilə assosiativ anlaşma imzalamayacaq. Riqa sammiti Azərbaycan üçün formal xarakter daşıyacaqdı. Azərbaycan Aİ ilə strateji sənəd imzalamağı təklif edib. Amma qurumun Bakıdakı nümayəndəliyinin verdiyi son açıqlamalardan belə başa düşdüm ki, hal-hazırda heç bu saziş üzərində də iş getmir. Əməkdaşlıqda bir durğunluq əmələ gəlib. Səfər formal xarakter daşıyacağı üçün dövlət başçısının Riqaya getməsi əhəmiyyətini itirib”.

Hərçənd Elxan Şahinoğlu deyir ki, səfərin təxirə salınması Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı sualların sayını artıra bilər: “Bu da Azərbaycan üçün yolverilməzdir. Moskva Bakı ilə Avropa İttifaqı arasında problem yarandığını görərsə, Rusiyanın iştahı arta bilər. Rusiyadan təzyiqlər arta bilər. Halbuki Bakı Avropa ilə əməkdaşlığa ehtiyac duyur. Azərbaycan Avropaya qaz kəmərləri çəkir, bunda Aİ də maraqlıdır. Riqaya getməməksə yanlış təsəvvürləri artıra bilərdi”.

Günün bütün mövzuları

XS
SM
MD
LG