«Yeni Azərbaycan» qəzetindəki «Satış bazarları bir qrup şəxs tərəfindən idarə olunur» başlıqlı məqalədə bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi bazarlarda son dövrlərdə ərzaq mallarının bahalaşmasının səbəblərini öyrənmək üçün monitorinqləri gücləndirib. Nazirliyin mütəxəssisləri apardıqları təhlillərdən sonra belə qərara gəliblər ki, son iki həftədə bahalaşmaya təsir göstərən əsas amillər bazarlarda süni inhisarçılıq meyllərinin yaranması, regionlarda istehsal məhsullarının saxlanması üçün emal və tədarük bazalarının olmamasıdır. Nazirliyin İqtisadiyyat İdarəsinin rəisi Rafiq Məcidov hesab edir ki, bu gün malların real maya dəyəri ilə satış dəyəri arasında kəskin fərq mövcuddur. Digər tərəfdən, Azərbaycana gətirilən hər hansı bir ərzaq məhsulu ölkəyə daxil olduqdan sonra 5-6 dəfə yuxarı qiymətə satılır. Bu isə onu göstərir ki, bütün satış şəbəkələri bir qrupun əlində cəmləşib və bazara qiymət siyasətini onlar diqtə edirlər.
«Yeni Müsavat» qəzetindəki «Həqiqi Teymuraz axtarışı...» başlıqlı məqalədə müəllif yazır ki, dünən güc strukturları bir qrup jurnalistin Tbilisə səfəri zamanı «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə görüşməsi faktına reaksiya verib. Öncə E.Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovaya MTN-in əməliyyatçıları tərəfindən «həqiqi Teymuraz» kimi təqdim edilən şəxsin fotoşəkili göstərilib. Və həmin şəklin jurnalistlərin üç gün öncə Tbilisidə çəkdiyi şəxsin şəkli ilə üst-üstə düşmədiyi məlum olub. Azərbaycanlı jurnalistlərin Tbilisidə çəkdiyi fotoda görünən şəxsin həqiqətən Teymuraz Əliyev olub-olmaması məsələsinə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev aydınlıq gətirməyib. O, Teymuraz Əliyevin indiyədək Elmar Hüseynovun qətli ilə bağlı dindirilib-dindirilməməsi barədə də dəqiq məlumatı olmadığını deyib. Müəlliflə söhbətində «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev isə rəsmi strukturların mövqeyini absurd adlandırıb. Onun sözlərinə görə, bu açıqlamalar Tbilisinin «Şeytanbazar» məhəlləsində çoxlu sayda «aktyorların» yaşadığından xəbər verir.
«Bakı-Xəbər» qəzetinin əməkdaşı yazır ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı söz sahibinin, məhz Rusiya olmasına dair Azərbaycan rəsmiləri tərəfindən verilən açıqlamaların sayı artmaqdadır. Bu məsələdə Xarici İşlər naziri Elmar Məmmədyarovun xüsusi fəallıq nümayiş etdirdiyi də diqqətdən yayınmır. İlham Əliyevin Brüssel səfəri ərəfəsində nazir yenidən Qarabağ konfliktinin çözümündə Moskvanın vasitəçi kimi nümayiş etdirdiyi mövqedən Bakının məmnun qaldığını dilə gətirib. Bundan başqa, o, «Praqa prosesi» çərçivəsində də Rusiyanın müsbət rol oynadığını vurğulayır. Azərbaycan rəsmilərinin münaqişənin həllində Rusiyanın rolunu xüsusi qabartması səbəblərinə gəlincə, ekspertlər bunu Moskva və Bakı arasında ötən ilin parlament seçkilərindən sonra özünü daha çox büruzə verən siyasi yaxınlaşma ilə izah edirlər.
«Bu gün ABŞ-da 600 min erməni yaşayır. Amma azərbaycanlılara nisbətən onlar öz milli işlərinə ciddi yanaşırlar və bütün fəaliyyətlərini ermənilərin təşkilatlanmasına yönəldiblər. ABŞ-da yaşayan yalnız Güney Azərbaycandan olan soydaşlarımızın sayı isə 700 mindir. Lakin onların bir faizi belə, Güney Azərbaycanla bağlı görülən işlərə yardımçı olmur», - Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının bu fikirləri «525-ci qəzet»də dərc olunub. Onun sözlərinə görə, azərbaycanlıların güclü təşkilatlanmış diaspor qurumunun yarana bilməməsinin səbəbi birləşə bilməmələridir. GAMOH-un liderliyindən istefa verməsi ilə bağlı sualı cavablandırarkən cənab Çöhrəqanlı bildirib ki, bununla bağlı ona heç bir təzyiq olmayıb. İstefa verməsinin birinci səbəbi səhhətində problemlərin yaranması olub. İkinci səbəbi isə onun dediyinə görə, bəzi quzeyli soydaşların onu aldatması, yəni yarıyolda qoyması olub.