Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

.

Mayın 8-də prokurorluq orqanlarına işə qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək. İmtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Baş Prokurorluq birlikdə təşkil edib. TQDK-nın APA informasiya agentliyinə verdiyi məlumata görə, müsabiqədə 100 iş yeri üzrə 380 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. Namizədlərə 100 sual təqdim olunacaq. Suallardan 80-i hüququn müxtəlif sahələrini əhatə edəcək və hər sual 1 balla qiymətləndiriləcək. Namizədlərin məntiqini yoxlayacaq 20 sualın hər biri isə yarım balla qiymətləndiriləcək.

Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

NAMİZƏDLƏRİN MÜSİBƏTİ...

Əslində imtahanlar necə keçirilir və hansı xüsusiyyətlərə məxsus şəxslər üstünlük qazanır?

Hüquqşünas Müzəffər Baxışov deyir ki, yazılı test imtahanları tam obyektiv keçirilsə də növbəti mərhələlərdə seçim namizədlərin siyasi baxışlarına görə aparılır:

“Bu imtahanlar iki mərhələdə keçirilir. Yazılı və şifahi. Yazılı mərhələnin özü də iki hissədən ibarətdir. Test imtahanı və inşa. Test imtahanı çox şəffaf keçirilir, buna şübhə ola bilməz. Mənim TQDK-nın keçirdiyi bütün imtahanlara güvənim var.

Namizədin müsibəti şifahi imtahanda başlayır. Burada onların siyasi əqidəsini, kimlərlə qohum olmasını qeyri-rəsmi araşdırırlar. Yoxlayırlar ki, necə adamdır. Müstəqil, öz fikri olan adamları qəbul etmirlər. Hansı cavabı verməsindən asılı olmayaq, həmin şəxslər bu mərhələni keçə bilmirlər”.

“ÜMUMMİLLİ LİDER KİMDİR”?

Müzəffər Baxışovun sözlərinə görə, şifahi qiymətləndirmə bütün hüquq-mühafizə və məhkəmə orqanlarına keçirilən imtahanlarda tətbiq olunur:

“Bu təkcə prokurorluq orqanlarına keçirilən imtahanlarda baş vermir. Polis orqanları, digər hüquq-mühafizə təşkilatları, məhkəmələrə də bu yolla qəbul edirlər. Şifahi mərhələni ona görə təyin ediblər ki, arzuolunmaz şəxsləri bu orqanlara qəbul etməsinlər.

Şifahi imtahan götürən şəxslərin bilik səviyyəsi də aşağıdır. İmtahan verənlər onlardan qat-qat biliklidi. Onlar hazırlaşır, testdən keçmək üçün əziyyət çəkirlər. Bunlara sual verirlər ki, hansı yazıçının əsərini oxuyub. Buna görə onun dünyagörüşünü müəyyən edirlər və özlərinə uyğun olub-olmadığını müəyyənləşdirirlər. Əslində isə, bu sualların məsləyə aidiyyatı yoxdur.

Yaxud da mənasız bir sual verirlər ki, xalqımızın ümummilli lideri kimdir? Bəlkə, kimsə qəbul etmir ümummilli lider anlayışın? Özünə hörmət edən adam deyir ki, bilmirəm. Əgər bunu bilmirsənsə, həmin mərhələni keçə bilməzsən”.

İmtahanların keçirilməsində ayrıseçkilik və şifahi imtahanlarda siyasi sualların olması barədə hüquqşünas Müzəffər Baxışovun iddialarına Baş Prokurorluğun münasibətini öyrənmək mümkün olmadı. Lakin bundan əvvəlki imtahanlarda prokurorluq imtahanların şəffaf keçirildiyini, namizədlərin bilik səviyyəsinə görə seçildiyi haqda məlumat vermişdi.

İmtahanın nəticələri test keçirilən gün gün TQDK-nın internet saytında yerləşdiriləcək.

Azərbaycanda hüquq-mühafizə orqanlarına işə qəbul 2005-ci ildən test imtahanları ilə aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG