Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:07

Riqada «Şərq tərəfdaşlığı» sammiti öncəsi Bakı tənqidlərlə üzləşdi


Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Latviya mayın 21-22-də Riqada «Şərq tərəfdaşlığı» (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirir.

Müşavirədə Aİ-nin 28 ölkəsinin və altı «Şərq Tərəfdaşlığı» dövlətinin təmsilçiləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi iştirak edirlər.

Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» layihəsi 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarusa təqdim olunub. Layihə Avropa İttifaqının bu altı keçmiş SSRİ ölkəsi ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlib.

Canlı bloqun postları ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Bloqunda sonunda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

01:36 21.5.2015

Prezidentin iş qrafiki bəhanədir

Politoloq Hikmət Hacızadə deyir ki, prezident İlaham Əliyevin Avropa Oyunları ilə bağlı qrafikinin sıxlaşması və buna görə Riqaya getməməsi haqda deyilən ağlabatan deyil: «Sammit iki gün çəkəcək. Bu, ciddi arqument deyil. Bəhanədir».

Hikmət Hacızadə hesab edir ki, İlham Əliyevin qərarına Rusiya amili və Qərbin son tənqidləri təsir göstərə bilərdi.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, bu qərarın bir neçə səbəbi ola bilər: «Ancaq bir məqama diqqət yetirək. Onsuz da Azərbaycan Avropa İttifaqı ilə assosiativ anlaşma imzalamayacaq. Riqa sammiti Azərbaycan üçün formal xarakter daşıyacaqdı. Azərbaycan Aİ ilə strateji sənəd imzalamağı təklif edib. Amma qurumun Bakıdakı nümayəndəliyinin verdiyi son açıqlamalardan belə başa düşdüm ki, hal-hazırda heç bu saziş üzərində də iş getmir. Əməkdaşlıqda bir durğunluq əmələ gəlib. Səfər formal xarakter daşıyacağı üçün dövlət başçısının Riqaya getməsi əhəmiyyətini itirib».

Hərçənd Elxan Şahinoğlu deyir ki, səfərin təxirə salınması Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı sualların sayını artıra bilər: «Bu da Azərbaycan üçün yolverilməzdir. Moskva Bakı ilə Avropa İttifaqı arasında problem yarandığını görərsə, Rusiyanın iştahı arta bilər. Rusiyadan təzyiqlər arta bilər. Halbuki Bakı Avropa ilə əməkdaşlığa ehtiyac duyur. Azərbaycan Avropaya qaz kəmərləri çəkir, bunda Aİ də maraqlıdır. Riqaya getməməksə yanlış təsəvvürləri artıra bilərdi».

18:56 20.5.2015
Ales Bialiatski

Ales Bialiatski

«Azərbaycanda vəziyyət Amerika dağları kimidir»

«Əvvəllər Belarus prezidenti Alexander Lukashenko Avropanın sonuncu diktatoru idi, indi İlham Əliyev onu qabaqlayır».

Bunu Riqada Vətəndaş Cəmiyyəti Forumunda çıxışı zamanı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski deyib.

Bialiatski daha sonra AzadlıqRadiosuna müsahibəsində deyib ki, Belarusda insan haqları ilə bağlı vəziyyət sabit olaraq pisdirsə, Azərbaycanda bu, getdikcə pisləşir:

«Hər iki ölkədə insan haqlarının vəziyyəti kütləvi şəkildə pozulur, vətəndaş cəmiyyətinə, jurnalistlərə güclü təzyiq edilir. Bu iki ölkə arasında paralellər çox aydındır. Bizdə vəziyyət sabit olaraq pisdir, Azərbaycanda isə vəziyyət Amerika dağları kimidir - Avropa Şurasına daxil olduqdan sonra nisbətən yaxşı idi, amma son prezident seçkisindən sonra, təəssüf ki, vəziyyət kəskin şəkildə pisləşdi».

Bialiatski deyib ki, Qərb Azərbaycana ikili standartlar tətbiq edir- İlham Əliyevin Riqa sammitində iştirak etmək imkanı olsa da, Lukashenko Avropaya buraxılmır, onu qəbul etmirlər:

«Bu, açıq siyasi siqnaldır ki, o öz ölkəsində belə davranmamalıdır və Avropa ölkəsində müsbətə doğru dəyişiklik baş verməlidir».

16:46 20.5.2015
İlham Əliyev

İlham Əliyev

İlham Əliyev Riqa sammitinə getmir

apa bildirir ki, prezident Əliyevin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı «qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin anti-Azərbaycan fəaliyyəti»nə reaksiyadır. Ətraflı burada

15:42 20.5.2015
Nils Muižnieks

Nils Muižnieks

«Bu il daha ağır olacaq»

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks 2014-cü ili Azərbaycanda medianın durumu baxımından ağır il kimi qiymətləndirib:

«2015-də vəziyyətin daha ağır olacağı gözlənilir. Ən həyəcandoğuran vəziyyətdə olan ölkələrdən biri Azərbaycandır. Burada çoxsaylı jurnalist və bloggerlər həbsdədir. Mənim əməkdaşlıq etdiyim şəxslərin, az qala, hamısı dəmir barmaqlıqlar arasındadır».

Nils Muižnieks həbsdə olan jurnalistlərə qarşı irəli sürülən ittihamlardan danışıb:

«Həbsdə olanlardan biri də Hilal Məmmədovdur. Ona qarşı absurd ittiham irəli sürülüb. Həm narkotik saxlama, həm də casusluq, dövlətə xəyanətdə ittiham olunur. Mən onula görüşəndə, o özü də nəyə görə həbs olunduğunu belə anlaya bilmirdi. Hilal Məməmmədov deyirdi ki, mən eyni zamanda həm narkotik ticarətçisi, həm də casus necə ola bilərəm? Mən bu problemi hakimiyyət qarşısında qaldırsam da, heç bir nəticəsi olmamışdı».

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG