Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:44

Etiraz edən müsavatçılar partiyadan çıxarıldı


Müsavatçıların piketi - 6 may 2015
Müsavatçıların piketi - 6 may 2015

-

Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın digər üzvləri Rahib Mirələmov və Əli Qasımlı partiyadan xaric edilib.

Qərar partiya Divanının mayın 11-də keçirilən toplantısında qəbul edilib.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Səxavət Soltanlı məlumat verib.

Adıçəkilən üzvlərin də daxil olduğu bir qrup müsavatçı mayın 6-da partiya qərargahı qarşısında piket keçirmişdi. Onlar partiyanın indiki başqanı Arif Hacılının istefasını və növbədənkənar qurultayın keçirilməsini tələb edirlər.

Səxavət Soltanlı onların partiyadan çıxarılmasının həmin piketlə əlaqəli olmadığını deyir:

«Həmin üzvlər partiyanın siyasi xəttinə qarşı fəaliyyət göstəriblər və nizamnamənin tələblərini dəfələrlə pozublar, heç bir xəbərdarlığa məhəl qoymayıblar. Onlar özləri də bilirdilər ki, pozuntulara yol veriblər. Aksiyanı da keçirməkdə məqsədlərdən biri o olub ki, sonradan partiyadan çıxarılmalarını bununla əlaqələndirsinlər».

Səxavət Soltanlının dediyinə görə, Suraxanı rayon təşkilatının 12 nəfərdən ibarət yeni komitəsi yaradılıb.

Partiyadan kənarlaşdırılan Müsavat Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli bu qərardan öncə AzadlıqRadiosuna bildirib ki, onların tələbləri nəzərə alınmasa, partiya içində bəzi üzvlərin sıxışdırılması, onlara qarşı repressiya dayandırılması, bu cür etiraz aksiyaları müntəzəm xarakter alacaq.

XS
SM
MD
LG