Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:42

-

Mayın 6-da Bakıda «Tour d'Azerbaidjan» beynəlxalq velosiped turu start götürdü. İştirakçılar yarışa Bayraq meydanından başlayıb Sumqayıta üz tutdular.

Yarışla bağlı səhər saat 10-dan Bayraq meydanından Bibiheybət məscidinə qədər yolda nəqliyyat üçün hərəkət məhdudlaşdırılmışdı.

Mayın 6-dan 10-dək keçirilən yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər.

Yarışın Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovun verdiyi məlumata görə, yarışda Avstriya, İtaliya, ABŞ, Sloveniya, İrlandiya, Çin, Almaniya, Slovakiya, İsrail də daxil olmaqla 25 komanda mübarizə aparacaq.

Azərbaycanı 6 velosipedçinin (Elçin Əsədov, Maksym Averin, Samir Cəbrayılov, Matej Mugerli, Ioannis Tamouridis və Oleksandr Surutkovych) olduğu «Synergy Baku» komandası təmsil edir.

Sahib Ələkbərov komandanın uğurlu çıxış edəcəyinə inandığını bildirib:

«Komandamız bu il bir neçə turnirdə iştirak edib. Nəticələri bizi qane edir. Sloveniya və Asiya turlarında yaxşı nəticələr göstərdilər. Xüsusilə Fransada keçirilən turda çox yaxşı çıxış etdilər. Ümid edirəm ki, ölkəmizdə də nailiyyətə imza atacaqlar».

Federasiya rəsmisi marşrutların keçəcəyi yollarda problemlərin yoluna qoyulduğunu bildirib: «Seçilən marşrutlarda problemli yol yoxdur. Hamısı yoxlanılıb. Yolların bağlanmasına gəldikdə, çalışacağıq ki, bu, minimum olsun».

Yarış iştirakçıları ümumilikdə 867 km məsafə qət edəcəklər.

Yarış iştirakçıları ümumilikdə 867 km məsafə qət edəcəklər.

«İNFRASTRUKTUR BU CÜR YARIŞLARIN KEÇİRİLMƏSİNƏ İMKAN VERMİR»

İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, bu yarış olimpiya oyunlarına lisenziya versə də, təqdim olunduğu kimi böyük yarış deyil:

«Bu, adi turnirdir. Adi turnirlər keçirilir, burda fərqlənən idmançılar Olimpiya Oyunlarına vəsiqə verir. Bu yarış da bu qəbildən olan turnirdir. Kiçikçaplı bu cür yarışlar il ərzində çox keçirilir. Amma Bakının, bütövlükdə Azərbaycanın infrastrukturu bu yarışların keçirilməsinə imkan vermir. Məqsəd hakimiyyətin təbliğatıdır. Yollar bağlanır, marşrut avtobuslar belə xətdən çıxarılır. Burda ölkənin yox, hakimiyyətin təbliğatı gedir. Təbii ki, ayrı-ayrı ölkələr təmsil olunur. Çünki lisenziya xarakterlidir. Ancaq bir şey var. Olimpiada yaxınlaşdıqca, lisenziya xarakterli turnirlərin də əhəmiyyəti azalır. Kimlər ki, lisenziya alır, növbəti turnirə maraq göstərmir. Avtoritar-totalitar tipli ölkələrdə bir qayda olaraq belə yarışlar təbliğat maşınının predmetinə çevrilir. Ona görə ətrafında belə hay-küy yaradırlar».

«ÖLKƏ ADINA ŞƏXSİ MƏSƏLƏLƏRİ ARXA PLANA ATMAQ OLAR»

Velosiped İdmanı Federasiyasının sözçüsü Pərviz Musayev deyir ki, yollarda nəqliyyatın məhdudlaşdırılmasına görə turnirin əhəmiyyətini aşağı salmaq olmaz:

Yarışın son 3 mərhələsi «Eurosport» kanalında canlı yayımlanacaq.

Yarışın son 3 mərhələsi «Eurosport» kanalında canlı yayımlanacaq.

«Bütün dünyada qəbul olunub ki, bu cür yarışlar yollarda keçirildiyindən nəqliyyatın məhdudlaşdırılması labüd olan bir şeydir. Ola bilər, sürücülərə hansısa narahatçılıq yarada bilər. Ancaq bu elə bir yarışdır ki, ən azından ölkə üçün normal qarşılamaq lazımdır. Çünki bütün dünya Azərbaycanı görür. Ölkənin tanınmasına görə çox önəmli turnirdir. Ona görə ölkə adına şəxsi məsələləri arxa plana atmaq olar».

Yarışın direktoru Albrecht Röder «Tour d’Azerbaidjan» veloyürüşü haqqında deyib ki, «biz yaxşı təşkil olunmuş və təhlükəsiz bir yarışın şahidi olacağıq». O, yolların yoxlanıldığını da deyib. Bildirib ki, Qəbələdə bəzi enişlərdə problem olub. Ancaq sonradan aradan qaldırılıb.

Veloyürüş iştirakçıları mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrut üzrə hərəkətdə olacaqlar. Mayın 10-dakı sonuncu mərhələ (144 km) Bakı küçələrində keçiriləcək.

Bu turun iştirakçıları Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi «Eurosport» kanalında canlı yayımlanacaq.

«Tour d’Azerbaidjan» 2013-cü ildən keçirilir.

Gələn il keçiriləcək yarışın marşrutuna Ağsu aşırımlarının da salınması planlaşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG