Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

-

Rasim Qaraca

Yeni şeirlər

***

Bütün dünyada analar

qızlarını yavaşca vurar,

eyni şəkildə torbalanar gözlərinin altı

ağlayarkən uşaqlar

Hə, kiçik qızlar

harda olursa olsunlar

qorxub kiçik barmaqlarıyla üzlərini qapadanda

biri-birlərinə çox bənzəyərlər

Bir də,

dünyanın hər yerində

çox mərhəmətli olurlar

yad dildə danışan insanlar

***

Qadınlar və Kişilər

iki paralel dağ sırası kimidirlər

çayları, dənizləri aşaraq gələr

və yolları

dünyanın bir yerdə kəsişər

Kəsişmə yerlərində

böyük və qorxunc uçurumlar yaranar

vajinaya bənzər

***

Yaşa dolduqca

illər aylar kimi keçməyə başlar –

bu fikri onunla bölüşürəm

nə demək istədiyimi anlamır

anlaya bilməz

çünki anlarsa onun da illəri aylar kimi keçir deməkdir

Qorumalıyıq sevdiklərimizi

zaman toxunmalarından –

çünki, əslinə qalanda

bəzi şeyləri anlamamalıdır insan...

Söndürüb zaman maşınını

bir az düşüncəyə dalmalıyıq –

məna deyilən şey oradadır,

bizim öz keçmişimizin dərinliklərində

***

İki qadın tanıyıram:

sevgisində sorğu-sualsızdır biri

yaşamağa yenidən fürsət verilmiş kimi

gülümsər gözləri

İnsan kosmosda ağlarsa

göz yaşı yerə tökülərmi? -

soruşar digəri

***

Nağıl kimi oldu bizim həyatımız

ayrıldıq

illər keçdi

yenidən qarşılaşdıq

və baxdıq ki iki yaşlı insana çevrilmişik artıq

Öncələr gələcək vardı qarşımızda

işıqlı və uzaq

indisə keçmiş var

işıqlı

amma yaxın

***

Çox vaxt canlı insanı da

fotosuna baxaraq sevirik biz

sevirik donmuş bir anını

uzaqdakı o insanın

O gözlər o dodaqlar və o çənə

ilahi bir varlıq kimi görünür sənə

Əgər yox olsa bir gün

həyatımızdakı o insan

adi bir fotonu silmək

çox asan

***

Hər zaman deyil

yalnız indi səni istəyirəm

işlərini burax gəl

Səni sevib-sevmədiyimi soruşma

zamanı boşuna xərcləmə

indi

bu an dünyalar qədər qiymətlisən

Bir ömürlük deyil

sadəcə bir saatlıq

sevgiyə ad qoymadan,

tələsərək deyil və gec qalmadan

sadəcə gəl...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG