Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

"Həbsdən çıxıb gördüm ki, qaçqın evimi satıb"


Arxiv fotosu
Arxiv fotosu

-

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən Vilayət Kərimov 25 il əvvəl hökumətin ona Nəsimi rayonu ərazisində verdiyi mənzili Ermənistandan qaçqın düşən bir şəxsin zəbt etdiyini deyir. Sonra həmin şəxs mənzili başqasına satıb. İndi mənzildə bu məsələlərə aidiyyatı olmayan üçüncü şəxs yaşayır.Vilayət Kərimovsa ailəsi ilə birlikdə kirayələrdə qalıb.

O, iddia edir ki, mənzil sonuncu sakinə İcra Hakimiyyətinin verdiyi saxta sənədlər əsasında satılıb. İndi o, əlini mənzildən üzüb. Ancaq tələb edir ki, heç olmasa İcra Hakimiyyəti onun ailəsini başqa mənzillə təmin etsin.

Şikayətçi:

"1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim ki, ailəm böyük, ev isə darısqaldır. Komissiya təşkil olundu, yaşadığım evə baxış keçirildi. Həmin il avqustun 13-də mənə Nərimanov rayonu ərazisində sərəncamla mənzil verdilər. Həm də məni ev növbəsinə götürdülər. Mən də evdə təmizlik işləri aparırdım ki, ailəmi ora köçürdüm. Bir gün getdim gördüm evə başqası girib. Dedi ki, evi mənə İcra Hakimiyyəti verib. İcra Hakimiyyətinə şikayət edəndə dedilər ki, qaçqındır, heç nə edə bilmərik. Bir az gözlə, sənə də başqa yerdən ev verərik. Həmin vaxt Ağdama döyüş bölgəsinə getdim, bir müddət orda qaldım, Bakıya qayıdandan az sonra həbsə düşdüm. 2010-cu ildə həbsdən buraxıldım və dövlət qurumlarına şikayətlər yazıb evimi tələb etməyə başladım. İcra Hakimiyyətindən cavab gəldi ki, evimdə qaçqın yaşadığına görə şikayətimi müsbət həll edə bilmirlər".

QAÇQIN EVİ ÖZƏLLƏŞDİRİB VƏ SATIB

Şikayətçinin sözlərinə görə, bu yaxınlarda təsadüfən ona bəlli olub ki, həmin ev başqasına satıb:

"Vəkil tutdum, vəkilim müvafiq idarələrə sorğular göndərdi, cavab gəldi ki, həmin qaçqın evi 1996-cı ildə saxta yolla özəlləşdirib və başqasına satıb".

Vilayət Kərimov icra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırsa da, iddiası təmin olunmayıb.

İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildiriblər ki, mübahisə predmeti olmuş mənzil 1992-ci ildə yaşamaq üçün sərəncamla Sabir İbrahimova verilib.

Ermənistan qaçqını Səltənət Səfərova da həmin mənzilə müvəqqəti qeydiyyata alınıb.

Sonradan Səltənət Səfərovanın həmin mənzili başqasına satmasından İcra Hakimiyyətinin xəbəri olmayıb. Məsələ Vilayət Kərimovun iddiası əsasında məhkəmədə mübahisələndirilib. İcra hakimiyyətindən bildirildiyinə görə, əgər məhkəmə Vilayət Kərimovun başqa mənzillə təmin olunmasını öhdəlik kimi onların üzərinə qoysaydı, İcra Hakimiyyəti qətnaməyə hörmətlə yanaşardı. İcra hakimiyyətindən qeyd edirlər ki, məhkəmə belə bir qətnamə çıxarmayıb. Sabir İbrahimov yuxarı məhkəmələrə müraciət edə bilər. Tələbləri təmin olunarsa, İcra Hakimiyyəti məhkəmə qərarlarını icra edəcəyini bildirir.

İndi Vilayət Kərimov qətnamədən yuxarı instansiyalara şikayət verəcək.

XS
SM
MD
LG