Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

-

Bir çox ölkələrdə yeniyetmələr məktəbi baza bilikləri olmadan tərk edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – OECD 76 ölkə üzrə keçirdiyi «Ümumi Baza Bacarıqları: Hansı ölkələr bacarır» tədqiqatında bu nəticəyə gəlib.

Tədqiqat məktəblilərin riyaziyyat və elm sahəsindəki biliklərini qiymətləndirib və üzə çıxarıb ki, keçmiş sovet ölkələri, hətta Balkan dövlətləri öz nəticələri ilə Asiya və bir çox Avropa ölkəsindən geri qalır.

Asiya ölkələrindən Sinqapur, Honkonq, Cənubi Koreya, Yaponiya və Tayvan şagirdləri riyaziyyat və elm sahələrində ən yüksək nəticə göstəriblər.

Polşa, Estoniya və Sloveniya ilk 20-liyə düşüb. ABŞ isə reytinq cədvəlində 28-ci yeri tutub.

Tədqiqat geniş yayılmış bir fikri də qüvvədən salmış olur – «Avropanın keçmiş kommunist ölkələri bir çox sahədə zəif olsa da, məktəblərdə riyaziyyat və digər elm üzrə yaxşı təhsil verir» düşünənlər yanılırmış.

Təşkilatın təhsil və bacarıqlar üzrə direktoru Andreas Schleicher deyir ki, məktəblərin keyfiyyəti ölkələrin iqtisadi vəziyyətinin gələcəyindən xəbər verir.

«Bu gün vacib olan o deyil ki, sən nə bilirsən, vacib olan odur ki, bu biliklərdən necə istifadə edirsən», - o, deyir.

RUSİYA 34, ERMƏNİSTAN 50-CIDIR

Avropa ölkələri arasında Çexiya, Slovakiya və Macarıstan Qərbi Avropa ölkələrindən zəif olsa da, nəticələri keçmiş sovet ölkələrinə nisbətən daha yaxşı olub. Rusiya 34-cü, Ukrayna 38-ci, Qazaxıstan 49-cu və Ermənistan 50-ci yeri tutub.

Afrika və ərəb dövlətləri isə qlobal məktəb reytinqində ən aşağı yeri tutub.

Schleicher deyir ki, məktəblərin keyfiyyəti ölkələrin iqtisadi vəziyyətinin gələcəyindən xəbər verir. Onun fikrincə, təhsilə sadəcə pul xərcləmək o demək deyil ki, dərhal yüksək nəticə əldə edəcəksən. Yüksək effektliliyə nail olmaq üçün yaxşı müəllimlər olmalı, o cümlədən, onları inkişaf etdirmək lazımdır.

OECD təhlil edir ki, baza təhsili yüksək olan və inkişafa doğru gedən ölkələrdə bu, ÜDM-un artmasına kömək edir və gələcəkdə də iqtisadi durum müsbətə doğru artacaq.

Azərbaycan bu reytinq cədvəlində yer almayıb, çünki ölkə təhsilin beynəlxalq qiymətləndirmə sisteminə qatılmır. Təhsil Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, onlar gələcəkdə belə qiymətləndirmələrə qatılacaqlar.

Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu

«AZƏRBAYCAN POTENSIALI OLSA DA, OLMASA DA, BU TESTLƏRƏ QATILMALIDIR»

Təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, Azərbaycan bir neçə il əvvəl belə bir qiymətləndirmədə iştirak edib çox pis nəticə göstərəndən sonra daha bu cür qiymətləndirmələrə qatılmır: «Azərbaycanın bu gün belə bir qiymətləndirmədə yüksək nəticə göstərməsi üçün potensialı çox zəifdir, yaxın gələcəkdə də görünmür. Amma bu, o demək deyil ki, ölkə qıraqda dayanmalıdır. Potensialı da olsa da qatılmalıdır, olmasa da. Çünki bu, təhsilimizin inkişafı üçün lazımdır. Bizə ona görə lazımdır ki, öz təhsilimiz, beynəlxalq təhsil sisteminə inteqrasiya üzərində işləyək».

Azərbaycan 2009-cu ildə PISA- Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramında 65 ölkə arasında 64-cü olmuşdu. O zaman Təhsil Nazirliyi nəticəni obyektiv saymamış və bildirmişdi ki, ölkə kurrikulum sisteminə yeni keçib. PISA hər 3 ildən bir keçirilir. Azərbaycan 2012-ci ildə bu qiymətləndirməyə qatılmadı.

PISA-nın təmsilçisi Andreas Schleicher hələ bir neçə il əvvəl AzadlıqRadiosunun sorğusuna cavabında Azərbaycanın 2012-ci ildə PISA-ya qatılmamasından təəssüfləndiyini açıqlamışdı:

«Azərbaycan 70-dən çox ölkə arasında bu cür davranan ikinci ölkədir və ona görə də 2012-ci ilin hesabatında onunla bağlı məlumat olmayacaq. Digər tərəfdən PISA-da iştirakçı ölkələrin sayı artmaqdadır. Ola bilsin, Azərbaycan 2015-ci ildə yenidən dəyərləndirməyə qatılsın».

TQDK sədri Məleykə Abbaszadə də bir neçə il əvvəl AzadlıqRadiosuna müsahibəsində PISA-dan geri çəkilməyə dair Təhsil Nazirliyinin qərarını şərh etmək istəməsə də, bir məqamı vurğulamışdı ki, PISA-nın məqsədi – yəni gənclərin müasir həyata hazırlıq səviyyəsi – hər bir hökumət üçün vacib məsələdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG