Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

Cavid Qurbanov dəmir yollarının kənarında söküləcək evlərə kompensasiya vəd edir


.

“Dəmir yolunun ətrafında çoxlu köçürülməli ev və obyektlər var. Problemi həll etmək üçün mümkün olan yerlərdən dəmir yolu köçürüləcək. Bəzi yerlərdə evlərlə dəmir yolunun arası daş hasarla kəsiləcək, səsboğucu vasitələr quraşdırılacaq”

Apa informasiya agentliyinin məlumatına görə, bu fikirləri bugünlərdə “Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib. O deyib ki, köçürülməsi vacib olan evlərin qiyməti hesablanacaq və hökumətə təqdim olunacaq:

"Biz avtomobil yolları ilə bağlı iş apararkən yol kənarında yerləşən 70 min obyekt, ev köçürülüb. Onların hamısının pulu dövlət tərəfindən ödənib. Narazı qalanlar da ola bilərdi, çünki heç kəs bu məsələlərdə tam razı qalmır. Dəmir yolunun ətrafında da çoxlu belə ev var. Hansı yerdə ki, evlərin köçürülməsi vacibdir, evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pullarını ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək. Onlar da bizim vətəndaşlarımızdır. Məsuliyyətdən qaça bilmərik, səhv, yaxud düz edib, bu evləri tikiliblər, bu başqa məsələdir. Çalaşacağıq onlara yardım edək”.

“ŞANXAY” YENİDƏN GÜNDƏMƏ GƏLİR...

Hələ, 2010-cu ildə dəmir yolu və avtomobil yollarının mühafizə zolaqlarında yerləşən tikililəri araşdıran komissiya yaradılmışdı. O vaxt komissiya qatarların, avtomobil nəqliyyatının hərəkətinə və insanların həyatına ciddi təhlükə olan 5 000-ə yaxın qanunsuz tikili aşkarlamışdı. Həmin tikililərin 2 000-i avtomobil, 3 000-i isə dəmir yolarının mühafizə zolağında yerləşirdi.

Komissyanın açıqlamasına görə, 5 min tikilinin xeyli hissəsi Bakıda Nizami rayonunun Keşlə qəsəbəsindədir. Açıqlamada bildirilirdi ki, həmin qəsəbənin «Şanxay» adlandırılan hissəsində vəziyyət xüsusilə təhlükəli həddə çatıb. Həmin ərazidə dəmiryolu xəttinin hər iki tərəfindəki mühafizə zolağında çoxlu tikililər var. Plana görə dəmir yolundan 21 metr məsafədə yerləşən evlərin hamısı sökülməlidir.

O vaxtdan bəri qatarların, avtomobil nəqliyyatının hərəkətinə və insanların həyatına ciddi təhlükə olan 5 000-ə yaxın qanunsuz tikilinin bir çoxu sökülüb. Amma “Şanxay” adlandırılan bu yaşayış məntəqəsi hələ qalır.

“Şanxay” qəsəbəsində sakinlər ötən əsrin 50-60-cı illərində, Sovet dövründə məskunlaşmağa başlayıblar. Məskunlaşma Azərbaycan müstəqillik əldə edəndən sonra da davam edib. Komissiyanın araşdırmasından sonra bu qəsəbədə 900-yaxın evin təhlükəli zonada olduğu üzə çıxıb. Bu evlərin əksəriyyəti qanunsuz tikili sayılır.

Bu zonada yaşayan bəzi sakinlər evlərinin sökülməsinə imkan verməyəcəklərini bildirirlər.

Evlərindən rahatlıqla çıxmağa hazır olduqlarını bildirənlər də az deyil. Lakin, onlar söküləcək evlərinin yerinə normal kompensasiya istəyirlər.

“...BİZİ DƏ BU TALE GÖZLƏYİR”

Evi təhlükəli zonada yerləşən, qəsəbə sakini Məhəmməd Qasımov deyir ki, sovet dönəmindən burada yaşayır:

“Hələ o vaxtdan bu evlərin söküləcəyi söz-söhbəti çıxıb, indi də davam edir. Ancaq, hələ gəlib sökən yoxdu. Bu evlərin əksəriyyətində məcburi köçkünlər yaşayır. Həmin evlər Qarabağ müharibəsindən sonra tikilib və qanunsuz sayılır. Biz burada sovet vaxtından məskunlaşsaq da heç bir sənəd ala bilməmişik.

Uzun müddətdir yaşamağımız haqda sənədlər var. Qaz, işıq pulu ödəmişik. Bu bizim şəxsi mülkümüz sayılır. Bundan əvvəl “Sovetski” məhəllləsində sökülən evlərə verilən konpensasiya yetərli deyil. Görünür, bizə də bu məbləği təklif edəcəklər. Bu ədalətsizdir. Verilən pula gedib heç yerdə ev almaq olmur. Çox güman bizi də bu tale gözləyir. Əgər, normal kompensasiya verilərsə, bu dəqiqə çıxmağa hazırıq. Biz də təhlükəli zonada yaşamaq istəmirik”.

“BU EVLƏR MANEÇİLİK YARADIR”

Dövlət Dəmiryol İdarəsi Mətbuat Xidmətinin rəhbəri Nadir Əzməmmədovun AzadlıqRadiosuna bildirdiyinə görə, “Şanxay” qəsəbəsində mühafizə zolağında olan tikilililər hələ 2010-cu ildə qeydiyyata alınıb və Nairlər Kabinetinə təhvil verilib:

“Biz o vaxt “Şanxay”dakı bu cür evlərin siyahıya alınması üçün komissiya yaratdıq. Məlum oldu ki, 880-dən çox bu cür ev var. Biz o vaxt sakinləri yığdıq, danışdıq. Onların əksəriyyəti normal kompensasiya olacağı təqdirdə evlərindən çıxmağa hazır olduqlarını bildirdilər. Biz bu evlərin siyahısını və planını Nazirlər Kabinetinə təqdim etdik. O vaxtdan indiyə kimi hələlik bir qərar verilməyib. Bu evlər bizə çox maneçilik yaradır. Qatarlar həmin ərazidən keçəndə, məcbur sürətini azaldır. Sakinlər məişət tullantılarını qatarların üzərinə atır, həmin tullantıları dəmir yol əməkdaşları təmizləməli olur”.

ƏN BÖYÜK PROBLEM – MÜLKİYYƏT HÜQUQU

Hüquqşünas Fuad Ağayev bildirir ki, indiyə kimi sökülən tikililərin əksəriyyətinə hökumət ədalətli kompensasiya ödəmədiyindən, bundan sonra da müsbət nəticə gözləməyə dəyməz:

“Əgər, söhbət dövlət ehtiyacları üçün söküntüdən gedirsə, Nazirlər Kabinetinin qərarı olmalıdır. O evlərdə yaşayan insanların həyatına 1 il ərzində müdaxilə etmək olmaz. İndiyə kimi baş verənlərə əsaslansaq gerçəklidə başqa hadisələrlə rastlaşırıq.

Əgər, evin sökülməsi üçün qanuni əsas varsa, sahibkarla razılığa gəlinməlidir. Bu razılaşma olmasa, müvafiq təşkilat həmin evin dəyərləndirilməsi haqda rəy verir və dəyərə uyğun müqavilə bağlanır.

Azərbaycanda ən böyük problemlərdən biri mülkiyyət hüququnun qorunmamasıdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından da görünür ki, ən təhlükəli yerdə tikilməsinə baxmayaraq, uzun müddət yaşayış olan evlərə mülkiyyət hüquq yaranır.

“Şanxay”dakı evlər də uzun müddətdir tikilib. Bu məsələdə çox ciddi problemlər var. Bundan əvvəl sökülən “Sovetski” məhəlləsindəki evlərdə heç bir dəyərləndirilmə aparılmamışdı. Bakı şəhər İcra Hakimiyyəti ucdantutma kvadrat metr üçün 1500 manat təklif etdi. Aşağı qiymətə olan evlərə də bu pul verildi, kvadratmetrinin dəyəri bundan 10 dəfə çox olanlara da”.

Fuad Ağayev hesab edir ki, bu məsələnin kökündən həll edilməsi üçün hökumət siyasi iradə ortaya qoymalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG