Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:25

-

Avropada da, Qərbdə də qadın fərddi, şəxsiyyətdi. Onların bu inqilabından bir əsr keçib.

Sizsə hələ də “Əlinin qızı, Vəlinin bacısı, Pirvəlinin uşaqlarının anası” kimi ikinci dərəcəli adam kollektivinin bir parçası olmaqdasınız...

Sona Yaqubova

HÖRMƏTSİZ AZƏRBAYCAN QADINI

Hörmətsiz Azərbaycan qadını, çətin də olsa, sənə bir etirafda bulunmaq istəyirəm.

16 yaşım vardı. Ənənəvi əyalət ailələrində olduğu kimi, artıq məmələrim çıxdığına görə ərə getmək, çoluq-çocuğa sahiblənmək vaxtımın gəldiyini düşünən valideyinlərim məni içib-çəkməyən birilə nişanladılar.

Deyim ki, beləcə yalnız bir qızcığazın taleyinin kitabını bağladılar, yox! Kənd yerlərində bir qızın taleyinə onlarla qızları şərik edirlər. Məsələn, məhlədə bir qız ərə verildisə, qonşu ailələr əl-ayağa düşüb evlərindəki qızcığazları da ən azı həmin həftə xərcləməlidilər (Biz tərəfdə valideyinlər belə deyirlər: “Qızı xərclədim”).

Qonşundan qalma geri məntiqilə yaşayan kənd arvadları qollarını çırmayıb sorub-soraqlayır, qızıyla, uzaqdan-uzağa da olsa, maraqlanan bir ailə tapıb sifariş göndərir ki, bəs, əgər qızıma qarşı belə fikriniz varsa, durmayın gəlin, qızı atası verir qohumunun, dostunun oğluna. Elə qızlar da az qaza gəlmirlər. Hətta bir saatın içində qoşulub bir gədəyə qaçanı da olur. Uzun sözün qısası, mənim də bu nişandan sonra sağ əlim oldu rəfiqəmin - qonşu qızlarından birinin təpəsinə. Nişandan bir neçə ay sonra mənim nişanlım əsgərliyə, qədər arxadaşımın nişanlısı da toylarının qır-qızılını almaq üçün Türkiyədə işləməyə yola düşdülər.

Həmin ilin 8 mart bayramı mənim həyatımda həm bir dönüş nöqtəsinə, həm də utancverən bir xatirəmin təqviminə çevrildi. Bayram günlərində kənd evlərində, camaat arasında ən çox bir məsələ müzakirə olunur: kəndin nişanlı qızlarına gələn pay-pürüş, gətirilən hədiyyələrin növü, qədəri, qiyməti, rəngi kefiyyəti və s.

Həmin ilin 8 mart səhəri elə təzəcə günə başlamışdıq, bir həyətdə yaşadığımız əmimin qarımış qızı təngnəfəs içəri girdi ki, bəs, sağ əlim başına olmuş rəfiqəmin qaynanasıgil eləməyib xəsislik, bir quzunu vurub yerə, bir şaqqasını, yanına da bir dənə qızıl üzük qoyub gəliblər gəlinlərinin bayram görüşünə. Bizim boynu sınmışlardan da hələ heç bir xəbər-ətər yoxdu. İndi həmin gün yediyimiz-içdiyimiz zəhər olmazmı? Hələ bu, günün anonsuydu.

Bir azdan xala, bibi, əmcanı, dayqızıgildən gələn zənglərin biri bir qəpikdi... “Bəs, gəldilərmi görüşünə, nə gətirdilər, nə götürdülər” kimi sual atəşinin altından sağ-salamat çıx görüm, necə çıxırsan? Bu arada, qonşu qızı da qızıl üzüyünü taxmışdı barmağına, çıxıb məhlədəki krantdan azı 10 -15 vedrə su daşıyıb, mənə də üzük olan əliylə ədalı bir əl eləmişdi artıq.

Günün ikinci yarısında səhərdən qulağımı mazol eləyən sual cümlələri bir göz qırpımında çevrildi əmr cümlələrinə. Bütün ailə, nəsil, nəcabət yığışıb məni qoydu qabağına, başladı sağdan-soldan döşəməyə. "Bəs, dur zəng elə hərbi hissəyə, yerin deşiyindən də olsa, tap o köpəyoğlunu, denən ailəsindən soruşsun görsün səni niyə belə urvatsız edirlər? Kimin qızından əskiksən? Qonşu qızını necə ağır-əziz etdiklərini de".

Yazdıqca yenə o ana qayıdıram, nəfəsim təngiyir, o mentalitetbaz xalaların, bibilərin ortasında necə çiyinlərimi qısaraq oturub hirsdən, utancdan, qorxudan təzəcə çıxmış məmələrimin arasından axan tər damcılarının bədənimə yaydığı istiliyi xatırlayıram.

Ümid edirəm sizə tanış hisslər deyil.

Nə başınızı ağrıdım, durdum əliqılınclı qohum-əqrabanın tənəsindən yaxa qurtarmaq üçün zəng edib nişanlımı tapdım. "Anangilə denən mənə pay gətirsinlər" demək üçün bəlkə bir saat telefonda can çəkişdim. O bir saatlıq söhbət əsnasında azı on dəfə öldüm, on dəfə yerə girdim, xəcalət, əzab çəkdim, öz gözümdə yerlə bir oldum.

Bundan sonra bütün gücümü bu yerdən qalxmaq, bu mentalitetbaz xala-bibilərin qarşısında bir daha qısılmamaq, qürurumun xəcalətindən çıxmaq üçün səfərbər etdim.

Bəli, bu gün mən qız uşaqlarına edilən bu mənəvi terrorun fövqündə dayanıram. Bu gün ailəmdən, qohumlarımdan hər kəs mənə, haqlarıma, azadlığıma, seçimimə, həyat tərzimə sayqı duyur. Başqa yolları yoxdu. Mən onları məğlub eləmişəm. Buna məcburdular. Bütün bu "terrorçu qüvvələri" bir çırtmayla dəf eləmək olmur təbii ki. Bunun üçün o yüz illik cəhalətə qarşı açdığın savaşın tək əsgərinə çevrilməlisən, başdan-ayağa silahlanmalısan. Cəhalətə qarşı ən güclü silahın savaddı. Bütün çətinliklərə baxmayaraq oxumalısan, özünü yetişdirməlisən. Hədəfə çatmaq, qalib gəlmək üçün bütün qurbanlar sənin canından, həyatından, enerjindən, ömründən gedəcək. Bunu gözə almalısan. Təbii ki, azad, güclü, rahat yaşamaq istəyirsənsə əgər.

Axı, bu azadlıq deyilən şey alma deyil ki, oturduğun yerdə başına düşə. Bunun üçün mübarizə aparmalısan, dişinlə-dırnağınla çəkib almalısan cəmyyətdən sənə aid olan haqları. Cəmiyyətsə sənin ailəndən başayır. Evin içində ailəndən, qohum-əqrabandan, qonum-qonşundan tələb etməlisən özünə hörməti. Daha dəqiqi, özün özünü sevməli, özünə sayqı duymalısan. Özünə hörmət etməyən qadına nə ailəsi, nə uşağı, nə də cəmiyyət hörmət edəcək. Bu inqilabı edə bilmədiyin müddətdə sən hər kəs tərəfindən əzilməyə, təhqir olunmağa məhkumsan. Bu bir seçimdi. Həmin tale yoldaşım hələ də o rəzil ənənələrin idarəçiliyilə onların kuklası olmağa davam etməkdədi.

Hörmətsiz Azərbaycan qadını, inan ki, çox istəyərdim sənin də yerinə savaşıb, sənin də pozulan hüquqlarını müdafiə edəm. Çünkü mənə görə bütün qadınlar azad, rahat yaşama layiqdi. Amma bunu sən də ən azı mənim qədər istəməlisən. Sənsə tarixi mahiyyətindən xəbərin olmadan (xəbərdar olub bunu etməyiniz isə daha da dəhşətlidi) küyə qoşulub yaxınlarından hədiyyəlik ətir, kitab - nəsə maddi bir şey arzulaman kədərlidi, əslində. Çünki bu təqvimin bu tarixə yazılması sənin bildiyin, əslində isə bilmədiyin kimi, asan olmayıb. Bu təqvimdə yüzlərlə yandırılmış qadın izi var. Bu bayramın səbəbkarı olan Klara Setkin inqilabının arxasında öz haqqını istəyən, tələb edən minlərlə işçi qadın dayanırdı. Bəli, Avropa, Amerika qadını özünə gərək olanı istəyirdi. İstədi və aldı. Özü də keçən əsrin əvvəllərində.

Bəs, siz? Siz nə istəyirsiz? Kitabmı, ətirmi? Axı, bunları özünüz də ala bilərsiz. Siz sizə lazım olanı istəyin yaxınlarınızdan. Necə ki, 1908-ci ildə Nyu Yorkda qadınlar meydanlara çıxıb öz sosial-iqitisadi durumlarını təmin edən qanunların yaranmasını istəyərək, “Çörək və Gül” şüarları ilə çıxışlar etdilər (“Çörək” həyat eşqinin, qarın toxluğunun, “gül” isə rifahın ifadəsi idi).

1910-cu ildə Klara Setkinin dililə Avropa qadınları öz sözünü deməyi bacardılar. İndi Avropada da, Qərbdə də qadın fərddi, şəxsiyyətdi. Onların bu inqilabından əsr keçib. Sizsə hələ də “Əlinin qızı, Vəlinin bacısı, Pirvəlinin uşaqlarının anası” kimi ikinci dərəcəli adam kollektivinin bir parçası olmaqdasınız.

P.S.

O məşum "8 mart günü” axşamtərəfi nişanlımın qardaşı bir sumka gətirib qapıdan verib getdi. Böyük bir fəlakəti adlamış kimi, ailəm dərindən bir “of” çəkib nigarançılıqdan gün boyu hərəsi 7 oğlan doğmuş qohum-əqrabaya bir-bir zəng elədilər, pay-pürüş gəlməsinin muştuluğunu verib təlaşlarını yatırdılar. Təbii ki, gətirilən 3-5 tozbasmış suni gül, 2-3 cüt “mariyana” corablardan xəbəri olmadı heç kimin. Çünki şişirdilmiş uzun bir hədiyyə siyahısı tutub göstərdik mentalitetbaz xalalara.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG