Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

-

Mayın 7-də Konstitusiya Məhkəməsi banklardan devalvasiyadan əvvəl dollarla götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsinə dair qərar verəcək. Söhbət banklara dollarla krediti olan 1 milyondan artıq insana təsir göstərəcək qərardan gedir.

«Azadlıq» qəzeti mövzuyla bağlı AXCP sədri Əli Kərimlinin fikirlərini dərc edib.

Əli Kərimli bildirib ki, Azərbaycan məhkəmələri əvvəllər heç vaxt eyni zamanda bu qədər adamın taleyini dəyişəcək bir qərar verməyib.

«Söhbət 1.7 milyard manat vəsaitin taleyindən gedir. Bu qədər vəsaiti kim ödəməli olacaq - vətəndaşlar, yoxsa banklar? Manatın devalvasiyası nəticəsində banklardan dollarla kredit götürmüş vətəndaşlarımız hökumətin xəlvət verdiyi «gecə» qərarının nəticəsində məhz bu qədər - 1.7 milyard manat ziyana düşüblər. Təsəvvür edin ki, adamlar illik 25-30 faizdən dollarla kredit götürüblər, sonra da dollar bir gecədə, hökumətin bir xain qərarı ilə 34 faiz bahalaşıb. İndi həmin krediti 60-65 faizlə qaytarmalı olublar. Bu qədər də insafsızlıq, soyğunçuluq olarmı?».

Əli Kərimli deyir ki, «hər bankın arxasında nəhəng bir oliqarx, ya da hakim ailənin özü dayanır. Bəs xalqın arxasında kim var? «Heç kim» deməyə tələsməyin, 1 milyon insana arxamı lazımdır? 1 milyon insan özü kimə desən arxa, dayaq da olar, istəsə, qarşısında aşılmaz maneə də olar».

«AZƏRBAYCANA QARŞI QƏRƏZLİ KAMPANİYA NƏTİCƏ VERMƏYƏCƏK»

«Birinci Avropa Oyunları ərəfəsində bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası ölkəmizin gündən-günə nüfuzunun artması ilə bağlıdır. Bu qərəzli mövqelər və aparılan çirkin kampaniya heç bir nəticə verməyəcək».

Əli Həsənov

Əli Həsənov

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu fikirlərini «Azərbaycan» qəzeti dərc edib.

Əli Həsənov bildirib ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, artan siyasi nüfuzu və iqtisadi yüksəlişi dünyanın diqqət mərkəzindədir.

Baş nazirin müavini vurğulayıb ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə prezident İlham Əliyevin Azərbaycanda son 10-12 ildə gördüyü işləri həyata keçirə bilməyiblər və bilməyəcəklər:

«Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycana qarşı qısqanclıq, qərəzli mövqe də elə buradan yaranır. Bütün bunlara baxmayaraq Avropa Oyunları yüksək səviyyədə təşkil ediləcək. Dövlətimizin başçısı İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bunun üçün lazım olan bütün işləri görürlər».

«HEÇ TÜRMƏDƏ BU QƏDƏR ƏZİYYƏT ÇƏKMƏMİŞƏM, NƏİNKİ QÜRBƏTDƏ»

«Yeni Müsavat» qəzeti ailə üzvləri ilə Belçikada yaşayan şair Mirzə Sakitdən müsahibə alıb.

Qəzet Mirzə Sakit nəylə məşğul olması ilə maraqlanıb. Şair deyib ki, hələ işləmir: «Bizə pul verən idarəyə müraciət etmişəm. Pulu kəsməmək şərtilə iş verə bilərlər. Bağbanlıq edə bilərsən. Onun pulunu verirlər, kompensasiyanı da kəsmirlər. Amma gərək iş olsun. Fəhləlik etmək üçün belə kurslara getmək lazımdır. Kurs keçməlisən, kağız verməlidirlər».

Mirzə Sakit

Mirzə Sakit

Mirzə Sakit Belçikada həyat şərtlərinin yüksək olduğunu, ancaq darıxdığını da bildirib: «Qanuna uyğun şəkildə vətəndaşlıq almalıyam. Gələn il 5 il tamam olur. Əvvəlcə 3 il oturum vermişdilər, indi 5 il oldu. Mən vətəndaşlıq aldımsa, bir həftəyə Bakıdayam. İndiki mərhələdə getsəm, olmaz. Bu mənim özümə də, uşaqlarıma da çox ziyan edər. «Orda təhlükə vardısa, necə getdin» deyəcəklər. Məni dərhal çağırar, statusumu geri alarlar. Amma yenə də cavan deyiləm ki, burada ölüm. Belçikada elə yerlər var ki, deyirsən burda ölüm qalım. Amma torpaq, vətən şirindir. Mən heç türmədə qürbətdə çəkdiyim qədər əzab çəkməmişəm».

AYTACI ÖLDÜRƏN OĞLANN ATASI İFLİC OLDU

«Bizim Yol» qəzeti yazır ki, 17 yaşlı Aytac Babayevanın ölümündən sonra qətli törətmiş İzzət Hüseynovun atası Natiq Hüseynov iflic olub, hazırda xəstəxanada müalicə alır, bacıları isə qorxudan evdə qalmırlar.

«İzzətin ailəsi bu olaydan sonra evlərini də tərk ediblər. Atası hadisədən sonra iflic oldu, bədəninin bir hissəsi işləmir. İndi xəstəxanada müalicə alır. Aytacın qətlindən sonra onlar çox pis vəziyyətə düşdülər. İzzətin bacıları qorxudan evdə qalmırlar. Onlar Aytacın qohumlarının hər an hadisə törədəcəklərindən qorxduqları üçün gecə vaxtı evdən çıxdılar. Biz onların Azərbaycanı tərk edərək Gürcüstana getdiklərini eşitmişik. Oğlunun əməlinə görə atası Natiq çox əzab və stress keçirib. Ürəyi buna tab gətirmədi. Onlar çox çətinliklə yaşayırdılar». İzzətin qonşuları deyib.

Şərhləri göstər

XS
SM
MD
LG