Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

Nemtsov-un müharibə hesabatı


Ilya Yashin Nemtsov-un müharibə hesabatını təqdim edir.
Ilya Yashin Nemtsov-un müharibə hesabatını təqdim edir.

-

Qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsov-un silahdaşları mayın 12-də onun ölməmişdən əvvəl üzərində işlədiyi araşdırma xarakterli hesabatı nəşr etdiriblər

Nemtsov, onun öz sözləri ilə desək, prezident Putin-in Ukraynadakı müharibəsinə işıq salmaq istəyirdi. Mərhumun bu istəyini indi onun həmkarları və dostları yerinə yetirirlər. Hesabatın 9 əsas məqamını diqqətinizə çatdırırıq.

PLANLAŞDIRILMIŞ ƏMƏLİYYAT

Hesabata görə, Rusiyanın Krımı ilhaq etməsi və Şərqi Ukraynaya müdaxiləsi bütün təfərrüatları ilə qabaqcadan planlaşdırılıb. 2011-2012-ci illərdə geniş etiraz aksiyalarından sonra Putin öz nüfuzunu artırmağını, hakimiyyətini gücləndirməyin yolunu axtarırmış. Həqiqətən də Ukrayna münaqişəsindən sonra Putin-in xalq arasında reytinqi 45%-dən 70%-ə qalxır.

FƏAL İŞTİRAK

Rusiyanın Kostroma və İvanovo şəhərlərindən olan və şərqi Ukraynadakı döyüşlərdə Kiyev qüvvələrinə əsir düşən bir neçə hərbçinin Ukraynanın Təhlükəsizlik Xidmətinə verdikləri ifadələrə istinad edilərək hesabatda bildirilir ki, Rusiya qoşunları Ukrayna münaqişəsində yaxından iştirak ediblər.

ÖLÜ SAYI

Hesabata əsasən, şərqi Ukraynadakı döyüşlərdə azı 220 rus əsgəri həlak olub. Bu əsgərlərdən bəzilərinin yaxınları hökumətdən təzminat ala bilmədiklərinə görə Nemtsov-dan kömək istəyiblər.

UKRAYNADA RUS HƏRBI TEXNİKASI

Rusiyada istehsal olunan və xaricə ixrac edilməyən bir sıra döyüş texnikası Donetsk və Luqanska nəzarət edən separatçıların ixtiyarındadır. Bu, separatçıların guya Ukrayna hərbi texnikasından istifadə etdiyinə dair iddiaları puça çıxarır. Nümunə olaraq, hesabatda fevral ayında Luqanskda kadrlara düşmüş «Pantsir-S1» «yer-göy» tipli raket sistemi göstərilir.

MH17

Hesabat müəllifləri Malayziya Hava Yollarına aid MH17 mülki təyyarəsinin separatçılar tərəfindən «Buk» raket sistemi ilə vurulduğunu iddia edirlər. Onlar bu iddialarını ilk növbədə ictimaiyyətə açıq informasiyalarla əsaslandırırlar. Belə informasiyaların bir qismi Rusiya dövlət mediasının üsyançıların bir hərbi təyyarə vurduqlarına dair yaydıqları sosial media xəbərləridir. Vurulanın mülki təyyarə olduğu bəlli olan kimi həmin postların hamısı sosial mediadan yoxa çıxıb. Hesabatda həmçinin Qərb mediasının və Avstraliya, Belçika, Malayziya, Niderland və Ukraynadan olan ekspertlərin araşdırmalarına istinad olunur. Bu araşdırmalarda da MH17-nin böyük ehtimalla «Buk»la vurulduğu söylənilir.

KÖNÜLLÜLƏR, YOXSA MUZDLULAR

Hesabatda bildirilir ki, Moskvanın «könüllülər» adı verdiyi şəxslər əslində muzdla tutulmuş döyüşçülərdir. Hesabatın təqdimat mərasimində çıxış edən müəlliflərdən biri Ilya Yashin deyib ki, hərbi çağırış idarələri və veteran təşkilatları rəsmi orqanların dəstəyi ilə Ukraynada döyüşmək üçün muzdlulara təlim keçib. Onları silahlandırmış və muzd ödəmişlər. Aylıq ödənişin məbləği 60 min rubldan (1180 dollar) 90 min rubladək dəyişib.

ÇEÇEN DÖYÜŞÇÜLƏR

Hesabata görə, döyüşlərin taleyində çeçen döyüşçülərinin mühüm rolu olub. Onlar Ukraynaya ilk dəfə 2014-cü ilin mayında gəliblər. Sonra üsyançıların «Vostok» batalyonuna qoşulub və Donetsk aeroportu uğrunda gedən uzun, qanlı döyüşdə iştirak ediblər. Çeçenlərin gəlişinin ikinci dalğası avqusta, döyüşlərin gedişatının üsyançıların xeyrinə dəyişdiyi vaxta təsadüf edib.

KREMLİN NƏZARƏTİNDƏ

Hesabatda qeyd olunur ki, tanınmamış separatçı qurumlar – Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası Kremlin birbaşa nəzarəti altındadır. Onların Kremldəki kuratoru olaraq Putin-in yaxın adamı olan Vladislav Surkov-un adı çəkilir. Hesabatda Rusiya vətəndaşı olan tanınmış separatçıların adları sadalanır. Bildirilir ki, separatçıların ilk liderlərindən bəziləri əslən Moskvadan olub və rusiyalı bir işadamına bağlı olublar.

MÜHARİBƏNIN QİYMƏTİ

Hesabat müəllifləri bildirirlər ki, müharibənin ilk 10 ayı ərzində Rusiya muzdlulara, separatçıların dəstəklənməsinə və onlara verilən hərbi texnikanın təchizatına 53 milyard rubl (1 milyard dollar) xərcləyib. Müharibə səbəbindən şərqi Ukraynadan Rusiyaya gəlmiş qaçqınların saxlanılmasına federal büdcədən 80 milyard dollar xərclənib. Krımın ilhaqına görə isə rusiyalılar ümumilikdə maaşlarında 2 trilyon, əmanətlərində isə 750 milyard rubl itiriblər. Üstəlik də, inflyasiya və sanksiyalarla üzləşiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG