Keçid linkləri

Təcili xəbərlər

İmperiya hissi...


Almanlar Putin-i bu cür təsəvvür edirlər - 2015
Almanlar Putin-i bu cür təsəvvür edirlər - 2015

-

QATARLA BİR BAŞINDAN O BİRİ BAŞINA...

Bir rus dostum deyirdi ki, Rusiyanı hiss etmək üçün qatara minmək lazımdır. Sözlərinə görə, özü də sıxılıb-darıxanda, bədbin hisslərə qapılanda qatara minib uzaq şəhərlərdən birinə yola düşər, guya bu yolla ölkəsini qəlbən duyarmış...

Onun nə qədər səmimi və doğrucul olduğunu deyə bilmərəm. Amma rusiyalılarla uzun təmaslarımda ən çox eşitdiyim cümlə «Rusiya böyükdür» cümləsi olmuşdu...

Nədən birdən-birə bunu xatırladım? ABŞ dövlət katibinin rusiyalı həmkarı və hətta prezidentiylə növbəti dəfə görüşməsi xəbərini eşidərkən, nədənsə bədbin bir ovqat mənə hakim kəsildi. Sandım ki, Rusiyaya mənim özümü, həm də hansısa həlli müşkül bir problemi çözməyə göndəriblər...

Üstəlik, bu günlərdə bir rusiyalı müəllifin ölkəsi və dünya haqqındakı mülahizələrini oxudum. Dərhal ağlıma gələn fikir bu oldu ki, bəli, bu xəmir hələ çox su aparacaq...

«PUTİN REJİMİ» DEYƏN AZDIR...

Bilirsiniz, hər hansı bir siyasi sistem, hətta siyasi komanda «aşağıdan» dəstək almayanda uzunmüddətli ola bilmir, öz mövcudluğunu bir siyasi rejim kimi təmin edir...

Nə qədər tənqidi yanaşsam da, deməzdim ki, Rusiyada biz anladığımız mənada siyasi, daha dəqiq desək, repressiv rejim bərqərar olub. Elə dünya siyasətçilərinin və diplomatlarının da sözlüyündə «Putin rejimi» ifadəsinə rast gəlməzsiniz. Yalnız ən radikal müxalifətçilərin çıxış və bəyanatlarında o ifadəyə təsadüf etmək olar.

Nə qədər məzəli görünsə də, rusları ac və susuz saxlasan, amma əvəzində elə hey Rusiyanın böyüklüyündən və qüdrətindən danışsan, inanın ki, dözəcəklər...

Bəs onda problem nədədir? Demirəm ki, Rusiyada keçirilən sorğular analitiklərin istinad edə biləcəyi qədər obyektivdir. Amma əlimizdə başqa bir mənbə də yoxdur. Bu ölkədə ən çox istinad edilən «Levada» Mərkəzinin sorğularıdır. Onlarsa göstərir ki, ölkədə Vladimir Putin və onun siyasətinə, həqiqətən, dəstək var, üstəlik, böyük dəstək var...

Buna təəccüblənmək lazım deyil. Əvvəllər rus filosoflarının «Rusiyanın missiyası», «Rus ruhu» kimi yazılarını oxuyanda, biz də bunları süni və mücərrəd fəlsəfi quramalar sayırdıq...

Di gəl, həyat göstərdi ki, bu, heç də belə deyil. Bir az irrasional olsa da, fəlsəfi və teoloji örtükdə qəbul edilsə də, bir millət kimi ruslarda dövlətçilik hissi çox güclüdür. Nə qədər məzəli görünsə də, rusları ac və susuz saxlasan, amma əvəzində elə hey Rusiyanın böyüklüyündən və qüdrətindən danışsan, inanın ki, dözəcəklər...

EYNİ MÜNAQİŞƏLƏRƏ FƏRQLİ MÜNASİBƏT...

Bir detalı da qeyd etməyə məcburam. Bu günlərdə Türkiyədə NATO-nun növbəti sammiti keçirildi. Ora çox diqqət kəsildim, bütün mümkün vasitələrlə o sammitdə nə danışıb, nə qərara gəldiklərini öyrənməyə çalışdım. Bilirsiniz, bir az natamamlıq hiss olunur. Nə demək istəyirəm?

Rusiya siyasətçiləri, həqiqətən, Qərbi anlaya bilmirlər. Mən onların səmimiliyinə inanıram. Onlar başa düşə bilmirlər ki, nədən Qarabağ və Dnestryanıda, Abxaziya və Cənubi Osetiyada «fırlatdıqları» ssenarini Ukraynada işə salanda, Qərb birdən-birə bərk qəzəbləndi?!.

Bəli, ruslar doğrudan da bunu anlaya bilmirlər, axı MDB məkanındakı siyasətinə görə Rusiya indiyədək hər hansı təpki və ya ciddi əngəllə üzləşməmişdi. Törətdiyi münaqişələrdə də adı çəkilmirdi. Rusiyaya hətta neytral tərəf kimi yanaşır və vasitəçi missiyasını həvalə edirdilər. Amma Ukraynada, özü də birdən-birə durum dəyişdi...

Ukraynada təkcə Rusiya maneə ilə qarşılaşmadı, elə Qərb də Rusiyanın timsalında böyük bir əngəllə üz-üzə qaldı...

RUSİYANIN ÖZƏLLİYİ

Beləcə, bir yandan cəmiyyətin dəstəyi, o biri yandan Rusiya siyasətçilərinin «ərköyünlüyü» adamda nikbin olmağa əsas vermir. Bəli, siyasətçilər və diplomatlar daha soyuqqanlı olurlar,. Onlar ən ümidsiz hallarda da bu məsələlərə gündəlik iş kimi yanaşır və sonralar həmin müzakirə və çəkişmələri öz memuarlarında şövqlə dilə gətirirlər...

Elə tarix də böyük insanların Rusiyada necə «ayılması»na dair detallarla zəngindir. Napoléon Bonaparte öz qeydlərində yazmışdı ki, mən Rusiyaya ordu ilə döyüşməyə getmişdim, şaxta və qarla yox... 41-45-ci illərin müharibəsində də, hələ almanların üstün vaxtlarında, bir alman zabiti yazmışdı ki, çox da nikbin olmaq lazım deyil, qələbə hələ çox uzaqdadır, çünki bu adamlar yalın əllə tankın üstünə gedirlər...

Rusiyanın özəlliyini təsvir etmək üçün bunları yazıram. Yazdım-yazmadım, elə mənsiz də siyasi strateq və hərbi ekspertlər bunu çox yaxşı bilirlər. Bu baxımdan Ukraynada təkcə Rusiya maneə ilə qarşılaşmadı, elə Qərb də Rusiyanın timsalında böyük bir əngəllə üz-üzə qaldı...

P.S.: Rus dostum deyirdi ki, o, Rusiyanı başqa cür təsəvvür edə bilmir, bu ölkə ya indiki kimi nəhayətsiz və böyük olmalı, ya da heç olmamalıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG