Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:42

Kreditlər barədə qərar qətidir və dəyişdirilə bilməz


Azerbaijan -- manat and US dollars, 2 May 2009

Azerbaijan -- manat and US dollars, 2 May 2009

Söhbət mayın 15-də Konstitutsiya Məhkəməsinin kreditlərlə bağlı qərarından gedir. Həmin qərarın qısa izahı belədir ki, dollarla götürülən kreditlər yeni məzənnə ilə qaytarılmalıdır.

“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə bilməz”.

Söhbət mayın 15-də Konstitutsiya Məhkəməsinin kreditlərlə bağlı qərarından gedir. Həmin qərarın qısa izahı belədir ki, dollarla götürülən kreditlər yeni məzənnə ilə qaytarılmalıdır.

ƏHALİNİN HESABINA BANKLARI XİLAS ETDİLƏR…

İqtisadçı Samir Əliyev düşünür ki, Konstitutsiya Məhkəməsi bu qərarı ilə əhalinin hesabına bankları xilas etdi:

“Məqsəd hazırda təhlükədə olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhali üçün indikindən dəfələrlə çox olardı. Ancaq bank sektorunun problemi bununla həll olunmayacaq. Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək”.

Samir Əliyevin fikrincə, Mərkəzi Bankın timsalında hökumət dəstək verməsə, yerli bankların vəziyyəti daha da ağır olacaq.

KONSTİTUSİYA MƏHKƏMƏSİ KREDİT MÜBAHİSƏSİNƏ NÖQTƏ QOYDU…

Bu il fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat 33,5 faiz ucuzlaşıb. Bundan sonra dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə geri qaytarılması problemi gündəmə gəlib.

Bundan sonra ombudsman Elmira Süleymanova və Göyçay rayon Məhkəməsi, Mülki Məcəllənin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib.

Hüquqşünaslar Mülki Məcəllənin sözügedən maddəsinin bəndlərinin qısa izahı haqda bildirirlər ki, mülki məcəllədə və müqavilədə başqa bir hal nəzərdə tutulmayıbsa, götürülən kredit müqavilənin bağlanıldığı günə olan məzənnə ilə ödənilməldir. Banklar isə kreditin hansı valyuta ilə götürülübsə, həmin valyutada qaytarılmalı olduğunu bildirirdilər.

Mayın 7-də Konstitusiya Məhkəməsi bu fikir ayrıseçkiliyinə son vermək üçün işə baxıb. Məhz Konstitusiya məhkəməsinin qərarından sonra 21 fevral 2015-ci ilə qədər 1 dolların 0.78 manat olduğu vaxt götürülən kreditlərin köhnə ya təzə (1.05 AZN) məzənnə ilə ödəniləcəyi sualına cavab tapılacaqdı.

BU SIRF SİYASİ BİR QƏRARDIR…

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Konstitusiya Məhkəməsinin bankların xeyrinə çıxardığı bu qərarın heç bir hüquqi əsası yoxdur:

“Konstitusiya məhkəməsində proses zamanı hüquqi rəy bildirən bütün hüquqşünasların fikri kənara atılıb, Milli Bankın iqtisadçı ekspertinin fikirləri qərara çevrilib. Bununla da qalmayıb, Konstitusiya məhkəməsi Konstitusiyanın 130-cu maddəsində Ona verilmiş səlahiyyətləri aşaraq banklara tövsiyə edib. Bununla da, əslində verilən qərarın hüquqi yox, iqtisadi və sosial qayğılardan doğduğunu bəlkə bilərəkdən, bəlkə də bilməyərəkdən sübut etmiş olub”.

Konstitusiya məhkəməsi əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq icrasını tövsiyə edib.

“TÖVSİYƏ DƏ ƏSLİNDƏ BANKLARIN XEYRİNƏDİR”

Mərkəzi Bank sədri Elman Rüstəmov hələ mart ayında bu güzəştlərdən danışmışdı. Bildirmişdi ki, kredit hansı valyuta ilə verilibsə, həmin valyuta ilə də qaytarılmalıdır. Amma banklar da vətəndaşlara güzəşt etməlidir. Ya faizləri aşağı salmalı, ya da kredit müddətini uzaltmalıdır.

Bakı sakini Nadir Ağaverdiyev bir qədər əvvəl 15 min dollar kredit götürüb, avtomobil alıb. Əvvəllər buna görə ayda 410 manat ödəyirdi. Manatın devalvasiyasından sonra aylıq ödənişinin məbləği 555 manata qalxıb. Bankdan ona kömək kimi təklif ediblər ki, kredit müddətini 16 aydan 25 aya qədər artırsa, yenə aya 410 manat ödəyə bilər. Amma bu təklif ona sərf etməyib deyə, qəbul etməyib:

“410 manatdan 25 ay ödəyə bilərdim. Amma bu zaman da üstünə əlavə faiz gəlirdi deyə, itirdiyim daha çox olurdu. Elə bil manatın, uzuclaşmasından itirdiyimdən əlavə bir də üstünə hər aya görə faiz gəlirdi. Ona görə də məcbur olub elə 555 manatdan ödəməli oluram”.

“ZƏRƏR DÖVLƏT, BANK VƏ ƏHALİ ARASINDA BÖLÜŞDÜRÜLƏ BİLƏRDİ…”

Dünya bazarında neftin ucuzlaşmasından sonra digər valyutaların məzənnəsi dollara nisbətdə ucuzlaşdı. Özəlliklə, neft istehsal edən və iqtisadiyyatı neftdən asılı olan ölkələrdə ciddi problemlər yaranmağa başladı. İqtisadçı Natiq Cəfərli Rusiya və Qazaxstanın kredit problemini həlli təcrübəsindən danışır:

“Rusiya və Qazaxıstanda dərhal problemli kreditlərlə bağlı komissiyalar quruldu, sivil toplumu, bankları, ekspertləri, hökuməti bir yerə yığaraq çarə axtardılar. Rusiyada konsepsiya budur ki, zərərin üçdə biri dövlət tərəfindən, üçdə biri banklar, üçdə biri də əhali tərəfindən ödəniləcək. Heç olmasa, bu bölüşdürüldü. Ya bankların, ya da təkcə əhalinin üzərində qalmadı. Azərbaycan hökuməti də gec-tez məcbur qalıb prosesə müdaxilə edəcək. Amma nə qədər gec olsa, bir o qədər böyük problemlə üzləşəcəyik”.

Ekspertlər hesab edirlər ki, bu qərarla ölkədəki problemli kreditlərin həcmi daha da artacaq. Mərkəzi Bankın bu ilin 1-ci rübünə olan hesabatına görə, 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunda ödənişi gecikdirilmiş kreditlərin həcmi 1 milyard 213 milyon 300 min manat olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG