Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:55

-

Mayın 16-da medianın başlıca mövzusu yenə də iş adamlarının həbsidir. Bunların bəzisi sonradan həmin şəxslər tərəfindən təkzib edilir, bəzilərisə təsdiqini tapır.

«Azadlıq» qəzeti «Oliqarxların ölkədən çıxışına qadağa qoyulub» başlıqlı məqalədə yazır ki, «Cahangir Hacıyev işi»nə görə həbslərin çevrəsi böyüyür; Nazir və komitə sədrləri də hədəfə gələ bilər.

«Cahangir Hacıyev işi» ilə həbs edilən iş adamlarının bir qrupu DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində, digər qrupu isə Kürdəxanı Təcridxanasında saxlanılır. Bu barədə «Azadlıq»a daxil olan məlumatlara görə, hüquq-mühafizə orqanları açıqlamasa da, xeyli işadamı barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumatlarda həmçinin deyilir ki, bu işə görə bəzi oliqarxların ölkədən çıxışına qadağa qoyulub».

«Azadlıq» ölkə başçısı İlham Əliyevin əmisi oğluna məxsus «Riad» şirkətinin rəhbəri Aqil Quliyevin saxlanılması haqda məlumat əldə etdiyini də yazır: «Bəzi iddialara görə, o, da «Cahangir Hacıyev işi» ilə saxlanılıb. Lakin bəzi məlumatlarda Aqil Quliyevin tamamilə başqa bir məsələyə görə saxlanıldığı deyilir.

Başqa məlumatlara görə, bu prosesdə rayonlarda fəaliyyət göstərən pambıqtəmizləmə zavodlarının rəhbərləri də saxlanılıb.

modern.az saytı isə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb ki, «qaytarılmayan kreditlər məsələsi»ndə bəzi nazirlər və komitə sədrlərinin də adı keçir. Artıq bir neçə nazir və komitə sədrinin istintaqa çağırıldığı, hətta onlardan ifadəsi alınanların olduğu da vurğulanır.

Sirr deyil ki, hazırda nazirlik və komitələrə rəhbərlik edən məmurlar dolayı yollarla müxtəlif iri şirkətlərin sahibidirlər. Bu, bir neçə gün öncə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən çıxarılan Rəşad Məmmədovun timsalında bir daha təsdiqləndi. Məlum oldu ki, o, dövlət qurumuna rəhbərlik etməklə yanaşı, «AzImport» şirkətinin də sahibiymiş.

AB bayrağı

AB bayrağı

AVROPA BİRLİYİNDƏN AZƏRBAYCAN ÜÇÜN ÖZƏL «YOL XƏRİTƏSİ»

«Yeni Müsavat» qəzeti yazır ki, Avropa Birliyinin Riqada keçiriləcək «Şərq tərəfdaşlığı» sammitində Azərbaycanla fərdi əməkdaşlıq formulu təklif ediləcək.

Latviya Xarici İşlər Nazirliyinin «Şərq tərəfdaşlığı» məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Juris Poikāns Riqa toplantısı ilə bağlı çox maraqlı, eyni zamanda Kremlin ovqatını korlayacaq anonslar verib. Diplomat bildirib ki, AB sammit çərçivəsində Gürcüstan, Ukrayna və Moldovanın öncə imzaladıqları assosiasiya sazişlərinin reallaşmasında bu ölkələrə kömək etmək əzmindədir, Azərbaycan, Belarus və Ermənistana isə əməkdaşlığa dair xüsusi, özəl təklif olacaq.

«Bundan əlavə, sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik» - səfir əlavə edib.

Lakin hələlik konkret olaraq Azərbaycana ediləcək və ya Bakıdan gözlənilən təklifin mahiyyəti açıqlanmır. Ancaq belə təəssürat yaranır ki, AB Azərbaycanın olduqca həssas durumunu nəzərə alaraq Azərbaycan üçün fərdi «Yol xəritəsi» hazırlamaq niyyətindədir - təbii ki, rəsmi Bakının razılığı əsasında.

Qəzet sual edir: «Bəs Bakı buna gedəcəkmi? Söyləmək çətindir. Lakin Azərbaycan prezidenti İlham Əliyevin sammitə şəxsən qatılmaq qərarı verməsinin özü bu xüsusda xoş məram jesti kimi qəbul oluna bilər:

«Hər şeydən göründüyü kimi, yeni təkliflər ölkəmizi Rusiyanın orbitindən birdəfəlik çıxarmaq üçün növbəti təhlükəsizlik (xilas) kəməri roluna iddia edəcək. Qərb üçün də, Güney Qafqazın öz strateji oriyentirini indiyədək dəqiqləşdirməmiş yeganə dövləti olaraq Azərbaycan üçün də bu kəmər olduqca mühüm önəm daşıyır. Azərbaycandan ötrü isə yeni «Yol xəritəsi» ən birinci Qarabağ məsələsinə görə aktuallıq kəsb edir. Hər halda, Rusiyanın güclü imkanları ola-ola bu münaqişəni 25 ildir həll etmək istəməməsi, üstəlik, postsovet məkanında özünə sərfəli yeni-yeni etnik-ərazi münaqişələri yaratması heç kimə sirr deyil.

Çingiz Abdullayev

Çingiz Abdullayev

Bakının AB ilə yaxınlaşmaq yönündə qəti addımlara qərar verməsi həm də ona görə zəruri görünür ki, təşkilatda Almaniya kimi ölkəmizə, Dağlıq Qarabağ ixtilafına yetərincə həssas və ədalətli mövqedə olan bir dövlət də təmsil olunur».

ÇİNGİZ ABDULLAYEV: «AVROPA OYUNLARINDAN SONRA İKİLİ SİYASƏTƏ SON QOYULACAQ»

«Neftçi» futbol klubunun müşahidə şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev «Azərbaycan» qəzetində Avropa Oyunlarından yazıb: «Avropa Oyunları xalqımızı və ölkəmizi dünyaya daha yaxından tanıdacaq».

Məqalədə deyilir: «Qazanılan nailiyyətlər və uğurlarımızın nəticəsi yalnız paytaxt Bakının gündən-günə gözəlləşməsi, tarixiliyini qoruyub saxlamaqla, müasirliyinə qovuşmasında deyil, bütünlüklə ölkəmizin iqtisadi, sosial və mədəni sahələrindəki inkişafında da öz əksini tapır. Bu nümunəvi inkişafa sevinməyənlər var və onları Azərbaycan xalqının düşməni hesab edirik. Məncə, nəinki idman aləminin, bütünlüklə geniş ictimaiyyətin ümumi fikri belədir. Bu gün xalq, hakimiyyət, iqtidar və müxalifətin bir məqsədi olmalıdır: Vətənimizin, dövlətimizin qazandığı uğur və nailiyyətləri avropalılara lazımi şəkildə təqdim etmək».

Çingiz Abdullayev daha sonra yazır: «Zəngin yeraltı və yerüstü sərvətlərə, əsrarəngiz təbiətə malik Odlar yurdunun yaxından tanınması üçün bu, bir fürsət kimi də dəyərlidir və təbii ki, düşmənlərimiz bunu anlamamış deyillər. Ölkəmizə yaxın gələcəkdə başlayacaq turist axını xalqımızı və Vətənimizi daha yaxından tanıdıqca ərazilərimizi işğal altında saxlayan Ermənistana qarşı münasibəti dəyişiləcək, Azərbaycanda tolerantlığın qorunub saxlanmasını öz gözləri ilə görəcək avropalılar erməni diasporunun haqqımızda uydurduqlarının yalan, böhtan və iftira olduğunu bir daha başa düşəcək. Məncə, bundan sonra dünyadakı ikili siyasətə son qoyulacaq. Axı, Azərbaycan dövləti bu gün dünyanın inkişaf etmiş ölkələrinə nümunədir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG