Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

Azərbaycanda ən gənc II Dünya müharibəsi veteranının 90 yaşı var


Arxiv fotosu: Sovet əsgəri Berlində Reyxstaqğın binası üzərinə bayraq sancır. May 1945
Arxiv fotosu: Sovet əsgəri Berlində Reyxstaqğın binası üzərinə bayraq sancır. May 1945

.

«Bir həftə qabaq haradaydınız, indi hamınız müharibə veteranı axtarırsınız!».

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bölmə rəhbəri Kamal Əliyevin tapança kimi açılan səsi otağı titrətdi. Bir yandan İkinci Dünya Mühraibəsində Qələbənin 70-ci ildönümü ilə bağlı tədbirlərə hazırlıq, bir yandan da jurnalistlərin zəngi Kamal Əliyevin əhdini üzmüşdü.

Bugünlərdə həmin təşkilatın öfisinə baş çəkdik.

Sədr Kamal Əliyevin işi başından aşsa da heç yorulan oxşamırdı, verilən hər sualda rəqəmləri dəqiqləşdirmək üçün kağız-kuğuzunu qarışdırırdı:

“Tapdım, soruşduz ki, ən az hansı rayon və şəhərdə döyüşçü veteran qalıb? Xocalı və Xocavənd rayonlarında daha veteran qalmayıb. Xızıda cəmi 4 nəfərdirlər. Gədəbəydə 78 nəfər, Yasamal rayonunda 80 nəfər qalıb”.

Kamal Əliyev
Kamal Əliyev

Kamal Əliyev deyir, bir analiz də aparıblar, veteranları yaşlarına görə bölüblər. Deyir ki, 100-114 yaş arasında 30 veteran var. Onun sözlərinə görə, sağ qalan döyüşçü veteranlar arasında ən gəncinin 90 yaşı var:

“Təsəvvür edin, Qələbənin 65 illiyində 5 min veteranımız vardı, amma indi onların sayı 1300-dən bir az artıqdır. Fikir verirsizmi ki, yaxın 5 ildə nə qədər veteranımızı itirmişik”.

Müharibədə döyüşən bütün azərbaycanlıların sayı bəlli deyil

Müsahibimiz deyir ki, İkinci dünya müharibəsinə döyüşməyə 700 min azərbaycanlı gedib, onların tən yarısı qayıdıb, amma çoxu da yaralı olub, bəziləri hansısa bədən orqanını itirib.

Kamal Əliyev onu da əlavə edir ki, əslində müharibədə Ermənistan və Gürcüstanda, Orta Asiya ölkələrində yaşayan azərbacanlılar da döyüşdüyündən ümumi rəqəm çoxdur, amma bunun statistikası aparılmadığından İkinci Dünya müharibəsində döyüşən azərbaycanlıların ümumi sayı məlum deyil.

Prezidentdən onu evləndirməsini istəyən veteran

93 yaşlı Seyfulla Baxışov sağ qayıdan 350 min döyüşçüdən, indəyə kimi yaşayan 1342 veterandan biridir. Baməzə kişidi, müsahibə boyu “subayam” deyib kirimədi.

Sonra etriaf elədi ki, Qələbənin ötən ildönümlərinin birində prezident İlham Əliyevdən onu evləndirməsini istəyib:

“Dedim ev verdiz, maşın verdiz, qaldı bir məsələ? Soruşdu nə? Dedim evlənməyim. Şaqqanaq çəkdi güldü”.

Seyfulla kişinin yaddaşında təkcə yaxın keçmiş ilişib qalmayıb, həm də uzaq müharibə illəri xatirindən silinməyib:

“Müharibədə keçirdiyiniz günlər heç yuxunuza girirmi” soruşuram. “Heç yuxumdan çıxırmı” cavabını eşidirəm: “O gecə yoxdu ki, müharibə yuxuma girməsin. Şeytana lənət deyirəm, amma yenə yuxuma girir”.

Seyfulla Baxışov
Seyfulla Baxışov

“Ac qalırdıq, doyunca yemirdik”
Seyfulla kişi müharibədə artilleriyaçı olub. Danışır ki, bir topu 4 at daşıyırdı: “Əgər atın biri ölsəydi, top qalardı ortalıqda”.

“Qorxurduzmu” soruşuram, “Yox” cavabı eşidirəm: “Ac qalırdıq. Əsas aclıq idi. Yeməyə bir şey tapmırdıq. Səhər su qaynadıb içirdik. Günörta bir qaşıqlıq kələm olurdu, axşam da daş kimi lobya. Qara çörək verirdilər, baxmırdıq necədi, yeyirdik”.

Xatırlayır ki, bir dəfə azərbaycanlı general Əliyarbəyli adlı komandirlərinin yanına gedib ki, acından ölürlər: “Məndən soruşdu ki, hardansan? Dedim Şamaxıdan. Tabeçiliyindəki zabiti çağırdı ki, bu dağ balasıdır. Bütün bitkiləri tanıyır. O hansından yesə, əsgərlər də ondan yesin”.

“Qıza aluminum üzük apardıq”

Seyfulla kişi deyir, 1947-ci ilə qədər çarpayı üzü görməyib:

“Müharibə bitdi, qayıdıb gəldim kəndə. Kolxozda işləməyə başladım. Amma yenə də aclıq idi, qarnımız doymurdu. Yamaqlı paltarla gəziridik. Heç yamaq da tapmırdıq vurmağa”.

Müharibədən qayıdandan sonra qohum-əqrəba ona “evlən” deyib:

“Evlənim, nə ilə evlənim, pul-para yox, ev-eşik yox. Anam iki dəfə rayon mərkəzinə getdi ki, parça alsın. Birtəhər 2 metr parça aldı, bir də aliminumdan nişan üzüyü. Güc-bəla bir keçi tapdıq, kəsib yarısını özümüzə saxladıq, yarısını qız evinə apardıq. Sonra toy oldu. Gələnlər nəmər yazdırırdı, 15 yumurta, ya beş-altı kilo kartof. Camaatda pul nə gəzirdi?”

“Müharibə sizə nə öyrətidi” soruşuram, “sevgi” cavabını eşidirəm:

“Müharibə öyrətdi ki, adam vətənini sevər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG