Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Murad Tağızadənin 20-liyə düşməyən şeiri


-

Bu şeir "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə düşmək üçün bəs etməyib.

Murad Tağızadə

SABAHIN XEYİR, KRAL!

Azərbaycanlıyam mən,

Qarşımda var vəzifəm:

Söhbət açım bu diyardan,

Tanısın dünya-aləm.

Söhbət açım tariximin qədimliyindən,

Azıxantrop nənəmin

alt çənə sümüyündən,

Dişləri arasında qalan

dolmanın qalığından.

Söhbət açım Lullubidən, Turukkidən,

Arattadan,

Mannadan.

İlk ümummilli liderimiz İranzu atadan,

Nekrofetişizmin banisi Tomris anadan.

Söhbət açım igidlərdən,

Babəklərdən, Cavanşirlərdən.

Bir zərbəylə ayı ikinci dəfə

iki parça eyləyən,

Karvan basmayan öndər,

Asta qaçmayan ərən

Şah İsmayıl Xətaidən.

Söhbət açım bığlarını yağlayıb

Yeddi qazan plov yeyən,

Yeddi tuluq çaxır içən,

Qıllı qarınquludan,

İlk qanuni oğrudan,

Vətəndaş Koroğludan.

Söhbət açım idmanımdan,

Milli oyun çovqanımdan.

Əynimə kreditlə aldığım tumanımdan.

Dəli!

Birdə - ənzəli hay ənzəli.

İkidə - xan əkbəri

Üçdə - xoruz banladı: qu-qulu-qu!

Dörddə - dalına bir təpik...

Hər yağışdan sonra meydanlarda bitən bayraq kimi

Artıb çoxalan Olimpiya Komplekslərindən.

Söhbət açım analoqu olmayan,

unikal mətbəximdən,

Milli çörək lavaşdan,

Milli yemək bozbaşdan,

Bastırmamdan, pitimdən,

Tikə kababdan, xaşdan.

- Dolma?

Onu artıq yazmışam.

Söhbət açım zırıldayan zurnamdan,

Laqqıldayan, çaqqıldayan meyxanamdan,

Dınqıldayan sazımdan.

Nasayla kosmosa uçan,

Rastımdan, şurumdan, bayatı-şirazımdan.

Saçın ucun hörməzlər,

Gülü sulu dərməzlər,

Bu sevda nə sevdadır

Səni mənə verməzlər.

Neynim aman aman

deməyəcəm.

Ya mənim olacaqsan,

Ya da qara torpağın.

Söhbət açım iqtisadi inkişafın

Analoqu olmayan modelindən.

(Qoy Fridman utansın!

Pol Samuelson utansın!)

Iqtisadi inkişaf tempinin

3-cü kosmik sürəti keçməsindən.

Buna görə belə bir deyim var:

"Bəlkə, bir az yavaşlayaq?

Sürət həddini aşmayaq."

Söhbət açım Yanardağdan,

Gah Şahdağdan, gah Tufandağdan.

Axşamüstü Atəşgahdan

Alovlansın məşəlimiz,

Düşsün yerə alt çənəniz.

Dünyaya söz açım mən,

Analoqu olmayan yayımdan, yazımdan,

Qışımdan, payızımdan.

Mavi Xəzərimdən, dəli Kürümdən,

Yaralı Arazımdan.

Araz axar su ilə,

Dəstə-dəstə gül ilə

Mən yarımı sevirəm

Şirin-şirin dil ilə.

Söhbət açım həccə gedən tülkümüzdən,

Qırx küp, qırxı da qulpu qırıq küpümüzdən.

Təhsil alıb ağ günə çıxan

Kürkü yırtıq kirpimizdən.

Deyim ki, bizimdir, bizimdir.

Viktoriya və albertdəki

Şeyx Səfi xalçası bizimdir.

Mendeleyevin “-ev”i də bizimdir,

Lomonosovun “-ov”u da bizimdir.

Keçəlin keçəli də bizimdir,

Kosanın it quyruğuna bənzər

saqqalı da bizimdir.

Yallı da bizimdir.

Buta da bizimdir.

İlk milli yazıçımız Zərdüştün

yazdığı Avesta da bizimdir.

Ən gözəl, ən dadlı yumurta da bizimdir.

- Özü də ucuzdur. Cəmi 15 qəpik.

Deyim ki, bizdədir, bizdədir

Dünyanın ən gözəl qızları,

Ən qeyrətli oğulları,

Qonaqpərvər insanları

bizdədir.

Dünyada ən zəngin maddi-mədəni irs,

Yer kürəsində ofriz,

Ən yaxşı geo-siyasi mövqe,

On üç iqlim qurşağının on beşi,

Yalnız və yalnız bizdədir.

Ən gözəl milli bayramlar:

İflyasiyanın birrəqəmli olması bayramı,

Qiymətlərin qalxmaması bayramı

bizdədir.

Şap elə bilir şupdadır, şup elə bilir bizdədir.

Nə olsun alimimiz yoxdur?

Alimimiz ki var.

Nə olsun nobelimiz yoxdur?

Nobeli ki biz Nobel eləmişik.

- Ə, gopa basma! Landau.

Nə olsun mesenatımız yoxdur?

Mesenat özü ki türk olub.

Axı Amerika nə ilə öyünür?

Aya ayaq açmasıyla?

Tusi Kolumbun müəlliminə müəllimlik etməsəydi,

Amerikanın izi-tozu da olmazdı.

Axı İngiltərə nə ilə öyünür?

Futbolu vətəni olması ilə?

Bəhramov olmasaydı, idman geyimlərinin tək ulduzu da olmazdı.

Axı Fransa nə ilə öyünür?

Volteri, Didrosu, Russosu ilə?

Onlar Molla Pənahın dırnağının tozu da olmazdı.

Taxtına çıxmanam, taxtın ucadır

Qoynuna girmənəm, yarı gecədir

Deməginən “Molla Pənah qocadır”

Səni tamam yesəm, doymanam, gəlin!

Dünya məni dinləsin,

“Diqqət, diqqət!” deyirəm.

Azərbaycan deyəndə.

İnsan ləyaqətinə hörmət,

Humanizm deyirəm,

Azərbaycan deyəndə.

Ermənilərə söyüş, nifrət,

Patriotizm deyirəm

Azərbaycan deyəndə.

Mən krala məhəbbət,

- Sabahın xeyir, kral!

Royalizm deyirəm,

Azərbaycan deyəndə.

Qafqazın ən güclü ordusu,

Militarizm deyirəm,

Azərbaycan deyəndə.

Heydər Əliyev Fondu,

Filantropizm deyirəm.

- Mehribanım mehriban, gəl oyna, gül oyna.

Gözəl oğlan, gözəl qız, sən oyna.

Xalqlara mədəni hüquq

Multikultii..

Ə, necəydi o söz?

- Multikulturalizm.

Hə, multikulturalizm deyirəm

Azərbaycan deyəndə.

YAP, AXCP, Musavat,

Siyasi pluralizm deyirəm

Azərbaycan deyəndə.

- YAP bir başqadır amma, döyünən ürəkdir YAP.

Əməlləri günəş kimi təmizdir,

Məhəbbətin qəlbimizdə dənizdir.

Adın bizə canımızdan əzizdir.

Şöhrətimiz, qüdrətimiz partiya!

Şanlı, böyük, doğma, əziz partiya!

Azərbaycan deyəndə.

Makiavellizm deyirəm

- O nə deməkdir? Yaxşı sözdür? Sənə görə deyirəm ha.

Hal əhlinə həmişə bu ölkə qəfəs imiş

Səni dərhal həbs etməyə bir bəhanə bəs imiş.

Son sözü ağsaqqala verərlər,

Aldı sazı əlinə, görək nə dedi:

Dostum: “məndən demək!” – dedin,

Sözü adama deyərlər.

Söz qanmayan sözmü qanar?

Əzvaylara, cahillərə söz söyləməkdən nə çıxar.

Beləsinə söz deməyin məgər bir mənası vardır?

Dedim hər nəyim vardır,

Deyilən söz yadigardır.

P.S. Tanrı özü də azərbaycanlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG