Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Azərbaycanın Dövlət Baytarlıq İdarəsi quş qripi ilə bağlı sərəncam verib


Foto arxiv

Foto arxiv

Azərbaycanın Baş Dövlət Baytarlıq İdarəsi mayın 7-də Türkiyədəki vəziyyətə və ölkə ərazisinə köçəri quşların miqrasiyası ilə əlaqədar olaraq keçə biləcək quş qripi xəstəliyinin qarşısının alınması ilə bağlı sərəncam verib.

Sərəncamda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına görə, Türkiyədə ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyi (H5N1) qeydə alınıb.

Sənəddə baytarlıq idarələri rəisləri, eləcə də quşçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə nəzarəti gücləndirmək, xəstəliyin yayılma riskinin qarşısını almaq üçün lazımı tədbirlər görmək tapşırılır.

Sərəncamda quşların tam qapalı şəraitdə saxlanılması, onların köçəri və yerli quşlarla təmasda olmasına yol verilməməsi, həyətyanı təsərrüfatlarda quşlar arasında monitorinqlər aparılması, əhali arasında profilaktika məqsədilə sanitariya-maarifi işinin təşkili, baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə diri quşların saxlanılması, kəsilməsi və satılmasının qadağan edilməsi və digər məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti hazırda Türkiyənin quş qripi yayılmış 12 bölgəsindən ölkəyə diri quş, quş əti və quşçuluq məhsulları gətirilməsinə qadağa qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG