Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

-

«Azadlıq» qəzeti yazır: «Oğurlanan gənc fəalın işgəncə altında saxlanıldığı güman edilir».

Söhbət AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədlidən gedir. Qəzet yazır ki, həmin gənc aprelin 28-də oğurlanıb: «Xeyli axtarışlardan sonra onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin («bandotdel») əməkdaşları tərəfindən oğurlandığı məlum olub. Gənc fəal o vaxtdan bəri naməlum şəraitdə saxlanılır, onun başına nə gəldiyi bəlli deyil. Fuad Əhmədli bugünədək nə sərbəst buraxılıb, nə də yaxınlarına onunla görüşmək imkanı yaradılıb. Hətta vəkilinin də gənc fəalla görüşməyinə imkan verilməyib.

Fuad Əhmədlinin həbsi, harada saxlanması ilə bağlı formal da olsa, məhkəmə qərarı belə ortada yoxdur. Bu isə Azərbaycanın hüquq sistemindəki dərəbəyiliyin bariz nümunəsidir.

Cəbhəçi gəncin atası Zəfər Əhmədli «Azadlıq»a bildirib ki, aprelin 28-dən 29-na keçən gecə Fuad işdən evə qayıdarkən zorla maşına mindirərək naməlum istiqamətə aparıblar. Sonradan hüquq-mühafizə orqanlarından öyrəniblər ki, gənc fəal «bandotdel»ə aparılıb, barəsində 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Ata oğlunun vəkildən imtina etməsi haqda deyilənlərə də, onun «xırda xuliqanlıq elədiyinə» görə 25 sutka cəza almasına da inanmır: «...məgər polis vətəndaşı söyüş söydüyünə görə saxlayanda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirir?.. Bundan sonra soruşdum ki, Fuadın həbsi ilə bağlı məhkəmə qərarı varmı? Varsa, həmin qərarı görmək istədim. Onu da göstərmədilər».

Qəzet yazır ki, Fuad Əhmədlinin hətta yaxınlarının müqavilə bağladığı vəkillə də görüşünə imkan yaradılmaması ona işgəncə verildiyinə dair şübhələri artırır. İstisna deyil ki, işgəncə izlərinə görə görüşə şərait yaradılmır.

AXCP sədri Əli Kərimli Fuad Əhmədlinin həbsindən çox narahat olduğunu bildirib:

«Həbsindən cəmi bir neçə gün qabaq sonuncu əməliyyatdan çıxıb. Onu hazırda qeyr-qanuni girov saxlayanlara buradan səslənirəm ki, Fuadın həyatı üçün məsuliyyət daşıyırlar! Bunu unutmasınlar!..».

«MÜSTƏQİLLİYİMİZİN MEMARI»

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov «Azərbaycan» qəzetində bu başlıqlı məqalə ilə çıxış edib.

Əli Həsənov

Əli Həsənov

O yazır: «Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir».

Əli Həsənov daha sonra 2003-2013-cü illərdə Azərbaycanın «İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan, müstəqil siyasət yürüdən ölkəyə çevrildiyini» bildirir.

Əli Həsənovun qənaətincə, «Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə və s. görə də dünyada vətəndaş cəmiyyəti və siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilib. Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə fəal təsir göstərir».

Prezident köməkçisi məqaləni bu cür tamamlayır: «...müstəqilliyinin iyirmi ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş bir ölkə kimi tam formalaşmış, güclü regional amilə çevrilmiş və qlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlamışdır».

DÖVLƏT BAYRAĞI MEYDANI İDARƏSİ RƏİSİNİN «HƏYASIZLIĞI»

virtualaz.org iki gün öncə - mayın 4-də Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad olunan Rəşad Məmmədov haqda yazıb.

Sayt R.Məmmədova məxsus «AzImport» şirkətinin «özbaşınalıqları ilə üzləşən və halal mal-mülkü qəsb olunan paytaxt sakinlərinin çoxsaylı şikayətləri əsasında» artıq bir neçə aydır jurnalist təhqiqatları apardığını bildirir:

Rəşad Məmmədov

Rəşad Məmmədov

«Bu şirkətə R.Məmmədovun bacısının əri Azər Əsgərov başçılıq edir. Şirkətin adına ilk dəfə 2010-cu ildə - Buzovna-Zuğulba-Bilgəh magistral yolu çəkilməyə başlayanda rast gəlinib. Həmin yolun hər iki tərəfində ayrı-ayrı vətəndaşlara məxsus olan şəxsi mülklər yerləşirdi. R.Məmmədovun gözü ayağının altını görməyən dəstəsi ən vicdansız təzyiq, hədə, şantaj üsullarını tətbiq etməklə həmin mal-mülkə bir göz qırpımında sahiblənmişdi. Bu, adi quldurluq idi. Buzovna sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin əmlakı və şəxsi torpaq sahələri də bu yolla R.Məmmədovun dəstəsinin əlinə keçdi.

Bundan əlavə, Buzovnada 10 min kvadratmetr sahədəki yaşayış sahəsi və yaşıllıq bu şirkət tərəfindən qanunsuz olaraq dağıdılıb və məhv edilib. Bu zaman mülkiyyət sahiblərindən heç kimə kompensasiya ödənilməyib.

«AzImport» Azərbaycanın strateji obyektlərindən birini - Buzovnadakı bomba sığınacağını da qəsb edib. Onun yerində 56 ikimərtəbəli mağaza tikilib. Buzovnada R.İmanov küçəsindəki qazanxana da şirkət tərəfindən ələ keçirilib. Yerində dəbdəbəli ikimərtəbəli ticarət mərkəzi tikilib. Qəsəbə sakinləri bu yolla istilikdən məhrum edilib. Yüzlərlə vətəndaşların qarajları bu şirkət tərəfindən zorla ələ keçirilib və dağıdılıb. Özü də təkcə Buzovnada yox, həm də Bayılda. Heç kimə də qəpik də kompensasiya ödənilməyib».

virtualaz.org saytının əldə etdiyi məlumata görə, bütün bu göstərilən faktlar üzrə Bakı şəhər Prokurorluğunda araşdırma gedir...

«Rəşad Məmmədov-Azər Əsgərov duetinin həyasızlığı və harınlığı o həddə çatıb ki, onlar hətta Heydər Əliyev parkının yerini (burada isə ümummilli liderə abidə qoyulmalı idi), Mədəniyyət Evinin, «Reyhan» restoranının ərazisini - üst-üstə 1 hektar yarım ərazini ələ keçirərək orada otel, restoranlar və digər obyektlər inşa edib. Yenə də heç kəsə kompensasiya ödəmədən! Bu cütlük bakılıların hətta çimərliyini də əllərindən alıb!!!».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG