Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

"Mən kartof qızartması və biq makın ədəbiyyat versiyasıyam"


Stephen King
Stephen King

-

"Siçovullardan yazmaq üçün əldən-ayaqdan gedirəm"

"Kino kitaba qalib gələ bilməyəcək"

"Bəli, mən əclaf kolbasaçının biriyəm"

Populyar Amerika yazıçısı, dəhşət, mistika, triller, elmi fantastika janrlarında kitabları dünyada milyonlarla nüsxə satılmış Stephen King danışır.

Mən kartof qızartması və biq makın ədəbiyyat versiyasıyam.

Kitablarımı yazmazdan öncə heç bir hazırlıq görmürəm. Nə kitabxanalarda eşələnirəm, nə qeydlər aparıram, nə də hardasa nəyinsə altından xətt çəkirəm. Sadəcə, oturub lənətə gəlmiş sözləri yanbayan düzürəm. Məni kolbasaçıya bənzədə bilərsiniz. Bəli, mən əclaf kolbasaçının biriyəm. Mənim yazdığımla kolbasa arasında heç bir fərq yoxdur. Bir oturuma yeyib doyursan. Bunu etiraf edirəm və heç bir etirazım yoxdur: axı heç vaxt kolbasamı ağbalığın kürüsü kimi qələmə verməmişəm.

İstedad sabit deyil, ya parlayır, ya da ölür.

Həqiqəti ancaq düşmənlərinizin dilindən eşidə bilərsiniz. Dostlar və sevgililər isə məcburiyyət qarşısında düşdükləri torda çabalayaraq daim sizi aldadacaqlar.

Mən ancaq qorxduğum şeylərdən yazıram. Məsəlçün, heç vaxt ilanlardan yazmamışam, onlar mənim vecimə deyil. Bax siçovullardan yazmaq üçün isə əldən-ayaqdan gedirəm – o əclaflar məni hər şeydən çox qorxudur.

Dövrümüzdə insanları kitabla qorxutmaq get-gedə çətinləşir. Çünki, kitabdan əvvəl televizor onları yaxşıca qorxudub, daha mən neynəyə bilərəm…

Amerika prezidentləri daim məktəb zorakılığının xoş bir şey olmadığı haqda nitqlərlə çıxış edirlər. Belə cılız tamaşalar qarşısında əsnəməyim gəlir. Dərhal yadıma bu adamların Yuqoslaviyanı bombalamaq əmri verdikləri, İraqı qan gölməçəsinə çevirdikləri düşür. Məncə, bu, burnunun deşikləri narkotika tozuna bulaşmış, ayaqüstə səndələyən, əlində isə nəşəylə dolu qəlyan tutmuş birisinin narkotikanın zərərləri haqda mühazirə söyləməsi kimi bir şeydir.

Mənimçün ovqat və ilham deyə bir şey mövcud deyil. Mən hər zaman nə isə yazmaq ovqatında oluram.

Boş səhifələrdən zəhləm gedir.

Bunu əvəllər də demişəm, indi də deyirəm. Özündə istedadı kəşf etdikdən sonra, barmaqların yazmaqdan qabar olana, gözlərin bəbəklərindən pırtlayıb çıxana qədər onun üstündə əlləşməlisən.

Əgər mütaliəyə vaxtın yoxdursa, onda yazmağa da vaxtın olmayacaq.

Kino kitaba qalib gələ bilməyəcək. Kinqsli Emis kimi uşaq-muşaqlar daim guruldayırlar ki: kitab ölüb, cəmiyyət bataqlığa doğru sürüklənir, mədəniyyət məhvə məhkumdur, axmaqlar dünyanı basıb, manıslar, televiziya, pop-musiqi, pozğunluq, degenerasiya və s. bu qəbildən olan şeylər. Elə bu dəmdə ortaya lənətə gəlmiş “Harry Potter” çıxır, on iki saata beş milyon nüsxə satılmış 734 səhifəlik qara şiş. Hələ özümünküləri demirəm.

Bəzən məndən soruşurlar: “Stiv, niyə normal romanlar yazmırsan, yəni nəsə ciddi bir şey?” İnsanların çoxunun ciddi hesab etdikləri romanlar bir qayda olaraq cinsi ehtirası ölmüş qartımış bir professorun həyatından bəhs edir. Niyə belə bir zibil yazmalıyam ki? Heç cürə anlaya bilmirəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG