Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:35

-

"Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Bələdiyyələrlə İş üzrə Mərkəzə, İcra Hakimiyyətinə - hara üz tuturamsa deyirlər, get ipotekayla ev götür. Bunlara ipotekayla ev götürmək asan gəlir. Başa sala bilmirəm ki, ipotekayla ev götürmək üçün azı 1000 manat aylıq gəlirin olmalıdır, iş yerin olmalıdır, ilkin ödəniş üçün pulun olmalıdır, bundan başqa, banka "şapka" verməlisən..."

Zərqələm Alıyeva 30 ildir ki, Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış Körpələr Evi-Uşaq Bağçasında müəllimə işləyir. Təkbaşına böyütdüyü iki övladı ilə azı 25 ildir ki, kirayələrdə yaşayır. Dövlətdən istədiyi bir parça torpaqdır ki, deyir, illərdir döymədiyi qapı qalmayıb:

BANKLARIN KREDİTLƏRİ, KİRAYƏPULLARI, ŞƏXSİ BORCLAR...

"Yoldaşım 21 il əvvəl dünyasını dəyişib. İki övladımı təkbaşına böyütmüşəm. Uzun illərdir ki, kirayədə qalırıq. Övladlarım işləmir, özlərinə iş tapmırlar. Oğlumun biri ailə qurub, o da ailəsiylə bizimlə birlikdə bir otaqlı evdə qalmağa məcburdur. Maddi durumumuz ağır olduğundan aylardır ki, kirayəpulunu ödəyə bilmirik. İki dəfə cərrahiyyə əməliyyatı keçirmişəm, ciyərlərimdə problem var. İş o yerə çatıb ki, əməliyyata, dərmana, hətta kirayəpuluya görə banklardan kredit götürməli olmuşuq".

Zərqələm Alıyevanın sözlərinə görə, bankların kreditlərini ödəmək üçün hətta iş yoldaşlarından da pul götürüb. İndi borclar qalaq-qalaq yığılıb. Bilmir ki, hansını ödəsin:

"Bankların kreditləri, evin yığılmış kirayəpulları, şəxsi borclar... İntihar həddinə çatmışam. Maaşım 250 manatdır. Onun da 50 manatını çıxırlar, qalır 200 manat. Bu məbləğ heç bir dərdin dərmanı deyil. Getmədiyim, döymədiyim qapı qalmayıb. Getdim Bələdiyyələrlə İş üzrə Mərkəzə müraciət etdim, Dərdimi bir əməkdaşına dedim. Yalvardım ki, heç olmasa ikicə sot torpaq ayırsınlar, bir otaq tikib yığışım içərisinə. Bilim ki, başımın üstündə tavan var, özümündür, kirayəpulu ödəməyəcəm. Məni dinlədi, həmin vaxt dəhlizdə Mərkəzin direktorunun müavini ilə qasrşılaşdıq. Həmin əməkdaş mənimlə birlikdə müavinin dalıyca getdik. Əməkdaş müavinə dedi ki, bu xanım torpaq istəyir. Müavin də elə bilmişdi iş adamıyam. Soruşdu ki, neçə hektar? Əməkdaş dedi, ev tikmək üçün 2 sot. Müavin cavab verdi ki, yoxdur".

"DEDİ, YAP SİZƏ KÖMƏK EDƏCƏK, AMMA..."

Zərqələm Alıyeva Yeni Azərbaycan partiyasının üzvüdür. Deyir, Prezident Administrasiyasına gedərək vəzifəlilərdən birinin qəbuluna düşüb. Həmin vəzifəli də ona yardım olunacağını vəd edib:

"Dedi, necə yəni, siz YAP-ın üzvüsünüz, mütləq yardım olunmalıdır. YAP kömək etməlidir axı sizə. Arxayın olun, torpaq da veriləcək, hələ üstəlik sizə ünvanlı sosial yardım da düzələcək".

Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qanunla bələdiyyələr tərəfindən hərrac yolu ilə həyata keçirilir. Zərqələm Alıyevanın müraciət etdiyi Rəsulzadə qəsəbəsinin bələdiyyəsindən isə bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılmasının müvəqqəti dayandırıldığı deyilib.

Ancaq bu cavab Zərqələm Alıyevanı qane etmir. O, hesab edir ki, neftdən gələn gəlirdən bir vətəndaş olaraq ona da pay düşür:

"Heç nə istəmirəm ki... bir parça torpaq istəyirəm. Axı dövlətdən başqa istəyəcəyim yoxdur. Mən də bu ölkənin vətəndaşıyam, övladlarımı başıma toplayıb qalan ömrümü kirayələrdən azad yaşamaq istəyirəm. Yəni buna da haqqımız çatmır?"

Zərqələm Alıyeva tezliklə suallarını cavablandıracaq qurumun tapılacağına və probleminin müsbət həllinə ümid edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG