Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:52

«Gecəqondu»ya pul xərcləməyin aqibəti


Arxiv fotosu
Arxiv fotosu

-

Son vaxtlar «Qaynar xətt»ə torpaq, ev alqı-satqısı vaxtı aldadılanların şikayətləri artıb. Necə deyərlər, ucuz ətin şorbasından yararlanmaq istəyənlər sonda pullarını itirməli olurlar. Şikayətçilər əksər hallarda iddia edirlər ki, bu məsələlərdə dələduzları himayə edənlər polis işçiləri olur. Məsələn, son şikayətlərdən biri «Qaynar xətt»ə Bakı sakini Şahnaz Quliyevadan daxil olub.

Şikayətçi deyir ki, torpağı ona satmış Fərahim Kazımov söz verib ki, qısa müddətdə sənəd də düzələcək. Ancaq pulu alandan sonra bildirib ki, sənəd məsələsi düzəlmir:

GECƏQONDULAR SĞKÜLÜB, MÜBAHİSƏLƏRİ İSƏ BİTMİR

«Fərahim Kazımovu kirayədə yaşadığım evin sahibinin vasitəsilə tanımışdım. O, «Koroğlu» metrosu yaxınlığında, dəmiryolu xətlərinin düz yanındakı yerləri satmaqla məşğul idi. Mən də düşündüm ki, balaca bir torpaq sahəsi alım, ev tikim, canım kirayələrdən qurtarsın. Torpağı 6 000 dollara satdı. Biz belə danışmışdıq ki, əvvəl 2700 dollar verim, torpağın sənədini düzəldib mənə verəndən sonra pulun qalanını da ödəyim. 2700 dolları verəndən sonra torpaqda taxtadan bir daxma tikdim ki, kirayədə qalmayım. Qızımla köçdüm həmin daxmaya. Ora köçəndən bir az sonra Fərahim başladı məndən pulun qalanını da tələb etməyə. Mən də bildirdim ki, nə vaxt sənəd düzəlsə, o vaxt pulunu verəcəm. Dedi ki, burda heç kəsin sənədi yoxdur, kimdir bu yerlərə sənəd verən? Aramızda narazılıq yarandı. Sonra məni sahə müvəkkili çağırdı».

SƏNƏDSİZ TORPAĞA PUL VERİLƏNDƏ...

Şikayətçi deyir, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin həmin ərazi üzrə sahə müvəkkili ondan tikdiyi koma üçün rüşvət istəyib. Rüşvəti verməyəndə isə tikəcəyi evi başına uçuracağı ilə hədələyib və onu aldığı torpaqda müvəqqəti tikilmiş taxta gecəqondudan qovub:

«Dedi ki, torpağı da qanunsuz almısan, evi də qanunsuz tikmisən. Dedim axı, burda heç bir evin, torpağın sənədi yoxdur. Dedi, sənədləri olmasa da, mənə «hörmət» ediblər, mən də icazə vermişəm, tikiblər. Dedim, Fərahim mənə torpağı satanda deməmişdi ki, burda ev tikmək olmaz, deməli məni aldadıb və mənə qarşı dələduzluq edib. O zaman onun barəsində tədbir görün".

Şikayətçi deyir, sahə müvəkkili, onunla əlbir olan İmamverdi adlı qonşu və Səkinə İsmayılova birləşərək onu tikdiyi gecəqondudan çıxardıblar. Bir neçə gün Fərahim Kazımovun Sabunçu qəsəbəsindəki evində qalıb ki, sonuncudan pulunu alsın. Ancaq Fərahim Kazımov pulunu qaytarmadan onu evindən də qovub.

Polisdən bildirilib ki, şikayətlə bağlı araşdırma aparılıb, şahidlər dindirilib və cinayət tərkibi olmadığına görə cinayət işi açılmayıb.

DEYİRLƏR, GET NAXÇIVAN MƏHKƏMƏSİNƏ ŞİKAYƏT ET

Cinayət işi başlanmasının rədd edilməsi ilə bağlı q​ərarda onun ya prokurorluğa, ya da məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Nizami rayon Məhkəməsi Şahnaz Quliyevanın ərizəsini qəbul etmir ki, harada qeydiyyatdadırsa, həmin ərazi üzrə məhkəməyə müraciət olunmalıdır.

"Mənim qeydiyyatım Naxçıvan Muxtar Respublikasınadır. Ora gedib gəlmək üçün elə itirdiyim məbləğ qədər pul lazımdır. Bir də ki, adam məni aldadıb, sənədsiz torpaq satıb, sonra da polislə əlbir olub məni tikdiyim daxmadan qovub. Burda mülki mübahisədən yox, dələduzluqdan söhbət gedir. Polis isə dələduzluğu araşdırmağı üzərindən atmaq üçün məni məhkəməyə göndərir".

Şahnaz Quliyevanın iddia etdiyi kimi, pul verib aldığı gecəqondular iki ildir ki, sökülüb və yerində stadion tikilib. Mübahisə isə hələ də hüquqi qiymətini almayıb.

XS
SM
MD
LG