Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

82 yaşlı sakin: Tikinti şirkəti evimi başıma uçurdub


Arxiv fotosu
Arxiv fotosu

-

"Burda, yaxınlıqda hündürmərtəbəli binalar tikilir. Evimi qəzalı vəziyyətə qoyublar. Neçə aydır evimdə yaşaya bilmirəm. Əvvəl tavanı başıma uçurtdular, sonra da hasarlarımı uçurtdular. Evin divarları cırıq-cırıqdır. Daş-divar adamın üstünə gəlir".

Bu dəfə "Qaynar xətt"ə zəng vuran 82 yaşlı Kubra Məhərrəmovadır. Deyir, 3 aya yaxındır ki, Səbail rayonu, Rastropoviç küçəsindəki 8 saylı mənzilində yaşamır. Səbəb də evin yaxınlığında tikinti işləri aparılması nəticəsində mənzilinin tavanının, divarlarının dağılması, hasarının uçmasıdır.

DAĞIDIBLAR, GƏLİB DÜZƏLTSİNLƏR

"Evdən əsər-əlamət qalmayıb. İti də bağlasan orda 1 saat dayanmaz. Bütün qışı yağış, qar evimin içərisinə yağdı, xəstəlik tapdım. 82 yaşım var, mənim indi qollarımı çırmalayıb ev düzəldən vaxtım deyil. Dağıdıblar, gəlib düzəltsinlər".

Sakin deyir, ya evi təmir etsinlər, ya kompensasiya ödəsinlər, ya da başqa yerdən ev versinlər.

"Bir xəstə oğlum var. O da elə bu vəziyyətdə yaşayır. Gedirəm 3-5 gün yanında qalıram, əsəbi adamdır, qışqır-bağır salır, qaçıb gedirəm qızımın yanına. Onun da şəraiti yox... 7 ildir ki, zülmdəyəm. Bir əncam çəksinlər".

Fövqəladə Hallar Nazirliyi mənzilə baxış keçirib və qəzalı olması barədə rəy verib. Həmin rəyə görə, mənzildə yaşamaq insan həyatı üçün təhlükəlidir, mənzil hər an uça bilər.

KÖMƏK ETMƏYƏCƏKLƏR

Mənzilin yaxınlığında hündür mərtəbəli binaların tikintisini "Casrian Service" şirkət həyata keçirir. Şirkətdən bildirilib ki, Kubra Məhərrəmovaya məxsus mənzilin qəzalı vəziyyətə düşməsinin tikinti işləri ilə heç bir əlaqəsi yoxdur. Buna görə də şirkətin 82 yaşlı mənzil sahibəsinə nə kompensaisya ödəmək, nə də onu başqa mənzillə təmin etmək fikri yoxdur. Əgər gələcəkdə şirkət mənzilin yerində bina tikmək barədə düşünərsə, o zaman Kubra Məhərrəmovaya kompensasiya ödəyəcək.

Səbail rayon icra hakimiyyətindən isə bildiriblər ki, belə vəziyyətlərdə yardım etmək üçün büdcədə vəsait nəzərdə tutulmayıb. Ona görə də Kubra Məhərrəmovaya kömək edə bilməyəcəklər.

XS
SM
MD
LG