Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47

-

Bakıda basdırılaraq zərərsizləşdirilən tullantıların miqdarı son 4 ildə dörd dəfə azalıb.

Bunu «Təmiz Şəhər» ASC-dən apa-ya bildiriblər.

Qurumun açıqlamasına görə, 7-8 il bundan əvvəl Bakı şəhərindən yığılan tullantılar Balaxanı poliqonuna və digər tullantı sahələrinə daşınırdı: «Açıq vəziyyətdə qalan tullantılar isə ekoloji fəlakətə yol açırdı. Tullantıların atıldığı bu ərazilərdən yayılan üfunət hətta uzaq məsafələrdə də hiss olunurdu. Paytaxt sakinləri yaxın keçmişədək Balaxanı poliqonundakı tüstülənmədən və üfunət iyindən əziyyət çəkirdi».

ZİBİLDƏN ELEKTRİK!

«Təmiz Şəhər» bildirir ki, hazırda Bakı şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdan yığdığı tullantını «Təmiz Şəhər» ASC-ə təhvil verir: «Səhmdar Cəmiyyət qəbul etdiyi tullantıların çeşidləməyə yararlı hissəni Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləyir. Plastik, metal, kağız, şüşə kimi materiallar ümumi kütlədən seçilir və bu materiallar təkrar məhsul emal edən müəssisələrə göndərilir. Yandırılmaya yararlı hissə digər zavodda – Tullantıların Yandırılması Zavodunda yandırılır və ondan elektrik enerjisi istehsal edilir. Bu enerji ilə həm zavod öz ehtiyaclarını qarşılayır, həm də istehsal etdiyi enerjini ölkənin ümumi enerji şəbəkəsinə ötürür. Tullantıların Yandırılması Zavodu tərəfindən indiyədək 366 milyon 740 min kilovat saat elektrik enerjisi istehsal olunub ki, onun da az bir hissəsi daxili ehtiyaclar üçün sərf olunub. Qalan 306 milyon 920 min kilovat saat ümumi şəhər elektrik şəbəkəsinə verilib. Təkrar emala və yandırılmaya yararlı olmayan tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda basdırılaraq zərərsizləşdirilir. 2011-ci ildə 900 min tona yaxın tullantı basdırılırdısa, 2014-cü ildə bu miqdar 230 min tonadək azalıb. Bu isə son 4 ildə basdırılan tullantıların miqdarının 75fazi azalması deməkdir».

ADAMBAŞINA 400 KQ

«Təmiz Şəhər» əmin edir ki, 2016-ci ilin sonunadək Balaxanı poliqonunu tam sanitar poliqon səviyyəsinə gətiriləcək və burada basdırılan tullantıların çürüməsi nəticəsində əmələ gələn qazlar tutularaq emal ediləcək və enerji əldə olunacaq.

Qurumun açıqladığı statistikaya görə, hazırda Azərbaycanda adambaşına düşən tullantı 400 kq-a yaxındır.

ABŞ-da bir nəfərə illik təxminən 750 kq tullantı düşür. Bu rəqəm İsveçrədə 700, Almaniyada 600, Belçika, Xorvatiya və Türkiyədə 500 kq-dır. Estoniya, Çexiya, Slovakiya və Rumıniyada isə adambaşına düşən tullantının illik miqdarı daha az - 300 kq-dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG