Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Dövlət Komitəsi məhkəmənin qərarını gözləyir


Komitə sədri deyir ki, «Azadlıq» qəzetinə başqa yer təklif oluna bilər
Komitə sədri deyir ki, «Azadlıq» qəzetinə başqa yer təklif oluna bilər

«Məhkəmə qərar qəbul etdikdən sonra «Azadlıq» qəzetinin yerləşdiyi bina boşaldılacaq». Bunu Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, bu məsələdə kompromis variant kimi «Azadlıq» qəzeti binanı boşaltdıqdan sonra ona başqa yer təklif oluna bilər. Təklif olunan yerə icarə müqaviləsi bağlandıqdan sonra icarə borcu adi qaydada ödənilərsə heç bir problem olmaz.


Kərəm Həsənov binanın boşaldılıb-boşaldılmamasını məhkəmənin müəyyən edəcəyini deyir.


Komitə sədri deyir ki, prezidentin dövlət əmlakından səmərəli istifadəyə görə 1997-ci il fərmanı var. Həmin fərmanla binanın «Azadlıq» qəzetinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci ildə verdiyi sərəncam uyğun gəlmir. Digər tərəfdən isə icarə borcunu ödəməyən obyektlər məhkəməyə verilir. Buna görə də, komitə «Azadlıq» qəzetinin həmin yeri boşaltması və dövlət büdcəsinə olan 30 min manat borcunu ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib.


Kərəm Həsənov bildirir ki, bu məsələdə söhbət yalnız «Azadlıq» və ya «Zerkalo» qəzetlərindən getmir. Təkcə 2006-cı ildə komitə icarə borclarına görə 120 icarəçiyə məktubla xəbərdarlıq edib, 600 icarəçini isə məhkəməyə verib. «Məhkəməyə verilən icarəçilərin içərisində digər mətbuat orqanları da var. Onlardan borcu ödəməyənlər yerləri boşaldacaqlar».


«Azadlıq» qəzetinin redaksiyasında isə 9 gündür ki, «Azadlıq» siyasi blokun bir qrup üzvü hakimiyyətin KİV-ə təzyiqlərə son qoyması, «Azadlıq» qəzetinin və digər KİV-lərin «Xəqani-33» ünvanından çıxarılması barədə məhkəmə iddiasının geri götürülməsi tələbi ilə aclıq aksiyası keçirirlər.


Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə qarşı iddiasına dair 1 saylı İqtisad Məhkəməsində başlanan proses noyabrın 14-nə qədər təxirə salınıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG