Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

-

"120 min dollar verib ev alasan, axırda da "bomj" kimi küçələrdə gəzəsən, binaların girişində gecələyəsən".


Bakı sakini Səadət Kazımova "Qaynar xətt"ə şikayət edib. Deyir, 2 il əvvəl ev dəllalı kimi tanış olduğu Nizami Şükürovun vasitəsilə Mirzə Hüseynovdan 3 otaqlı ev alıb. Ancaq evi etibarnamə əsasında alması indi onu 3 azyaşlı övladı ilə küçələrdə qoyub.

"DƏLLALIN TƏKLİF ETDİYİ EVİ ALDIM"

"Evimi satdım ki, bir az geniş ev alım. Həyat yoldaşım 8 ildir vəfat edib. Uşaqları təkbaşına saxlayıram. Ev dəllalı mənə "Laçın" ticarət mərkəzinin yaxınlığında 110 min dollara 4 otaqlı ev təklif etdi. Öz evim Nərimanov metrosu yaxınlığında idi. 2 otaqlı, təmirli evi 96 min dollara satmışdım. Bir az da borc pul tapıb pulumun üstünü düzəltdim və dəllalın təklif etdiyi evi aldım. ​Evin sahibi dedi ki, Çıxarışda bir az problem var, gəl əvvəl sənə evi etibarnamə ilə verim, sənədin problemini həll edəndən sonra adına keçirək. Düşündüm ki, daş binada, münasib mərtəbədə 3 otaqlı evi əldən verməmək üçün müvəqqəti çətinliyə dözərəm və razılaşdım. Notariusdan mənə etibarnamə verdi. 1 il evdə yaşayandan sonra xəbər tutdum ki, etibarnaməni ləğv etdirib".

Xətai rayon Məhkəməsi Mirzə Hüseynovun iddiası əsasında Kazımovları mənzildən çıxarıb.

"Bir də gördüm məhkəmədən bildiriş gəlib ki, evin sahibi mənim evdən çıxarılmağım barədə iddia qaldırıb. Məhkəmə oldu, dediyim kimi, qərar çıxarıldı ki, mənzili boşaldım. Məhkəmə icraçıları gəldilər, bir saatın içərisində avadanlıqlarımızı tökdülər küçəyə. Küçədən də kim, hara daşıdı, apardı, xəbərimiz olmadı".

BİR MÜDDƏT QOHUM EVİNDƏ, SONRA KÜÇƏLƏRDƏ...

Səadət Kazımova azyaşlı övladları ilə bir müddət qohum evinə sığınıb, ancaq qohumlar da onları çox saxlamayıb.

"İşləmirəm, uşaqlar da uzun müddətdir məktəbə getmir, heç nəyləri yoxdur. Bor qohum bizə kirayə ev tutdu. O da 3 ay ödənişinə kömək elədi, sonra dedi, imkanım yoxdur. Hər gün özümü öldürmək barədə düşünürəm, ancaq yenə də bu azyaşlı uşaqlara görə fikrimdən daşınıram. Axırımız necə olacaq, bilmirəm".

Mirzə Hüseynovsa "Qaynar xətt"ə bildirib ki, Səadət Kazımovaya evi ona görə etibarnamə əsasında verib ki, qadın ona evə görə pul verməyib:

"​«Gördüm küçədə qalıb, özündən çox uşaqlara yazığım gəldi, özüm Rusiyada yaşayıb işləyirəm, düşündüm boş evdir, savabdır, verdim qaldılar. Dedi ki, Naxçıvanda ev-eşikləri var, gedib satıb gətirib mənə pul verəcək, evi alacaq. Mən də ona yalnız etibarnamə verdim, razılaşdıq ki, alqı-satqı olandan sonra evi adına keçirəcəm. Evi almadı, mən də Rusiyadan qayıdanda etibarnaməni ləğv etdirdim".

Səadət Kazımova deyir ki, aralarında rəsmi alqı-satqı olmayıb, pulu mənzil sahibinə maklerin yanında nağd şəkildə verib.

Hüquqşünas Fuad Hüseynov hesab edir ki, ev asqı-satqısında aldanmanın əsas səbəbi tərəflərin hüquqları haqda məlumatsızlığından irəli gəlir.

"Adamlar hesab edirlər ki, baş etibarnamə əsasında əmlakın ötürülməsi alqı-satqı kimi qiymətləndirilə bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış müqavilə əsasında mümkündür. Onun etibarnamə əsasında ötürülməsi alqı-satqı müqaviləsi hesab oluna bilməz. Ola bilsin ki, həmin mənzilin sənədləri qaydasında olmayıb, ona görə də notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması da mümkün olmayıb. Çünki mənzilə dair qeydiyyat şəhadətnaməsi yoxdursa, təbii ki, notarius həmin mənzilin alqı-satqısı ilə bağlı müqaviləni təsdiq edə bilməz, Etibarnamə verən şəxs onu istənilən anda ləğv etmək hüququna malikdir".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG