Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

Siyasi partiyalar Avropa Oyunlarından, siyasi məhbuslardan danışıb


Əli Həsənovla siyasi partiya təmsilçilərinin görüşü - 15 may 2015

Əli Həsənovla siyasi partiya təmsilçilərinin görüşü - 15 may 2015

-

Öncədən bəlli olduğu kimi, prezidentin köməkçisi Əli Həsənovla siyasi partiya təmsilçilərinin mayın 15-dəki görüşünün əsas mövzusu Avropa Oyunları idi. «Azadlıq-2015» blokuna daxil olan partiyalar isə qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı müzakirələr aparmağı təklif etmişdi.

Görüşdən əvvəl Əli Həsənov bildirib ki, «hakimiyyət bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil». Əli Həsənov əlavə edib ki, «hazırda hakimiyyət olaraq, siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxmağa lüzum görmürük. Ona görə də bu mövzudan vaz keçdik».

Ə.Həsənovun fikrincə, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir: «Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır».

İQTİDAR-MÜXALİFƏT DİALOQU YALNIZ O ZAMAN REAL VƏ MƏZMUNLU OLA BİLƏR Kİ...

Bugünkü tədbirə əvvəlki görüşlərdə iştirak etməmiş Xalq Cəbhəsi Partiyası da dəvət olunubmuş. Partiyanın sədri Əli Kərimli deyir ki, rəhbərlik etdiyi partiya iqtidar-müxalifət dialoqunun tərəfdarıdır. Ancaq Əli Kərimli bu görüşü iqtidar-müxalifət dialoqu hesab etmədiyi üçün toplantıya qatılmayıb:

«Bu gün Əli Həsənov açıq deyir ki, seçki və seçki islahatı məsələsi bizim gündəmimizdə yoxdur və müxalifətlə bu məsələni danışmağa ehtiyac duymuruq. Yaxşı, siyasi məhbus məsələsini müzakirə eləməyə ehtiyac duymursunuz, müxalifətə qarşı olan repressiyaları müzakirə etmək istəmirsiniz, seçkiləri müzakirə eləmək istəmirsiniz. Bəs onda müxalifət partiyalarını görüşə dəvət etməyin mənası nədir? Məlum olur ki, bunlar yalnız Avropa Oyunları ilə bağlı müxalifət partiyaları ilə həmrəyliyə nail olmaq və onları öz siyasətlərinin alətinə çevirmək məqsədilə bu tədbirləri keçirirlər. Bizim əvvəlcədən də bəyanatımız var idi ki, iqtidar-müxalifət dialoqu yalnız o zaman real və məzmunlu ola bilər ki, hökumətin gerçəkdən də ölkənin problemlərini həll etməyə siyasi iradəsi olsun».

İqbal Ağazadə

İqbal Ağazadə

Əvvəlki görüşlərdə iştirak etməyən Müsavat Partiyasının başqanı Arif Hacılı da görüşə getməyib. Müsavat Partiyası iqtidarla dialoqun şərtləri kimi siyasi məhbusların azadlığa buraxılmasını, Avropa Birliyi ilə Assosiativ Sazişin imzalanmasını göstərib.

Görüşün əsas mövzusu Avropa Oyunları olsa da, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə siyasi məhbuslar məsələsini də qaldırıb:

«Bildirdim ki, ölkədə siyasi məhbus məsələsi var, həll olunmalıdır. Siyasi dustaq məsələsini Avropa Oyunlarına qarşı qoymaq lazım deyil, nə də əksinə. Avropa Oyunlarının keçirilməsindən asılı olmayaraq dustaqlar azad olunmalıdır. Məsələn, İntiqam Əliyevə 9 il iş istəyən prokuror iki milyona yaxın dövlət əmlakını mənimsəyən şəxsə şərti iş istəyir. Yanaşma siyasidir. Bildirdim ki, prokuror sizin xəttin yanında olana, siyasi yanaşmanıza görə şərti iş istəyir. Məsələlər bu şəkildə açıq qoyuldu. Hakimiyyət gedib təkliflərimizi müzakirə edəcək».

Əli Həsənov

Əli Həsənov

«BƏZİ MƏHBUSLAR»LA BAĞLI MƏSƏLƏ

Görüşdən sonra Əli Həsənov deyib ki, əvvəlki iki görüşdə olduğu kimi, bir sıra partiya nümayəndələri «bəzi məhbuslar»la bağlı məsələ qaldırıblar və onların əfv olunmasını xahiş ediblər.

Ə.Həsənov vəd edib ki, partiyaların müraciəti prezidentin diqqətinə çatdırılacaq. O, görüşü «səmərəli» adlandırıb.

Ə.Həsənov görüşün əsas mövzusunun bir daha Avropa Oyunları olduğunu vurğulayıb:

«Bu yarışlar Azərbaycan üçün bir vasitədir. Vasitə də o istiqamətə yönəldilməlidir ki, Azərbaycanın problemlərini dünyaya anladaq. Azərbaycanın reallıqlarını dünyaya çatdıraq. Bizim əleyhdarlarımızın neçə illərdir apardığı antiazərbaycan təbliğatının formalaşdırdığı trafaretləri sındıraq. Azərbaycanın real gerçəkliklərini, Azərbaycan xalqının real mədəniyyətini, tarixini, sivilizasiya dəyərlərini dünyaya çatdıraq».

Pənah Hüseyn

Pənah Hüseyn

«TƏMASLAR DAVAM ETMƏLİDİR»

Əvvəlki görüşlərdə iştirak etmiş, bu dəfə işi çıxdığı üçün görüşə qatılmadığını deyən Xalq Partiyasının sədri Pənah Hüseyn bu cür görüşlərin davamlı olmasını vacib sayır:

«Özəl işlərim meydana çıxdığı üçün bu görüşdə iştirak edə bilmədim. Ümumiyyətlə, təmasların tərəfdarıyam. Bunlardan istifadə etmək lazımdır. Təbii ki, hakimiyyət indi öz məqsədi üçün istifadə etmək istəyir. Siyasi partiyalar, o cümlədən onların içərisində müxalifətdə olduğunu bəyan edən qüvvələr də öz maraqları üçün – söhbət həm də demokratik-siyasi maraqlardan gedir – istifadəyə etməyə cəhd göstərməlidir. Ona görə mən təmasların tərəfdarıyam».

İndiyə kimi siyasi partiya nümayəndələri ilə iqtidar təmsilçiləri arasında ötən ilin dekabrında və bu ilin fevralında iki görüş keçirilib.

Müxalifət tərəfdən AXCP və Müsavat Partiyası görüşlərə qatılmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG