Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Əli Kərimli: “Hökumətə daxildən açıq-aşkar təzyiq edirik ki...”


AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli

.

“Azərbaycan Avropa Birliyi ilə Assosiativ Saziş imzalamayacaq, hansısa xırda aralıq sənədləri imzalaya bilər. Çünki Azərbaycan Avropa müstəvisindən də qopmaq istəmir.”

Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrin Riqa sammitinə sayılı günlər qalır. Ukraynanın Avropa Birliyi ilə Assosiativ Saziş imzalamaq istəməməsi dünyada Ukrayna-Rusiya böhranı yaratdı. Azərbaycan ötən sammitdə Avropa Birliyi ilə viza rejimində müəyyən güzəştlər əldə etsə də, Assosiativ Sazişdən yan keçməyi bacardı. Bəs, indi Riqa sammiti nə vəd edir?

AXCP sədri Əli Kərimli AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır:

- Əli bəy, mayın 21-də Riqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçiriləcək. Gözləntiniz nədir?

- Rəsmi qaydada hələ də bildiyim qədər qeyri-müəyyənlik qalır. Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə münasibətlərində hansısa irəliləyişlərə gedib-getməyəcəyi tam bəlli deyil.

Amma bilirəm ki, Azərbaycan hökuməti hər şey edəcək ki, ölkənin Avropaya inteqrasiyası zəifləsin. Müxtəlif bəhanələr gətirəcəklər, yəqin ki, Rusiya təhlükəsini şişirdilmiş şəkildə təqdim edəcəklər.

Ancaq bizə məlumdur ki, hakimiyyət Avropanın demokratikləşmə standartlarına uyğunlaşmamaq, o cümlədən, ölkənin bazarlarını açıq rəqabətə açmamaq, öz monopolist maraqlarını güdmək üçün Azərbaycanı qapalı saxlamaq, Avropayla dərin iqtisadi tərəfdaşlığa getmək, siyasi assosiasiya istəmirlər.

Buna görə də gözləyirəm ki, Azərbaycan Avropa Birliyi ilə Assosiativ Saziş imzalamayacaq, hansısa xırda aralıq sənədləri imzalana bilər. Çünki Azərbaycan Avropa müstəvisindən də qopmaq istəmir. Necə ki, 1994-cü ildən bəri NATO ilə Tərəfdaşlıq Proqramı çərçivəsində yerində sayan əməkdaşlıq edir. Eləcə də çalışırlar ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində nə burdan çıxsınlar, nə də demokratikləşmə yönündə proqramın dərinləşməsinə imkan versinlər.

- Dediyiniz kimi Azərbaycan Assosiativ Sazişi imzalamaq niyyətindən yayınsa, sizcə Avropa Birliyi buna necə münasibət göstərəcək? Ukrayna məsələsində Avropa Birliyi bu məsələdə prinsipiallıq göstərmişdi...

- Çox təəssüf ki, bu gözlənmir. Açığı, Avropa Birliyinin rəsmiləri ilə görüşlər, söhbətlər zamanı bu sualları verirəm. İstəyirəm ki, öz cavablarında Azərbaycanı Avropa Birliyində görmək istədiklərini, ən azı Assosiasiya Sazişini imzalamaq istədiklərini ifadə etsinlər, Azərbaycan xalqına bununla bağlı mesajlar versinlər. Ancaq Avropa Birliyi Azərbaycanla münasibətdə bu dinamikliyi göstərmir.

Bu qurumda düşünürlər ki, Şərq Tərəfdaşlığı Proqramı 6 iştirakçı ölkəyə Avropa Birliyinin yaratdığı imkandır. Onlar hesab edirlər ki, bu dövlətlərin xalqlarının hər biri bu imkanlardan yararlanmaq, bəhrələnmək üçün özü qərar verməli, özü düşünməlidir.

Ancaq onlar nəzərə almırlar ki, elə xalqlar var, azad deyil, ona bu imkanlardan istifadə etməyə imkan verilmir. Məsələn, Azərbaycan xalqının əli-qolu bağlıdır axı.

Ancaq biz müxalifət olaraq, ağır şərtlərə baxmayaraq, müəyyən mənada xalqın Avropa ilə bağlı ümidlərini ifadə edirik. Bilirsiz ki, Milli Şura ötən ilin payızından indiyə kimi 4 mitinq keçirib. Hər mitinqin qətnaməsində də bir bənd Avropa Birliyinin Assosiasiya Sazişinin imzalanması ilə bağlı tələbdir.

Mayın 17-də Riqa sammitindən cəmi bir-iki gün qabaq planlaşdırdığımız mitinqdə isə bunu yenə tələb edəcəyik. Bu Sazişin imzalanması Avropadan çox bizə lazımdır.

Bu sazişin imzalanması Avropa standartlarına uyğun yüzlərlə qanunun qəbul edilməsi deməkdir, müstəqil məhkəmə, demokratik seçki keçirilməsi, qanunin aliliyini qorumaq, iqtisadi sistemdə vergidən, gömrükdən səhiyyə, təhsilə qədər bütün sahələri Avropa standartlarına uyğunlaşdırmaq öhdəliyi götürmək deməkdir. Bu sazişin imzalanması Azərbaycan xalqının köklü maraqlarına uyğundur, Avropa bu imkanı yaradır, amma ondan imkandan istifadə etmək üçün təzyiq etmir.

Biz meydanlarda bunu ifadə edirik və təsadüfi deyil ki, mitinqlərdə Azərbaycan bayrağı ilə yanaşı Avropa Birliyinin də bayraqları dalğalanır.

- Assosiasiya sazişi tələbi ilə Ukrayna Maydanına yığılanlarla Milli Şuranın və ya digər müxalif partiyanın keçirdiyi mitinqlərin kütləviliyi arasında böyük fərq müşahidə edilir. Sizcə, Azərbaycan hakimiyyətinə təsir etmək üçün belə bir güc varmı?

- Əlbəttə, Ukrayna Maydanına yığılanlarla Azərbaycanda mitinqlərə gələnlər arasında böyük fərq var. Ancaq Ukrayna ikinci inqilaba qədər Azərbaycanla müqayisə olunmaz dərəcədə demokratik bir ölkə idi. İkinci inqilaba qədər Ukraynada müxtəlif siyasi qüvvələrin təmsil olunduğu parlament vardı, hətta narıncı inqilabla hakimiyyətə gələn qüvvələr demokratik seçkidə hakimiyyəti Yanukovych-ə uduzmuşdular.

Sizi əmin edirəm ki, Ukraynada ikinci inqilabdan qabaqkı vəziyyət Azərbaycanda olsa, Avropa Birliyinə inteqrasiyanı tələb etmək üçün meydana 100 min adam çıxar.

Bu gün Azərbaycanda hətta razılaşdırılmış mitinqlərə çıxmaq belə böyük risklərə bağlıdır. Adamlara hər cür təzyiq olur. Nəinki Ukraynadan, hətta Belarus və Rusiyadan da çox təzyiq var burda. Ancaq Azərbaycan kimi sərt, avtoritar rejimlərdə burdakı kimi böyük mitinqlər də keçirilmir.

Biz indi mitinq keçiririk, bu barədə nə qədər məlumat yaymaq imkanımız var? Küçədə elan yapışdıra bilirikmi? Yox! Televiziyalardan elan edə bilirikmi? Yox! Yalnız “Azadlıq” qəzeti yayır, bir də sosial şəbəkələrdən istifadə edə bilirik ki, filan vaxtı mitinq keçirəcəyik.

Ölkədəki şərtlər Ukraynadankından çox ağırdır. Bunu nəzərə alaraq, həm Avropa strukturları Azərbaycana diqqətlərini artırmalıdırlar, həm də biz, digər vətəndaşlarımız üzərlərində böyük məsuliyyət hiss etməlidir ki, mesajımızı sadə insanlara çatdıraq. Bunun üçün isə çox işləməliyik.

Əgər ölkənin on minlərlə daha savadlı, təhsilli vətəndaşı varsa, onlar da yüz minləri, milyonları məlumatlandırmalıdırlar. Avropa Birliyi də, Avropa strukturları da düşünməlidirlər ki, Azərbaycan xalqı ilə necə münasibət qursunlar, mesajlarını necə çatdırsınlar? Düşünməlidir ki, xalqı, məsələn, Assosiasiya Sazişinin ölkəyə verdiyi faydalar barədə necə xəbərdar etsinlər? Ölkə əhalisinə onun təhsili, səhiyyəsi, hətta gəzməyi üçün hansı imkanlar yaratdığını çatdırmaq üçün yollar düşünməlidirlər.

Bu mənada Avropa Birliyi də aktiv olmalıdır, ancaq təəssüflə deməliyəm ki, Avropa Birliyindən belə bir dinamik siyasət görmürəm.

Beynəlxalq qurumların hesabatlarında da göstərilir ki, Azərbaycanda son illərdə müstəqil vətəndaş cəmiyyəti dağıdılıb, bir neçə hüquq müdafiəçiləri həbsə atılıb.

- Bu halda Avropa Birliyi Azərbaycanda kiminlə işləməlidir?

Avropa haqqında birmənalı danışmaq olmaz, rəngarəndir. Bəzi Avropa strukturları siyasi məhbuslara ciddi dəstək verirlər. Bunun özü də böyük işdir.

Amma Azərbaycanda hələ də real müxalifət var, vətəndaş cəmiyyətindən nələrsə hələ qalıb, müstəqil, azad mətbuat da tamam sıradan çıxarılmayıb. Avropa Birliyi Azərbaycan xalqı ilə daha yaxşı işləmək istəsə, özünə tərəfdaşlar tapa bilər. Ancaq müşahidə edirəm ki, hal-hazırda Azərbaycan hakimiyyətinin bu ləng siyasəti ilə barışmaq kimi bir tendensiya var.

Ola bilsin ki, Avropa Birliyinin özünün xeyli problemləri var, Ukraynada xeyli problemlər var və onlar da tələsmirlər, gözləyirlər ki, Azərbaycan özü Avropa Birliyinin açdığı imkanlardan yararlanmaq istəsə əllərini uzatsınlar. Ancaq mən bunu səhv sayıram, hər fürsətdə Avropa Birliyi rəsmilərinə deyirəm ki, onlar Azərbaycan xalqı ilə daha sıx təmas içində olmalıdırlar.

Deyirsiz ki, kiminlə işləsinlər. Heç kimlə işləməsinlər, bir televiziya açsınlar. Niyə bu Belarusda mümkündür, Azərbaycanda yox?.. Azərbaycanda televiziya yaradıb azad mətbuat mühitini yaratsınlar.

- Deməli, Riqa sammitindən böyük bir gözləntiniz yoxdur...

Bizim Riqa sammitindən gözləntimiz böyük deyil, ancaq vəziyyətlə də barışmamışıq. 17 may mitinqində də Assosiasiya Sazişinin imzalanması tələbəni irəli sürmüşük. Hesab edirik ki, Riqa sammitində Assosiasiya Sazişi imzalanmasa da, bu işin sürətləndirilməsi üçün addımlar atılmalıdır, dinamiklik itirilməməlidir.

Biz hökumətə daxildən açıq-aşkar təzyiq edirik. Bu təzyiqin mənası odur ki, Azərbaycan xalqına yaranan bu imkanların ağzı tıxanmasın. Əgər bir halda ki, xalqın yaxşı yaşaması, yüksək təhsil, səhiyyə xidməti əldə etməsi, ədalətli məhkəmə sisteminə çıxa bilməsi, iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün islahatlar imkanı yaranıbsa, hökumət şərait yaratmalıdır ki, özünün indiyə kimi etmədiyi bu işlərin həyata keçməsinə Avropa strukturları yardım göstərsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG