Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

Gələn ildən məmurların sayı artırılacaq


Gələn ilin büdcəsi noyabrın 7-də parlamentin müzakirəsinə çıxarılacaq

Gələn ilin büdcəsi noyabrın 7-də parlamentin müzakirəsinə çıxarılacaq

2007-ci ildə bir sıra dövlət orqanlarında ştat sayının artırılacağı gözlənilir. Kadrlarının sayı artırılacaq qurumlar Milli Məclis Aparatı, Səhiyyə, Təhsil, Sənaye və Energetika nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə, Dini Qurumlarla İş üzrə dövlət komitələridir. Bunu noyabrın 6-da Milli Məclisin komissiyaları 2007-ci ilin dövlət büdcəsini müzakirə edərkən Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti İdarəsinin müdiri Şakir Quliyev bildirib. Onun sözlərinə görə, gələn il Bakı Şəhər Baş Təhsil İdarəsinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyində 115 yeni ştat açılacaq.

Yeni ştatların açılması ilə əlaqədar dövlət büdcəsindən lazımi vəsait ayrılacaq. Şakir Quliyev bununla yanaşı xərclərin azaldılmasına xidmət edən dəyişikliklərin də nəzərdə tutulduğunu deyir.


Onun sözlərinə görə Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin səhmdar cəmiyyətə çevrilməsi, Bakı şəhərinin rayon təhsil və səhiyyə şöbələrinin ləğv edilməsi ilə əlaqədar inzibati xərclər azaldılacaq. Müzakirədə iştirak edən Xarici İşlər nazirinin müavini Vaqif Sadıqov isə XİN aparatında işçilərinin sayının artırılmasını təklif edib.


Gələn il həmçinin Vergilər Nazirliyinin Maddi Məsələlər və İnkişaf Fondu ləğv ediləcək. Şakir Quliyev deyir ki, bununla bağlı təkliflər MM-ə təqdim edilib. Həmin təkliflərə əsasən Vergilər Nazirliyinin xərclərinə yenidən baxılacaq.


Maliyyə Nazirliyinin idarə müdirinin sözlərinə görə gələn il dövlət orqanında çalışan 30 minə yaxın adamın vəzifə maaşı da artırılacaq. Bundan ötrü 2007-ci ilin dövlət büdcəsində 53,5 milyon manat vəsait proqnozlaşdırılır.


Bu artıq 2007-ci ilin dövlət büdcəsinin Milli Məclisin komissiyalarında son müzakirəsi idi. Gələn ilin büdcəsi noyabrın 7-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.


XS
SM
MD
LG