Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:20

.

QORUYUCU ZOLAĞI SATILIB?
Qubada Əlağa Vahid küçəsinin sakinləri, sözün əsl mənasında, işə düşüblər. Necə? Bir də xəbər tutublar ki, yaşadıqları evlərin qarşısındakı torpaq sahələri başqalarına satılıb. Bir saylı evdə yaşayan Rəfiqə Məmmədova AzadlıqRadiosuna danışır ki, poçtalyonun gətirdiyi bir məktub ailəsinin dinc həyatını alt-üst edib:

“Üstümə bir nəfərin adından məktub gəlib ki, mən oranı yaşayış binası üçün almışdım, ev tikəcəkdim. Dostlarımdan 50 min manat almışdım, 20 min ziyana düşmüşəm. Mənim zərərimi də ödəsin, iş görməyimə də maneçilik törətməsin (Söhbət məhkəməyə yazılmış və surəti cavabdeh tərəf kimi Rəfiqə Məmmədovaya göndərilmiş iddia ərizəsindən gedir). “Setka”nı açmağa gəlmişdilər, qoymadım. Hansı qanunda yazılıb bu?”.

Xanımın sözlərinə görə, illərdir istifadəsində olan torpaq sahəsini, ondan xəbərsiz, elə öz müdirinə satıblar.

Nəzakət Əzizova

Nəzakət Əzizova

“BİR DƏ EŞİTDİK Kİ, TORPAQ BAŞQASINA SATILIB”
Sakinlər evlərinin qarşısındakı əraziləri sənədləşdirmək üçün dəfələrlə Quba bələdiyyəsinə üz tutduqlarını deyirlər. Nəzakət Əzizova torpağı sənədləşdirə bilməməsinin səbəblərini belə açıqlayır:

“27 ildir bu torpağı almışıq, ev tikmişik. Sənədləşdirmək üçün dəfələrlə müraciət etmişik. Deyiblər, qoruyucu zolaqdır, sənədləşdirə bilmərik. Bir də eşitdik ki, başqasına satılıb. Ancaq bunadək bizi arxayın edirdilər ki, torpaq satılmalı olsa, hərraca çıxarılarkən, ilk sizə təklif olunacaq. Biz də oturduq gözlədik”.

“VƏTƏNDAŞI VƏTƏNDAŞ YERİNƏ QOYAN YOXDUR”
Küçənin bir başqa sakini - Ahir Məmmədov deyir ki, çörəkpulu qazanmaq, iş yeri axtarmaq qalıb bir kənara, başlarını məhkəmələrlə qatıblar:

“Xalqın avamlığından, kasıbçılığından istifadə edib torpaqları satırlar. Özlərinə necə sərf edirsə, hansı qiymətə istəyirlərsə, o qiymətə də satırlar. Müraciətlərimizə baxmırlar. Kimlərsə gəlir və puluna, varına güvənib kasıbları tapdalayır. İşləri-peşələri xalqın torpağını satmaqdır.

Büdcənin pullarından da özləri üçün istifadə edirlər. Nə bələdiyyə baxır rayona, nə də icra hakimiyyəti. Elə bil, vətəndaş bunlardan ötrü milçək, ya da qarışqadır...

Vətəndaşı vətəndaş yerinə qoyan yoxdur. Hansı qanunla, hansı qiymətə torpaq verilirsə, biz də dövlətin vətəndaşıyıq, özümüzə satsınlar. Kim neçəyə istəyir, o qiymətə satır. İşləri ancaq və ancaq vətəndaşı aldatmaq, ayaqlarına aparıb gətirmək, süründürməkdir”.

Azər İbrahimov

Azər İbrahimov

Sakin Azər İbrahimov:

“Evimin qabağıdır. Məndən xəbərsiz satıblar. Pullu adamların gücü var. Biz kasıb təbəqəyik, əlimizdən alıb satırlar. Məktublarımıza heç cavab da vermirlər. Torpaqları rəsmiləşdirmək üçün dəfələrlə ərizə vermişik, geri qaytarıblar. Deyiblər, onsuz da torpaqlar sizindir”.

Sakin deyir, indi anlayıblar ki,“torpaq onsuz da sizindir” kəlməsi başlarının altına qoyulan yastıqmış.

MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ DAVAM EDİR
Sakinlərdən birinin (adının açıqlanmasını istəmir) təkcə torpaq sahəsi əlindən çıxmayıb, tövləsi də sökülüb:

“İkinci qrup əliləm, yoldaşım da xəstədir, tövləmi sökdürdülər... Deyirlər, mərkəzi küçədir, inək saxlamaq olmaz. Necə dolanım? Südünü, qatığını satıb, başımızı saxlayırdıq”.

Quba bələdiyyəsindən bildiriblər ki, torpaqları keçmiş bələdiyyə satıb. O vaxtdan bəri iki bələdiyyə sədri dəyişib və bu məsələlərin indiki bələdiyyəyə aidiyyəti yoxdur...

... Hazırda isə sakinlərlə bələdiyyə arasında qarşılıqlı iddialara əsaslanan məhkəmə çəkişmələri davam edir.

Hüquqşünas Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov məsələnin hüquqi tərəflərini belə şərh edir:

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna görə, bələdiyyə torpağı əgər vətəndaş tərəfindən istifadədirsə, hərraca çıxarılarkən ilk olaraq həmin istifadəçiyə təklif olunmalıdır. Əgər torpaq başqasına satılıbsa, üstünlüyə malik istifadəçi vətəndaş məhkəməyə müraciət edib həmin alqı-satqını ləğv etdirə bilər”.

İndi faktiki istifadələrində olan torpaq sahələri əllərindən çıxan sakinlər məhkəmə yollarında qalıb. Qapılarının qarşısındakı torpaqların üzərində mülkiyyət hüquqları onlara veriləcəkmi? Bu sualın cavabını məhkəmə qətnamələri verəcək.

Deyir, yaşayış evi tikəcək burda, 20 min manat da məni ziyana salıb.

Qubada Əlağa Vahid küçəsinin sakinləri həyətyanı sahələrinin qarşısındakı torpaq sahələrinin başqasına satılmasından xəbər tutan kimi əl-aya düşüblər.

XS
SM
MD
LG