Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Günel Mövlud. Qadının bir günü


Günel Mövlud
Günel Mövlud

-

Qadın xoşbəxtliyi yəqin elə budur. Kiminsə köməyinə qaçmaq, kimə görəsə qorxmaq, kimisə anlamaq, kiminsə yerinə nəyisə etmək və şikayətlənməmək...

Günel Mövlud

QADININ BİR GÜNÜ

Səhər oyananda saata baxdım. 09.14.

Əl-üzümü yuyub, hazırlaşıram. Bü gün ağır gündü: anam əməliyyat olunmalıdır və yanında məndən başqa heç kim olmayacaq.

Həkim əməliyyatı 12.00-a təyin edib. Biz bir saat əvvəl, yəni 11.00-da klinikada olmalıyıq. Anamın çantasını hazırlayıram. Anamsa oğlumu yedizdirir.

Qapı döyülür, açıram, Göyçək Fatma kimi qəşəng, mehriban, gülərüz dayəmiz əlində bir dəstə yasəmənlə içəri girir. O şəhər kənarında, yasəmənlərin bol-bol açdığı pöhrəliyin yanında yaşayır. Mətbəxə keçirəm ki, iri bir qabda su götürüb, gülləri suya qoyum.

Amma mətbəxin qapısın açan kimi, şok oluram. Iri bir siçovul, dırmaşdığı pəncərə nəfəsliyindən döşəməyə atılır və mətbəx avadanlığının arasında yoxa çıxır.

Vəssalam. Əlvida səhər yeməyi! Əlvida qaynar çay və səhər poçtunu yoxlamaq. Məqsəd birdir, infeksiya mənbəyi siçovul öldürülməli, mətbəx dezinfeksiya olunmalıdır. Anam yalvarır ki, heç yeri qurdalamayım, saat yarım sonra xəstəxanada olmalıyıq. Amma mən körpə oğlumu siçovul olan evdə qoyub, gedə bilmərəm.

Mətbəxin əlimə gələn bütün əşyalarını dəhlizə çıxarıram. Süpürgə ilə qaz plitəsinin arxasını, dolabın böyür-başını qurdalayıram. Siçovul reaksiya verir. Bilirəm ki, orda gizlənib. Arada çıxır, məni görən kimi qaçıb qab-qaşıq yuyulan musluqaltının arxasına sıxılır. Dolabı qab-qaşıq yuyulan çala ilə birlikdə geri çəkməyə çalışıram. Dəhlizdən tələsən anamın səsi gəlir. O artıq hazırdır və məni gözləyir. Dolabı dartanda, arxasında yerə xeyli çirkli su axır. Mərkəzi su sistemindən bizə ayrılan şlanq çürüyüb, çirkli suyu axıdan kauçuk boru köhnəlib və deşilib. Döşəməni çirkli su basır.

Panika içində ev sahibini yığıram. Qadın ərinin yatdığını, özünün də heç nə edə bilməyəcəyini deyir. Bu arada saat 11-ə qalıb. Suyu mərkəzdən bağlayıram, dayəyə oğlumu tapşırıb, anamı götürüb, xəstəxanaya qaçıram.

Uzun-uzadı analızlər başlayır. Təzyiq ölçülür, ürək döyüntüsü, qanda şəkərin miqdarı, reaksiyalar və daha nələr. Hər şeyi anama tərcümə eləməli oluram. O təkcə Azərbaycan dilini bilir. Nəhayət, yarım saat boş vaxt var. Sistem köçürülür.

Santexnika xidmətinə zəng edirəm. Problemi deyirəm, qiymət danışıram, ünvanı təsvir edirəm, evə santexnik göndərirəm. Sonra dayəyə zəng edirəm, təcrid olunmuş mətbəxsiz uşağa nə hazırlamaq mümkündür, bu barədə ideya verirəm, santexnikə pul ödəməsini, siçovul məsələsi həll olunmayana qədər oralara toxunmamağını tapşırıram.

Həkim gəlir, deyir ki, analizlər normaldır, qısa müddətdən sonra əməliyyat başlayacaq. Həkim gedir, mənsə bir neçə xilasetmə xidmətinə zəng edirəm. Hər yerdən deyirlər ki, biz ancaq zəhər qoya bilərik, siçovul nə vaxtsa zəhəri yeyəcək, sonra öləcək. Deyirəm ki, körpə uşağım var, evə zəhər qoymaq olmaz. Siçovulu isə evdən təcili çıxartmaq lazımdır. Ya ölüsünü, ya dirisini. Hər yerdən deyirlər ki, bizdə belə xidmət yoxdur.

Anamı əməliyyata aparırlar. Man qapıda durub gözləyirəm. Gecə çox işləyib, səhərə yaxın yatan və buna görə də, təzəcə oyanan həyat yoldaşıma zəng edirəm. O deyir ki, evdə yemək mümkün olmadığından kafeyə getməlidir. Onda siçovulu ya qova, ya öldürə biləcək təpərin olmamasından tam əminəm, buna görə də, heç nə demirəm.

Ağlıma bir adam gəlir. Dostumuzdur. Müharibə iştirakçısıdır. Döyüşüb, güllə atıb, qan-qada görüb. Bəlkə, o, kömək edə bilə. Ona zəng edirəm. Siçovul məsələsini deyirəm. Söz verir ki, bizə gedib, həll edəcək. Dayəyə zəng edirəm. Deyir ki, santexnik gəlib, sistemi təzələyib, gedib. Özü isə mətbəxə girmədiyini, uşağı qucağına alıb, qorxudan həyətdə oturduğunu deyir. Deyirəm ki, indi kömək edən adam gələcək.

Yarım saat sonra dayə zəng edib deyir ki, dostunuz gəldi, siçovulu tapmadı, yoldaşın da bir dostu ilə gəldi, heç nə edə bilmədilər. İndi yemək otağındakı samovarı taxmışıq, yemək yoxdur, heç olmasa, çay içəcəyik.

Həkim görünür, məni otağına çağırır. Anamın ödündən çıxan yekə bir daşı mənə uzadır. Deyir ki, 3 saat boş vaxtım var. Anam 3 saatdan tez narkozdan oyanmayacaq. Tez xəstəxanadan çıxıram. Taksi tuturam. Evə çatıram. Otaqda 4 kişi, həyat yoldaşım, keçmiş müharibə iştirakçısı, gənc biznesmen və bir gənc hüquqşünas oturub, çay içirlər. Dayə oğlumu oynadır. Əynimi dəyişirəm, köhnə paltar geyinib, mətbəxə keçirəm, 10 dəqiqə ərzində siçovulu tapıram, öldürürəm, aparıb zibilliyə tullayıram.

Dayə mətbəxi dezinfeksiya elədiyi müddətdə bir banan əzib, oğluma yedirirəm. Gecə anamın yanında qalacam deyə elektrik çayniki, konfet, stəkan, paltar, kitab, kompüteri bir çantaya yığıram. Hələ vaxta var. Oturub, redaktoru olduğum saytın ünvanına gələn bir yazını redaktə edirəm. Bitirirəm. Qalxıb çantanı götürürəm, dayəyə gecə üçün tapşırıqları verib, taksi tuturam və xəstəxanaya qaçıram. Palatada əşyaları rahatlayıram və yadıma düşür ki, ay uzunu öhdəmə götürdüyüm yazılardan növbətisini çatdırmalıyam.

Yazını yazıram, düzəlişləri edirəm və redaktora göndərirəm.

Anamı palataya gətirirlər.

Əməliyyat uğurlu keçib.

Sadəcə, indi gecə uzunu xəstənin keşiyini çəkmək lazımdır.

Yerimi rahatlayıram və düşünürəm ki, qadın xoşbəxtliyi yəqin elə budur. Kiminsə köməyinə qaçmaq, kimə görəsə qorxmaq, kimisə anlamaq, kiminsə yerinə nəyisə etmək və şikayətlənməmək. Amma xoşbəxtsən. Bilirsən ki, evində öz əlinlə hər şeyi qaydasına salmısan. Həyat yoldaşın, oğlun rahat yatır. Problemləri olsa, birinci sənə zəng edəcəklər. Səninsə indi qayğısına qalmalı olduğun başqa doğmaların var. Sən anasan, həyat yoldaşısan, övladsan, dostsan...

Sən qadınsan, doğmalarına görə imkansızı bacaran, güclü olmağı borc bilən qadın...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG