Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

Natiq Cəfərli: «Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar verdi»


Natiq Cəfərli

Natiq Cəfərli

-

«Təbii ki, Konstitusiya Məhkəməsinin qərarı bankların xeyrinədir». İqtisadçı Natiq Cəfərli mayın 15-də Konstitusiya Məhkəməsinin bank kreditlərinin hansı məzənnə ilə ödənilməsi haqda qərarını şərh edərkən belə deyib.

Onunla müsahibəni təqdim edirik.

- Natiq bəy, sıravi azərbaycanlı bu qərarı necə başa düşməlidir? Və ya belə deyək, bu qərar kimin xeyrinə çıxarılıb?

- Təbii ki, bankların xeyrinə çıxarılıb. Konstitusiya Məhkəməsi kreditlərin yeni məzənnə ilə qaytarılmasında banklara üstünlük tanıdı. Bundan sonra müştərilərlə banklar arasında olacaq bütün məhkəmə çəkişmələrində Konstitusiya Məhkəməsinin bu qərarına istinad ediləcək. «Öhdəlik yaranan gün» anlayışı o deməkdir ki, əhali valyuta ilə götürülən kreditləri məhz kredit borcunun aybaay ödəndiyi və ya birdəfəlik bağlandığı günün məzənnəsinə uyğun qaytarmağa məcbur qalacaq. Sadəcə, burda iki məsələ var. Qərar bankların xeyrinə yox, əhalinin xeyrinə çıxarılsaydı, banklar daha sürətlə çökməyə doğru gedəcəkdi. Çünki təqribən 1.5-2 milyard dollar arasındakı vəsaitdən söhbət gedir. Bunu da kim ödəməlidir? Məzənnədən yaranan fərqi ya banklar ödəməliydi, ya əhali. Qərarla əhali ödəməlidir. Əhali ödənişləri köhnə məzənnəylə edəcəyi halda bir çox banklar bankrot olacaqdı, bankların xarici öhdəliklərinin yerinə yetirilməsinə imkan verməyəcəkdi. Dünənki qərarla bankların çöküşü tədricən baş verəcək. Əhalinin böyük qismi KM-in qərarını gözləyirdi, ondan sonra borclarını bağlamağı düşünürdü. Onsuz da problemli borcların həcmi sürətlə artırdı, son rəsmi açıqlamalara görə, belə borcun həcmi 1.2 milyardı ötüb. İndi əhali dollarla olan kreditlərin ödənilməsində problem yaşayır. Nəzərə almaq lazımdır ki, iş yerləri də getdikcə azalır, əhalinin gəlirləri azalır və geri dönüşü mümkünsüz kreditlərin həcmi artacaq. Banklar yavaş-yavaş problemlərin içinə girəcək. Dünənki qərarla KM, obrazlı desək, bankların ömrünü uzatmış oldu. Bu, problemin köklü çözümünə gətirməyəcək. Problemli kreditlərin həcmi aybaay artdıqca, ilin sonunda banklar ya iflaslarını elan edəcək, ya da iri banklar tərəfindən udulacaq.

- Yəni sizcə, bu qərar əhalini də çökdürəcək? Müştərilərin də bu krediti qaytarmaq imkanı məhduddur?

- Bəli. Ayrı-ayrı məlumatlara görə, ölkədə valyuta ilə 5-6 milyardlıq kredit götürülüb. Bu kreditlər də devalvasiyadan əvvəl götürülüb. Əhali də gözləyirdi ki, ya KM, ya hökumət güzəştlər edəcək. Buna görə də, ödənişləri hər ay ertələyirdilər. Bu qərardan sonra banklar məhkəmələr vasitəsilə borclular qarşısında iddia qaldıra biləcəklər, bu da problemli kreditlərin artmasına səbəb olacaq.

- KM-in qərarında tövsiyə verilir ki, əhalinin maraqları nəzərə alınmaqla xarici valyuta ilə götürülən kreditlərlə bağlı müddət uzadılsın, faiz dərəcələri aşağı salınsın və s. Sizcə, bu nəzərə alınacaq?

- Bu, bir tövsiyədir. Əslində, KM-in belə tövsiyə verməsi düz deyil, bu, onun səlahiyyətinə də aid deyil. Onsuz da bu qərara qədər bəzi banklar kreditlərin müddətini uzadır, bu yolla problemli kreditlərlə bağlı çətinliklərin qarşısını almağa çalışırdı. Sadə dillə desək, 12 aya bağlanan kredit müqaviləsini 18 və ya 24 ayadək uzatmışdılar, ödəmələr köhnə məbləğdə aparılsa da, məzənnə yeniydi. Zamanı uzatmaqla, ödənişin həcmini azaltmağa çalışırdılar. Yəni banklar bu qərar olmadan da bu yolu gedirdilər. Bu, KM-in verəcəyi qərarlara bağlı olmayan məsələydi. Konstitusiya Məhkəməsi qaydalarda-qanunlardakı boşluqları şərh etməliydi. Bundan sonrası hökumətin, Mərkəzin Bankın üzərinə düşürdü. Onlar bu problemin qarşısını almaq üçün nə qədər tez addımlar atsalar, o qədər yaxşı olardı. Çox təəssüf ki, bizdə həmişə problem şişib, idarəolunmaz hala gəldikdə hökumət addımlar atmağa çalışır, bu da uğursuzluqla nəticələnir. Fevraldan bu yana çözüm tapmaq üçün komissiyalar qurulmalı idi, ancaq təəssüf ki, ciddi işin şahidi olmamışıq.

- Deputat Vahid Əhmədov təklif edirdi ki, dövlət ehtiyat fondundan banklara yardım etməlidir ki, nə banklar, nə də əhali zərbə altında qalsın. Bu çıxış yoludur?

- Bu il devalvasiya neft ölkəsi Qazaxıstanda da, Rusiyada da getdi. Onlarda dərhal problemli kreditlərlə bağlı komissiyalar quruldu, sivil toplumu, bankları, ekspertləri, hökuməti bir yerə yığaraq çarə axtardılar. Rusiyada konsepsiya budur ki, zərərin üçdə biri dövlət tərəfindən, üçdə biri banklar, üçdə biri də əhali tərəfindən ödəniləcək. Heç olmasa, bu bölüşdürüldü. Ya bankların, ya da təkcə əhalinin üzərində qalmadı. Bundan başqa, Mərkəzi Bank ən çox problemli kreditlərin olduğu «Sberbank»a kredit xətti açdı ki, problemlərini yoluna qoysun. Vahid müəllimin dediyi də, aşağı-yuxarı, buna bənzəyir. Bunu həll etmək üçün bir çox mexanizmlər var, sadəcə, hökumət ilk gündən məsuliyyəti KM-in üzərinə atmaqla yaxasını qırağa çəkməyə çalışdı. Ancaq gec-tez hökumət məcbur qalıb prosesə müdaxilə edəcək. Nə qədər gec olsa, bir o qədər böyük problemlə üzləşəcəyik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG