Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:08

«Mərkəz»: «Siqaret bahalaşacaq»


«Ayna» qəzetindəki «Müdafiə Nazirliyində islahatlara başlanılıb?» başlıqlı məqalədə müəllif yazır ki, Müdafiə Nazirliyində aparılacaq islahatların ilk mərhələsi olaraq Baş İnspeksiya İdarəsi ləğv edilib. Müəllifin yazdığına görə, bu barədə APA-ya hərbi mənbələrdən məlumat daxil olub. Məlumata görə, Baş İnspeksiya İdarəsinin funksiyalarını Ali Baş Komandan yanında yaradılmış Silahlı Qüvvələrin Baş İnspeksiyası həyata keçirəcək. Mənbənin məlumatına görə, Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayevin yaxın vaxtlarda Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyinin rəhbəri təyin ediləcəyi gözlənilir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən isə Baş İnspeksiya İdarəsinin ləğvi və funksiyasının dəyişdirilməsi barədə məlumatsız olduqlarını bildiriblər. Adının açıqlanmadığı hərbi mənbə isə müəlliflə söhbətində məlumatı təsdiqləyib. Onun sözlərinə görə, sözügedən islahatlar Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri ilə bağlı həyata keçirilib. «Məqsəd Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığa dair Fəaliyyət Planı çərçivəsində müdafiə islahatları həyata keçirilməsi görüntüsü yaratmaqdır», - deyən mənbə bildirib ki, İ.Əliyevin ölkəyə qayıtdıqdan sonra hərbi sistemdə bir sıra islahatlar həyata keçirməsi gözlənilir.


«525-ci qəzet» də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin dünən Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali komissarı Havyer Solana ilə görüşü barədə məqalə dərc olunub. Məqalədə bildirilir ki, prezident İlham Əliyevlə danışıqların nəticələri barədə məlumat verən cənab Solana müzakirələrin məhsuldar keçdiyini bildirib. Onun sözlərinə görə, görüşdə regiondakı vəziyyət, Dağlıq Qarabağ problemi, Yeni Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında qəbul ediləcək Fəaliyyət Planı, Gürcüstandakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Dünən Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Xose Manuel Barroso ilə də görüşüb. Görüşdən sonra Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığın yaradılmasıdır. Avropalı ekspertlərin fikrincə, memorandumun həyata keçirilməsi Azərbaycanın Avropanın enerji bazarına daha çox inteqrasiyasına nail olunmasına şərait yaradacaq, Xəzər hövzəsindən tədarüklər sayəsində Avropa İffifaqı enerji təhlükəsizliyini artıracaq, Azərbaycanda daha səmərəli enerji tələbatının inkişafına yardım edəcək.


«Yeni Müsavat» qəzetindəki «Ağzımdan çox şeylər çıxacaq» başlıqlı məqalədə bildirilir ki, Türkiyə vətəndaşı Ömər Dilsizə azərbaycanlı həyat yoldaşı Zibeydə Dəmirovanın xəyanət etməsi, «üçüncü şəxs» kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adının hallandırılması qonşu ölkənin mətbuatında əsas mövzulardan birinə çevrilib. Türkiyənin məşhur araşdırmaçı jurnalistlərindən olan Uğur Dündarın Ömər Dilsizin başına gələnləri təhqiq etməsi və hətta bunu sənədli film kimi ekranlaşdırması böyük səs-küyə səbəb olub. Məqalədə bu araşdırma təfərrüatı ilə verilib, sonda isə Ömər Dilsizin Vasif Talıbova mesajı dərc olunub. Ömər Dilsiz deyib ki, əgər ədalət naziri bu işlə maraqlansa, onda məxfi, gizli təhqiqat məlumatları var. O, bu bilgilər qarşısında Vasif Talıbovun duruş gətirə bilməyəcəyi qənaətindədir.


«Mərkəz» qəzetindəki «Siqaret bahalaşacaq» başlıqlı məqalədə bildirilir ki, ölkə ərazisində tütün və tütün məmulatlarının istehsalını stimullaşdırmaq və daha çox məhsulla xarici bazara çıxmaq üçün tütün idxalına məhdudiyyətlər qoyulmalıdır. Yaxud da idxal rüsumlarının həcmi artırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, idxal rüsumları artırılsa, Azərbaycanda tütün məmulatlarının istehsalı ilə məşğul olan «Europen Tobako» şirkəti yerli tütün istehsalçılarına üz çevirər. Sözügedən nazirliyin şöbə müdiri Rafiq Məcidov isə deyir ki, hazırda 1000 ədəd siqaretə görə, 1,8 ABŞ dolları məbləğində aksiz vergisi tutulur. Bundan başqa, idxal olunan siqaretin dəyərinə 18 faiz Əlavə Dəyər Vergisi də hesablanır. Cənab Məcidov qeyd edir ki, daxili bazarı qorumaq məqsədilə verginin həcmi yenə artırılmalıdır və bu məqsədlə Ymumdünya Ticarət Təşkilatına layihə verilib: «Biz bu həddin artırılmasını istəyirik. Digər tərəfdən, artıq Azərbaycan öz tələbatını tütünlə üç dəfədən çox təmin edir».


XS
SM
MD
LG