Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:52

«Sərhədsiz Reportyorlar» polisin jurnalistlərin piketini dağıtmasından təəccüblənib


Fransada yerləşən «Sərhədsiz Reportyorlar» Təşkilatı noyabrın 7-də Azərbaycanda bir qrup jurnalistin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında keçirmək istədiyi piketi polisin dağıtmasından təəccübləndiyini bildirib. Təşkilatın elə piketin keçirildiyi gün axşam yayılan bəyanatında bildirilir ki, jurnalistlər öz yerindən çıxarılmaq təhlükəsi ilə üzləşmiş «Azadlıq» qəzetinə dəstək nümayiş etdirmək istəyiblər. «Polisin hərəkəti göstərir ki, Azərbaycan hakimiyyəti «Azadlıq»ın öz yerindən çıxarılması əməliyyatını səssiz-səmirsiz həyata keçirmək istəyir, ancaq biz bütün diqqəti bu qəzetin başının üstünü almış təhlükəyə yönəltməkdə davam edəcəyik» - deyə bəyanatda bildirilir.


Bakı Şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi bu piketi qarşısını alarkən polis bir neçə jurnalisti, o cümlədən bir neçə qəzet redaktorunu qısa müddətdə saxlamışdı.


«Sərhədsiz Reportyorlar» təşkilatı hesab edir ki, bina ilə bağlı «Azadlıq» qəzeti ilə hakimiyyət orqanlarının dialoqu baş tutmayacaq: «Qəzet hakimiyyət orqanları ilə razılığa gəlmək istəyini bir neçə dəfə ifadə etsə də, cavab almayıb. Hakimiyyət orqanlarının güzəştsiz mövqeyindən belə aydın olur ki, sadəcə olaraq qəzetin çapını dayandırmaq istəyirlər».


«Azadlıq» qəzetinin redaksiya binasında daha bir neçə ictimai təşkilat, həmçinin «Turan» İnformasiya Agentliyi və AXCP də yerləşir. Bu partiyanın da daxil olduğu «Azadlıq» siyasi bloku 6 fəalının qəzetə dəstək üçün oktyabrın 30-dan başlanan aclıq aksiyası da davam edir. Qəzetin baş redaktoru Qənimət Zahidov bildirir ki, noyabrın 9-da aclıq aksiyasına bir qrup qəzet redaktoru da qoşulacaq.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetindən yerləşdiyi binadan çıxmağı və ödəmədiyi 30 min manat icarə haqqını oktyabrın 13-dən tələb edir. Komitə hesab edir ki, redaksiya 1992-ci ildən binanı qanunsuz zəbt edib. «Azadlıq» qəzeti isə bildirir ki, «Xaqani 33» ünvanında yerləşən binanı redaksiyaya 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti sərəncamla verib. Bu mübahisə noyabrın 14-də 1 saylı İqtisad Məhkəməsində araşdırılacaq.


XS
SM
MD
LG