Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35

-

Bu şeir "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə düşmək üçün bəs etməyib.

Gülnar Quliyeva

QIRMIZI

Uşaq olmaq istəyirəm,

Qəzzanın küçələrində

Qan qırmızısı ayaqqabılarımla qaçmaq.

Uşaqlığımdan boylanmaq,

Güllə səslərinin laylasına yatan körpəliyimə,

Şərq damğası daşıyan gələcəyimin izləri ilə....

Anamın gülüşünü gizlədən,

Atamın səfalətdən hayqıran baxışlarını susduran atəş səslərinə dur demək!

Döyüş əmri verən komandanların çiyinlərindən

Rəngarəng kəpənəklər uçurmaq

Göy üzünə...

Fələstində ölən hər uşaq adına,

Müharibəni görmək istəyirəm,

Vicdanımın gözləri ilə...

Uşaq olmaq istəyirəm,

Moqadişunun viran olmuş sahillərində,

Məsum bir qız uşağı...

Ətəkləri yerlərdə sürünən,

Günəşin qapqara etdiyi dərimin altından görünən sümüklərimlə,

Bir dünya çirkabı daşımaq, məsələn,

Çiyinlərimdə...

Qız olmadan qadın olmaq istəyirəm,

Qadın doğulmaq, bəlkə də...

Kəsilib atılan qadınlığımı "çeynəyərək"...

Uşaq olmaq istəyirəm,

Minlərlə Özgəcandan biri, məsələn...

Al qırmızı ayaqqabılarla qaçmaq istəyirəm cənnətə...

Qırmızını sadəcə qan rəngində görmədən!

Atamın uşaqlıqdan bəri ala bilmədiyi,

Vitrində gördüyüm uşaqlıq arzum kimi,

Bütün qırmızıların sadəcə ayaqqabı rəngi olmasını diləyərək...

Minlərlə, milyonlarla dəfə dünyaya səslənmək,

Uşaqlığını, qızlığını və qadınlığını itirən bütün qadınlar adına:

Qırmızının tək çaları Azadlıq olsun deyə...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG