Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:55

Şəhriyar del Gerani yeni şeir kitabını təqdim etdi - [Fotolar]


Əkrəm Əylisli (solda) və Şəhriyar del Gerani
Əkrəm Əylisli (solda) və Şəhriyar del Gerani

​-

Şəhriyar del Gerani yeni çapdan çıxan “darıxmağın adı” kitabını təqdim etdi.

Kitabın təqdimatı mayın 16-da Azərbaycan Yazıçılar Birliyinin qarşısında keçirilib.

Kitabda Şəhriyar Del Geraninin son dövrlər yazdığı şeirləri və esseləri toplanılıb. Ön sözün müəllifi Vaqif Bayatlı Odər, redaktor Seyfəddin Hüseynlidir.

Təqdimatda Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Səlim Babullaoğlu, Baba Vəziroğlu və b. iştirak ediblər.

Müəllif bildirib ki, "Darıxmağın adı" kitab dükanlarında satışda olmayacaq. Əsər yalnız təqdimat günü satılacaq.

.Şəhriyar del Gerani

YENİ KİTABDAN ŞEİRLƏR

***

hamının

deyirəm ki

hamının işi ola bilməzdi

bu boyda

qos-qoca divanə boşluq

olsa-olsa bir nəfərin yoxluğu yarada bilərdi bunu

deyirəm ki

yalnız bir nəfərin yoxluğundan yaranıbdı bu boşluq

təkrarlanmır heç nə

bilirsinizmi

hər gün-hər gün eyni yerdən çıxmır günəşlər

hər gün-hər gün eyni küləklərlə yellənmir uşaq

paltarları asılmış zivələr

bilirsinizmi

illərdi burulduğumuz döngələr də heç eyni

küçəyə çıxmır

deyirəm ki

illərdir burulduğumuz küçələr eyni adamlara

aparmır bizi

niyə başa düşmürsüz axı

həmin o bir nəfərsiz ömür - yaşamaq deyil

hər gün bir az daha artıq sağ qalmaq

cəhdləridi

deyirəm ki

həmin o bir nəfərsiz ömüü...r

həmin o

bir nəfərsiz

ömür

həmin

o

o bir nəfər

həə

onsuz

deyirəm ki

onsuu..z, onsuz

onsuz

OLMUR!..

riyazi sevgilər…

daha çox məişət hadisəsiymiş

fəsillərin dəyişməsi

bilirəm

daha heç vaxt yaşıllaşmaz ağaclar

günəşli yağışlar da yağmaz

daha bir də

yaz gəlməz bu yerlərə

inan mənə

belə getsə

heç, qış da çıxmaz

düşünmək – ucadan susmaqdı

bəzən, ucsuz-bucaqsız darıxmaqdı indiki zaman

indi mən

hamının unudulduğu yerlərdən susuram

susuram ki

daha yaxşı eşidəsən kimi itirdiyini

uzaqlar - yolların romantikasıydı

sən də gedib qoşuldun bütün tərəflərimin

uzağına

təkcə yanınızdan deyil

hər yerinizdən gedirsə - sevgidir

mən sizə demişdim axı

riyaziyyat həmişə səhv edir

ikidən bir çıxanda yerdə heç kəs qalmır...

indi mən

hamının getdiyi yerlərdən susuram

susuram ki

daha yaxşı eşidəsən suyun ayaq səslərini...

Ki

biz

gözəl günəşlərin xatirinə içdik gecələri

qızım

bəsdi

get allahdan bağışlanmaq istə

de ki

bizə günəş göndərsin

de ki

bizə günəş göndərsin

o günəş ki

içərkən baxıb utanaq

aldadarkən unudulaq

kilsələrdə məhəmmədi

məscidlərdə isanı düşün

dənizdə ölsən balıqları

torpaqda ölsən qarışqaları doyduracaqsan

əgər allah varsa

hamımızın

yoxdursa

heç birimizin deyil, qızım

biz

gözəl günəşlərin xatirinə içdik gecələri

ki

kimdəsə

ki

necəsə unudulaq

uzaq dur qızım

uzaq dur xoşbəxt olaq...

dekabr şeiri

nə uzaq küçələr vardı uşaqlığımızda

nə uzaq şəhərlər oldu sonralar

böyüdükcə dəyişir uzağlar da

küçələr də

küçə-küçə

şəhər-şəhər uzağ olur adamlar

sən də bir küçə seç getməzdən öncə

bir şəhər şeç unutmağa

bir uzağ seç darıxmağa

sən də getməzdən öncə

bir az dəyiş

bir az uzağ ol

sonra get

bu qədər yaxşıykən getmə, noolar

bilirsənmi

çətin olur yaxşıların gedişi...

ən sonuncu dostum da oğraş çıxmamış

bilirsənmi

axşam düşməmiş

şər qarışmamış getmə

çətin olur

yağışlarda son görüş

parklarda skamyalar qurumamış getmə

sən bilmirsən

çətin olur payızlarda darıxmaq

ən sonuncu yarpaqlar da düşməmiş

torpağa qarışmamış

bir az qal, noolar

getmə qış çıxmamış

qış çıxmamış getmə...

sən bilmirsən

indi mən allahdan nə üçün yox

kiminçün yaradıldığımı soruşuram.

bir az da səbrin olsun,

məni ömrümün sonuna ötür,

sonra get.

sən bilmirsən

indi mən, adamlarçün yox

əşyalarçün darıxıram

bir az da səbrin olsun

qəbrim üstən yaylığını götür

sonra get

daha mən, gələcəkdən yox

keçmişdən nigaranam

bir də gördün heç kəs yadına düşmür

indi sənə qal deməyim

səninlə bütün keçmişlərdə

yanaşı görünmək istəyimdi

arzular da canavar kimidi... əhilləşmir!

səndən sonuncu istəyim

məni xatırlasan

kimsəsiz, boş qalmış

otaq kimi xatırla

səndən sonuncu istəyim

məni xatırlasan

uzaqlarda qəzaya düşmüş

sərnişinsiz qatar kimi xatırla

heç bilmirəm torpaq suyu içirsə

adamları neynir...

yanvar şeiri

bir gün ağaclar quruyar

bir gün yağışlar yağar

və bir gün çıxıb gedərsən

qollarım quruyar...

mənsə səni soruşaram

hər küçədən ötənnən

ya dükançı Sürəyyadan

ya qonşunun itinnən

sənsiz günəş gecikər

aydınlanmaz sabahlar

azan səsinə diksinər

bu şəhərdə günahlar...

bu səhər də baş ağrısı

soyuq içki, darıxmaq

bircə quru zəngin gələ

deyəsən ki, darıxma...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG