Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:15

-

“Konstitusiya Məhkəməsinin gözlənən qərarında bir bənd var. Bu bənd borclulara banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir”. Bunu AzadlıqRadiosuna müsahibəsində bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir. O, Konstitusiya Məhkəməsinin mayın 15-də manatın devalvasiyasından sonra kreditlərin hansı məzənnə ilə qaytarılması haqda verdiyi qərarda vətəndaşların xeyrinə həll ediləcək məqamlar tapıb.

- Əkrəm bəy, qərardan sonra bəzi iqtisadçılar bunu bankların xeyrinə atılmış addım kimi qiymətləndirdi. Uzun illər bank sistemində həm maliyyəçi, həm hüquqşünas kimi çalışan şəxs kimi sizdəmi belə düşünürsüz?

- İlkin təəssürat məndə də beləydi. Ancaq bankdan kredit alan vətəndaşlar üçün çıxış yolu var. Qərar bir neçə bənddən ibarətdi. Onun 6-cı bəndində deyilir: “Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin”.

Çoxları kimi, mən də əvvəlcə bu cümləni tövsiyə kimi başa düşdüm. Ancaq sonra təhlil elədim ki, bu bənd borclulara banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir.

Bu bənd tövsiyə yox, məcburi qayda (hüquq norması) tətbiq edilməsini nəzərdə tutur. Çünki qanunvericilikdə Konstitusiya Məhkəməsinin tövsiyə vermək səlahiyyəti nəzərdə tutulmayıb, qurumun hər bir qərarı hüquq normasıdır. Bundan başqa, 6-cı bəndə “tövsiyə” sözü və onun ünvanlandığı şəxs/orqan təsbit edilməyib. Daha bir arqumentim də budur ki, Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında “məqsədəmüvafiq hesab edilsin” ifadəsi əməl edilməsi məcburi olan mənasında təsbit edilib.

- Siz deyirsiz ki, Konstitusiya Məhkəməsinin qərarı tövsiyə xarakterli deyil və məcburi anlam daşıyır?

- Bəli, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi haqqında Qanunun 63.4-cü və 66.1-ci maddələrinə əsasən, onun qərarı qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, çünki qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Yəni Konstitusiya Məhkəməsinin qərarı məcburi göstərişdir.

“Normativ xarakterli aktlar haqqında” Konstitusiya Qanununun 4.1.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı normativ xarakterli aktdır. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə normativ xarakterli akt – məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.

Deməli, Konstitusiya Məhkəməsinin qərarı sadəcə şərh deyil, hüquq norması müəyyən edən rəsmi sənəddir. Qanunvericilikdə Konstitusiya Məhkəməsinin qərarında kiməsə tövsiyə verə bilməsi nəzərdə tutulmayıb. Buna görə də onun qərarının nəticə hissəsində olan hər müddəanı ən azı məcburi göstəriş, əslində isə həmçinin hüquq norması kimi qəbul etməkdə tam haqlı olarıq. Başqa sözlə, mən elə buradaca nöqtəni qoyub deyə bilərəm ki, 6-cı bənd məcburi göstərişdir, hüquq normasıdır və ona riayət etmək lazımdır.

- Əkrəm bəy, heç olubmu ki Konstitusiya Məhkəməsi hansısa qanunu şərh edib və Milli Məclisə, yaxud müvafiq icra hakimiyyəti orqanlarına tövsiyə verib və bu zaman ortaya ziddiyət çıxıb?

- Əgər Konstitusiya Məhkəməsi qanunvericilikdə nəzərdə tutulmasa belə, qərarında “tövsiyə” sözünü işlədirsə, müvafiq müddəanı məcburi göstəriş, hüquq norması kimi deyil, tövsiyə kimi qəbul edə bilərik. Ancaq Konstitusiya Məhkəməsinin indiyə qədər olan qərarlarında tövsiyə, bir qayda olaraq, Milli Məclisə və ya müvafiq icra hakimiyyəti orqanlarına ona görə edilib ki, qanunvericilikdə boşluq aradan qaldırılsın. Yəni Konstitusiya Məhkəməsi etiraf edib ki, qanunvericilkdə problem var və aidiyyəti üzrə müraciət edib ki, lazımi düzəlişlər aparılsın.

Hazırda müzakirə etdiyimiz 6-cı bənddə isə nəinki Milli Məclisə və ya müvafiq icra hakimiyyətinə müraciət edilmir, həmçinin, ümumiyyətlə, “tövsiyə” sözündən istifadə olumur. Başqa sözlə, 6-cı bənd konkret şəxsə və ya dövlət orqanına müraciət deyil. Onu hətta bütün xalqa müraciət kimi də qəbul etsək, bənddə “tövsiyə” sözü yoxdur. Deməli, sözügedən bənd dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş məcburi davranış qaydası, yəni hüquq normasıdır.

Yeri gəlmişkən, bu bənd tövsiyə olsaydı, “Əhalinin maraqlarını nəzərə alaraq” və ”bankların maliyyə imkanlarından asılı olaraq” kimi şərtlərə ehtiyac olmazdı. Hüquq elminin dili ilə desək, burada nəinki dispozisiya, həmçinin hipoteza da təsbit olunub. Yəni əməlli-başlı hüquq normasıdır. Digər arqument isə ondan ibarətdir ki, bu bənd Konstitusiya Məhkəməsinin əhaliyə xoş arzusu olsaydı, yalnız xarici valyutada olan kreditlər vurğulanmazdı. Məgər manatla götürülən kreditlər üzrə əhalinin problemləri yoxdur? Konstitusiya Məhkəməsi hüquq norması müəyyən etmirsə, niyə ayrı-seçkilik salır və manat kreditləri üzrə də xoş arzularını millətə elan etmir? Deməli, söhbət məhz hüquq normasından gedir.

- Ancaq qərarın 6-cı bəndində “məcburdur” sözü yox, “məqsədəmüvafiq hesab edilsin” ifadəsi işlədilib. Siz bunu hansı arqumentlərlə əsaslandırırsız ki, biz bu ifadəni “məcburiyyət” kimi anlayaq?

- Çox sadə yolla bunu sübut edə bilərəm.Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarına baxaq. “Məqsədəmüvafiq hesab edilsin” bu və ya digər formada Konstitusiya Məhkəməsinin indiyə qədər olan 3 qərarında istifadə edilib: 25.01.2005-ci il, 02.12.2010-cu il və 17.09.2014-cü il tarixli qərarlarda. Hər üç qərarda bu ifadə təsviri-əsaslandırıcı hissədə işlədilir. Birinci qərarda Konstitusiya Məhkəməsi “milli qanunvericilikdə öz yerini tutmuş və mübahisəsiz qəbul olunan bəzi müddəalara istinad olunmasını məqsədəmüvafiq hesab edir” və bundan sonra başlayır həmin müddəalara istinad etməyə. Yəni göstərir ki, onun məqsədəmüvafiq hesab etdiyinə əməl etmək lazımdır.

Beləliklə, ümumi nəticə ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi qərarının 6-cı bəndi xarici valyutada kredit götürənlərə banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir. Həmin bənd ən azı məcburi göstəriş, ən çoxu isə hüquq normasıdır. Buna görə də borc alanlar banklardan hüquqlarını tələb etsinlər. Banklar da mütləq güzəştə getməlidir. Güzəşt həddi isə bankların maliyyə imkanlarından asılıdır. Deməli, banklar hər bir konkret halda maliyyə imkanları həddini sübut etməlidir. Banklar Konstitusiya Məhkəməsinin qərarına riayət etməsə, məhkəmələr vətəndaşlara Konstitusiya Məhkəməsinin qərarı ilə verilən hüquqları təmin etməlidir.

- Əkrəm bəy, gəlin reallığa baxaq, bank 6-cı bənddə nəzərdə tutulanlara əməl eləmir, vətəndaş məhkəməyə gedir... Bu işdə təcrübəli vəkil olmadan keçinməyin çətin olduğu aydındır. Vətəndaş banka ödəyəcəyi məzənnə fərqindən doğan artıq faiz məbləğini, bəlkə də daha artıq vəkilə qonorar kimi ödəyəcək. Sizcə, vətəndaş yenə uduzmurmu? Pul da gedəcək, vaxt da, üstəlik əsəb də.

- Əgər əhali arasında təbliğ edilsə, insanlara məlumat verilsə, məsələ kütləviləşsə, banklar heç məhkəmə olmadan da ciddi güzəştlərə gedəcək. İstənilən halda xarici valyutada devalvasiyadan əvvəl kredit götürənlər sadəcə, banka ərizə verib konkret güzəşt tələb etsin, güzəşt olmayanadək krediti ödəməsin. Bu halda məhkəməyə bank özü müraciət etməli olacaq. Bu isə bankın xeyrinə deyil. Etsə belə, iş kütləvi olduğundan vəkilə ciddi ehtiyac olmayacaq. Olsa belə, bir vəkil yüzlərlə belə iş apara bilər, bu zaman da xərc bölünər. Nə etməli, mübariz olmaq lazımdır, banklar ağır vəziyyətdədir, güzəştə gedəcəklər, yenidən məhkəmə çəkişməsini gözləməyə vaxt yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG