Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:02

Keçən il hər gün 30 min adam evindən qovulub


Arxiv fotosu: Pakistana sığınmış əfqan qaçqın uşaqlar. 2 aprel 2015
Arxiv fotosu: Pakistana sığınmış əfqan qaçqın uşaqlar. 2 aprel 2015

.

"Dünyada 38 milyon insan öz ölkəsində məcburi köçkün durumunda yaşayır. durumuna düşmüş şəxs var. Bu insanların heyrətamiz dərəcədə çox olması hərəkətə keçmək üçün xəbərdarlıqdır. Təkcə 2014-cü ildə 11 milyon, yəni hər gün ortalama 30 min insan evini tərk edib”.

Bu məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Məcburi Köçkünlərin Monitorinq Mərkəzinin (MKMM) mayın 7-də yaydığı birgə hesabatda qeyd edilir.

“GÜNAHSIZ MÜLKİ ŞƏXSLƏRİ MÜDAFİƏ ETMƏK İQTİDARINDA DEYİLİK”

Mətbuat üçün məlumatda bildirilir ki, hazırda dünyada məburi köçkünlərin sayı London, Nyu-York və Pekin əhalisinin ümumi sayına bərabərdir:

“Bunlar bizim dövrdə zorla didərgin salınmanın ən acınacaqlı statistikasıdır və bizim günahsız mülki şəxsləri müdafiə etmək iqtidarında olmadığımızı göstərən faktlardır.”

Hesabatda bildirilir ki, məcburi köçkünlərin sayı dalbadal üçüncü ildir ki, rekord həddə çatır.

Norveç Qaçqınlar Şurasının baş katibi Yan Egeland da bildirib ki, diplomatlar, BMT qətnamələri, sülh danışıqları və atəşkəs sazişləri insani prinsipləri deyil, siyasi, və ya dini maraqları rəhbər tutan amansız silahlı şəxslərə qarşı mübarizəni uduzublar:

"Bu hesabat hərəkətə keçmək üçün böyük bir çağırış olmalıdır. Biz milyonlarla kişi, qadın və uşaqların bütün dünyada münaqişə zonalarında girova çevrilməsi tendensiyasını dayandırmalıyıq. Çox vaxt heç bir ümidlərinin və gələcəklərinin olmadığı dəhşətli bir şəraitdə 38 milyon insan əzab çəkir.

Biz bu məsələyə yanaşmamızı dəyişməyə qalxmasaq, bu münaqişələrin şiddətli dalğaları qarşıdakı onilliklər ərzində bizi təqib etməkdə davam edəcək".

KÖÇKÜNLƏRİN ÇOX HİSSƏSİ AZƏRBAYCANDADIR

Hesabatda həmçinin bildirilir ki, həddən çox uzun sürən köçkünlük bu cür insanların sayının artmasına gətirib çıxarıb. 2014-cü ildə monitorinq aparılan 60 ölkənin az qala 90%-də on illərlə və hətta daha artıq müddətdə köçkün durumunda yaşayan insanlar aşkar edilib.

Bu hesabatda Azərbaycandakı məcburi köçkünlərə də toxunulur.

MKMM-in direktoru Alfredo Zamudio bildirib ki, dünya üzrə məcburi köçkünlərin bir hissəsi də illər öncə Azərbaycanda və Kiprdə köçkün düşənlərdir. O bildirib ki, uzunmüddətli köçkünlük insanları daha da çıxılmaz vəziyyətə salır:

“Adətən görürük ki, köçkünlük faktının özü insanları qapalı dairəyə, çıxılmaz duruma salır və onlar bu durumda nə qədər çox olurlarsa, ondan çıxmaq bir o qədər çətin olur".

“YERALTI QAZMALARDA YAŞAYANLAR İNDİ DƏ QALIR”

BMT Azərbaycandakı məcburi köçkünləri nə dərəcədə diqqətdə saxlayır?

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov deyir ki, ilk illərdə məcburi köçkünlərlə bağlı BMT Azərbaycana xeyli yardımlar edib. Onun bildirdiyinə görə, Azərbaycan iqtisadi inkişaf əldə edəndən sonra bu yardımlar dayandırılıb:

“BMT Azərbaycanda 1990-cı illərin əvvəllərindən işləməyə başlayıb. Xüsusən 1992-93-cü illərdə Qarabağdan gələn azərbaycanlıların həm yerləşdirilməsi, həm onlara humanitar yardımların göstərilməsində müxtəlif proqramlarla iştirak edib.

2002-ci ildə Beynəlxalq təşkilatlar elan etdilər ki, Azərbaycan humanitar yardımdan inkişaf proqramına keçir. Bundan sonra Azərbaycana humanitar yardımların hamısı dayandırıldı. Azərbaycan hökuməti qaçqınlara ev tikilməsi, onların kommunal və digər problemlərin öz üzərinə götürdü. Hökumət bu məqsədlə 5 milyarddan artıq pul xərcləyib. 2007-ci ildə köçkünlərin yerləşdirildiyi sonuncu çadır köçürüldü. Amma hələ də rayonlarda vaqonlar, yeraltı qazmalar, daxmalarda yaşayanlar var”.

Rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən artıq qaçqın və məcburi köçkün var. Ölkədə hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür. Bu, dünya üzrə əhalinin hər nəfərə düşən məcburi köçkün sayı üzrə orta göstəricidən 15 dəfə çoxdur.

Ölkədəki qaçqın və məcburi köçkünlərin 600 mindən çoxu 1990-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonları erməni qüvvələri işğal edərkən evlərindən qovulan insanlardır. Digər hissə isə elə həmin ərəfədə Ermənistandan qovulan azərbaycanlılardır. 1993-cü ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfər olub. Son 22 ildə təbii artım nəticəsində bu şəxslərin sayı 200 mindən çox artıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG