Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:24

«Əti tökdük qazana, qapqara qaraldı»


Arxiv fotosu
Arxiv fotosu

-

"Əti aldıq, gətirdik, doğradıq tökdük qazana. Su qaynadıqca ət də ağırlaşdı, əvvəl gömgöy oldu, sonra qapqara qaraldı. Evi iy basdı, eləcə götürüb tökdük zibil yeşiyinə".

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Bakı sakini Natella Novruzəliyeva deyir, azca səhlənkarlığa yol versəydilər, ailəlikcə zəhərlənəcəklərmiş. İki gün əvvəl 8-ci kilometr bazarından aldıqları ət ailənin axırına çıxacaqmış. Deyir, qəssab ona "dana əti" adıyla satdığı ətin sonrakı aqibəti zibilqabı olub.

"YESƏYDİK, AXIRIMIZA ÇIXACAQDI"

"Bilmədik, hansı əcaib heyvanın əti idisə, yesəydik axırımıza çıxacaqdı. Onu bilirəm ki, nə qoyun əti idi, nə mal əti... Sizə də ona görə müraciət etdik ki, görək, ümumiyyətlə, bu məsələlərə nəzarət edən varmı? Bilən varmı, işbazlar əhaliyə nə ət satırlar? Məqsəd nədir? İnsan da pul qazanmaq üçün bu qədər insanın həyatını təhlükəyə atarmı? Nə edək? hər dəfə 1-23 kilo ət alanda aparaq verək laboratoriyaya, yoxlatdıraq, arxayın olaq, sonra yeyək?"

Bundan əvvəl "Qaynar xətt"ə zəng vuran başqa dinləyici də yol kənarlarında, bazarlarda və marketlərdə satılan ətin mənşəyinə şübhə ilə yanaşdığını demişdi.

"Əti alıb evə gətirincə göyərmişdi, üstündə xallar əmələ gəlmişdi", - Bakı sakini deyirdi.

Keşlə sakinləri isə "Qaynar xətt"ə qəsəbədəki Məşədi Hilal küçəsində yol kənarında dana və qoyunların antisanitariya şəraitində kəsilib satılmasından narazılıq etmişdilər. Sakinlər kanalizasiya xətlərinin tutulması üzündən kanalizasiya quyularının daşdığını və çirkab suların yola axdığını, yoldan şütüyən maşınların isə çirkab suları kəsilib asılmış heyvanların cəmdəklərinə sıçradığını deyirdilər.

CƏZALANDIRILACAQLAR

Yol kənarlarında açıq şəkildə ət satışı həyata keçirən, eləcə də qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahibkarları cərimələnəcək. Bunu
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib.

Belə ki, bir vətəndaş 8-ci kilometr bazarına başqa yerdə doğranaraq mənşəyi bəlli olmayan ətin arabalara yüklənib bazara gətirilməsi barədə məlumat verib. Mətbuat xidmətinin rəhbəri məsələyə belə münasibət bildirib:

"Həmin faktla bağlı “8-ci kilometr” bazarında araşdırma aparılıb. Bəlli olub ki, bazara Dərnəgül, Təzə bazar və digər heyvan kəsim və topdansatış məntəqələrindən gətirilən heyvan cəmdəkləri 4 hissəyə bölünərək şaqqalanmış formada daxil olur. Ətlər bazara xüsusi avtonəqliyyatla gətirilir. Lakin bazarın ət satışı yerinə avtonəqliyyat daxil ola bilmədiyindən cəmdəklərin daşınması xüsusi ayrılmış arabalar vasitəsi ilə icra edilir. Arabalara yüklənən cəmdəklər qaydalara uğun xüsusi örtüklərə bükülür və sonra daşınır. Həmin arabalarla digər məhsulların daşınmasına yol verilmir və buna bazar rəhbərliyi tərəfindən xüsusi nəzarət edilir”.

O qeyd edib ki, şəkildə göstərilən formada ətin daşınması baytarlıq-sanitariya qaydalarına ziddir və bu yolverilməzdir.

XS
SM
MD
LG