Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:47

İcra başçısının oğlu 5 il 6 ay həbsə məhkum edildi


İlham Əsgərli məhkəmədə. Foto: MeydanTV
İlham Əsgərli məhkəmədə. Foto: MeydanTV

-

«Mən dostumun ölümünə görə bir daha onun ailəsindən, atasından üzr istəyirəm. Kənardan necə görünməsinə baxmayaraq, mənim üçün çox ağırdır, çünki bu qəzada dostumu itirmişəm».

Bunu mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başa çatan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Әsgərovun 17 yaşlı oğlu İlham Əsgərli son sözlə çıxışında deyib. İttihama görə, ötən il sentyabrın 27-də onun yüksək sürətlə və qanunsuz idarə etdiyi avtomobillə qəza törətməsi nəticəsində maşında olan keçmiş sinif yoldaşı və yaxın dostu Sənan Mirzəyev həyatını itirib. Özü və maşında olan sürücüsü Pərvin Fətullayev yüngül yaralanıb. Məhkəmə İlham Əsgərlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

İlham Əsgərli ilə bərabər mühakimə olunan digər maşının sürücüsü Əhliman Süleymanova 6 illik azadlıqdan məhrumetmə cəzası kəsilib.

«OĞLUMA DİQQƏT GÖSTƏRSƏYDİLƏR, SAĞ QALARDI»

İbtidai istintaq zamanı alınan ekspertiza rəylərində qəzaya səbəb İlham Əsgərlinin «Mercedes-Benz» markalı avtomobili yüksək sürətlə idarə etməsi göstərilib. Məhkəmədə isə İlham Əsgərlinin vəkili Bəylər Məmişov vəsatət qaldıraraq təkrar ekspertiza keçirilməsini istəyib. Vəsatət təmin olunub. 10 günlük fasilədən sonra davam edən məhkəmə iclasında hakimin elan etdiyi yeni rəyə görə, qəzaya səbəb kimi Əhliman Süleymanovun idarə etdiyi «Howo» markalı yük maşınının yolda manevr etməsi göstərilib. Hələ təkrar ekspertiza təyin olunması barədə qərar verilərkən məhkəmə iclası başa çatandan sonra hadisədə həyatını itirmiş Sənan Mirzəyevin atası Maqsud Mirzəyev yumruğunu dövlət ittihamçısının əyləşdiyi masaya çırparaq «bilirəm, başçı məhkəməyə 1 milyon verib» deyə qışqırmışdı.

Maqsud Mirzəyev «McDonald’s»ın Bakı nümayəndəliyinin rəhbəridir. O, məhkəmənin ilk günündən övladının ölümünə səbəb olmuş İlham Əsgərlinin cəzalandırılmasını tələb edirdi. Ataya təsir edən o idi ki, övladı xəstəxanada baxımsız vəziyyətdə qalıb. Hesab edib ki, İlham Əsgərlinin yaxınları onun oğluna diqqət göstərsəydilər, sağ salardı.

«Mən xaricdə olmuşam, oğlum xəstəxanada baxımsız qalıb, dünyasını dəyişib. Aparıb Mərdəkandakı ölüxanaya qoyublar. Yalnız öz övladlarını düşünüblər, onu Türkiyəyə müalicəyə aparıblar», - bunu ata əvvəlki məhkəmə iclaslarında söyləyib.

«KASIB SÜRÜCÜYƏ DAHA ÇOX CƏZA VERİLİB»

Yük maşınının sürücüsü olmuş Әhliman Süleymanovun vəkili İlqar Musayev müdafiə çıxışında bildirib ki, məhkəmə prosesi ədalətsiz keçib, məhkəmə məmur övladının törətdiyi cinayətə görə bir kasıb sürücüyə onun özündən daha çox cəza təyin edib.

«Әhliman Süleymanov öz yolu ilə gedib. Qəza yetkinlik yaşına çatmayan İlham Əsgərlinin qanunsuz və sürətlə avtomobil idarə etməsi nəticəsində baş verib. Qəzanın baş verməsində Əhlimanın heç bir günahı olmayıb, əksinə, hadisədən sonra yaralılara əlindən gələn köməyi göstərib».

Vəkil AzadlıqRadiosuna bildirib ki, məhkəmə hökmündən apelyasiya şikayəti verəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG