Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Novella Cəfəroğlu: «Əfv üçün 15 siyasi məhbusun adını vermişik»


Novella Cəfəroğlu

Novella Cəfəroğlu

-

Bir müddətdir ki, mətbuatda may ayında əfv olacağı ilə bağlı məlumatlar yer alır. Ənənəvi olaraq bayramöncəsi prezident İlham Əliyevin onlarla məhbusu əfv edəcəyi gözlənilir. İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu artıq əfv siyahısının prezidentə göndərildiyini deyir:

- Novella xanım, gözlənən əfv barədə nə deyə bilərsiniz? Nə gözləmək olar bu əfvdən?

- Əfvin olacağına çox ümidliyik. Bütün siyahıları da vermişik. Prezident hansına, necə qol çəkəcək, deyə bilmərəm. Amma bizim bütün məhbusların adlarını qeyd etmişik.

- Söhbət siyasi məhbuslardan gedir?

- Bəli. Təxminən 15-16 nəfər adamın adını vermişik.

- Kimlərin adlarını çəkə bilərsiniz?

- Adları deməyəcəyəm.

- Sizə siyasi məhbuslardan əfv bağlı ərizə daxil olubmu?

- Bəli, ayrı-ayrı ərizələr də daxil olub. Onları da təqdim etmişik.

- Kimlərdir ərizə yazanlar?

- Heç kəsin adını çəkməyəcəyəm. Çünki bilmirəm kimi buraxacaqlar, kimi yox, ona görə də ad çəkmirəm.

- Novella xanım, artıq bir neçə aydır ki, siyasi məhbuslar onlara qəzetlərin verilməməsindən şikayətçidirlər. Onların bu problemi ilə maraqlanmısınız?

- Maraqlanmışıq. Yaqublugilə qəzetlərin verilməməsi məsələsini yoluna qoymuşduq, amma indi bilmirəm verirlər, ya yox. Bilirsiniz, bizim də əlimiz hər yerə çatmır. Penitensiar Xidmətə, həbsxana rəhbərliklərinə zəng edib deyirik. Biri var normal insandır, sözə qulaq asır, biri də var ki, anormaldır. Amma bir çox məsələlər var ki, onu yoluna qoyuruq. Siyasi məhbuslar yox, digər məhbuslar arasında karserə salınanlar olur ki, biz onları çıxarırıq. Biz elə işlər görürük, sizin heç ağlınıza da gəlməz. Sadəcə, bu barədə mətbuata heç nə ötürmürük.

- Niyə ötürmürsünüz, bəlkə ötürsəniz, işçi qrup haqda bu qədər tənqid, ittihamlarla qarşılaşmarsınız...

- Lazım deyil. Onda gərək bütün işimizi-gücümüzü ataq bu işlə məşğul olaq. İndi bizim başqa işlərimiz də var. Hərəmizin öz cəmiyyəti var, onları ayaqda saxlamaq üçün maliyyə tapmağa çalışırıq.

- Novella xanım, bir müddət əvvəl elə öz üzvləriniz deyirdi ki, işçi qrupun bir yerə toplaşması problemdir, hamını bir araya gətirmək olmur. Bu problemi yoluna qoya bilmisiniz?

- Hamının özünün də müxtəlif işləri var. Hamı bir yerə toplaşmasa da, telefon vasitəsilə tez-tez əlaqə yaradırıq. Hamılıqla ayda bir dəfə görüşürük. Dövlət strukturları ilə əlaqəmiz də yaxşıdır. Bunlar hamısı işçi qrupun necə birlikdə çalışdığını göstərir. Sadəcə, biz çox şeyi ictimailləşdirmirik. Bizə həddən artıq çox adam müraciət edir. Biz təkcə siyasi məhbusların işlərinə baxmırıq ki.

- Bu yaxınlarda heç siyasi məhbuslardan kiməsə baş çəkmisinizmi?

- Görüşlər işçi qrupun vəzifələrinə aid deyil. Amma Ədliyyə Nazirliyi nəzdində komissiya var, onlar gedib görüşürlər.

- Tofiq Yaqublunun qızının dəfnindən sonra yenidən həbsxanaya qayıtmaması üçün aparılan kampaniyaya siz də qoşuldunuz. Amma...

- Qoşulmamışdıq, o kampaniyanı elə biz başlatmışdıq. Elə onu həbsxanadan buraxdıran da işçi qrup olub.

- Amma kampaniyanı müsbət nəticələndirə bilmədiniz...

- Nə bilirsiniz, bəlkə əfv olunacaq.

Sonuncu dəfə prezident İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7-sinin cəriməsi bağışlanıb, 4-ü isə islah işlərindən azad olunub.

Əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, «NİDA» Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə və 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında «Hicaba azadlıq» şüarı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG