Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

Andrey Makarevich: “Tam hiss olunur ki, bizi müharibəyə hazırlayırlar”


Andrey Makarevich Moskvada sülh marşında, 15 mart, 2014

Andrey Makarevich Moskvada sülh marşında, 15 mart, 2014

-

"Başqa ölkəyə köçsəm neynəyəcəm bəs? Sakit pensioner həyatımı yaşayım? Parkda itmi gəzdirim? Mən belə həyatı bacarmaram".

Rusiya hökümətinin Krımla bağlı siyasətindən narazılığını bildirdikdən sonra məşhur rokçu Andrey Makarevichə təzyiqlər başlayıb. Onun qastrol səfərləri məhdudlaşdırılır. Makarevichin özünü “faşist-maşinist”, onu dəstəkləyənləri isə “Kiyev xuntasının” tərəftarları adlandırırlar.

- “Həmvətənlərlə söhbət” mahnınızda belə bir ifadə var: “Başını o qutuya soxub qalma!”. Rus televiziyalarında sizi belə qıcıqlandıran nədir?

- Məni yayılan məlumatların qeyri-obyektivliyi və hədsiz aqressivliyi qıcıqlandırır. Hamı qışqırışır, bir-birinin sözünü kəsir.Gecə-gündüz bir-birinin ardınca nümayiş etdirilən müharibə filmləri məni qıcıqlandırır. Tam hiss olunur ki, bizi hansısa müharibəyə hazırlayırlar.

- Rusiya və Ukrayna arasındakı müharibəyə?

- Tam əmin deyiləm, ümid edirəm belə bir müharibə olmaz. Ancaq müharibə təbliğatı məni dəhşətli dərəcədə qıcıqlandırır. Mən artıq sovet hakimyyəti dövrünü keçmişəm, təbliğatın nə olduğunu bilirəm.

- O mahnıda həm də deyirsiniz ki, “Hamınız zibilin içindəsiniz!” Bu halda çıxış yolu varmı?

- Əvvəla, hər şey ötüb keçəcək. İkincisi, dil tapmaq lazım gələcək. Biz hamımız gözəl başa düşürük ki, dünyada heç kim, heç kimi sevmir. Mənə bircə ölkə göstərin ki, qonşuluğundakı ölkəni sevsin. Beləsi yoxdur. Amma Yer kürəmiz kiçicikdir, buna görə də dil tapmaq lazımdır. Bədbəxt hadisələr olmasın deyə dil tapmaq və razılıqlara əməl etmək lazımdır. Qurtardı getdi. Dünyanın yenidən bu vəziyyətə qayıdacağına inanıram.

- Sizcə, Rusiyada da Maydan mümkündür?

- Bu gün yox.

- Bəs nə vaxt?

- Bilmirəm. Məsələ ordadır ki, indi bir böhran dövrünə girmişik və o, gündən-günə dərinləşir. Deyək ki, dollar iki dəfə bahalaşdı, amma vacib ərzaqların qiyməti iki dəfə deyil, xeyli az qalxdı, buna görə də hələlik sakitlik hökm sürür. Bundan əlavə, ruslar uzun müddət səbr edə bilirlər. Camaat uzun-uzun səbr edəcək, səbri tükənəndə isə böyük bədbəxtliklər olacaq.

Rusiya prezidenti Vladimir Putin və Andrei Makarevich...

Rusiya prezidenti Vladimir Putin və Andrei Makarevich...

- Rusiyada sizinlə həmfikir olanları “makarevichlər” adlandırırlar. Bu sizi incidir? Yoxsa bundan zövq alırsınız?

- Bilirsiniz, mənə söz atan hər axmağa cavab versəm, əsəblərim yerində olmaz. Mən bunları nə görmüşəm, nə də görmək istəyirəm. Axı, niyə görmürsünüz ki, həyat qısadır! Ətrafda o qədər maraqlı şeylər var ki!

- Putinə yazdığınız məktub haqda soruşmaq istərdim...

- Görün nə qədər vaxt keçib, siz hələ də Putinə məktubu müzakirə edirsiniz! Heç yadıma gəlmir, hansı məktubdan danışırsınız.

- O sizə cavab verdimi?

- Əlbəttə ki, yox.

- Bəs təzyiqlərə son qoyuldumu?

- Mən özümə qarşı heç bir təzyiq görmürəm, amma indi gözəgörünməz adama çevrilmişəm. Hamı məni görməzdən gəlir, amma bu mənə sərf edir.

- Rusiyada, yoxsa rus kanallarında görməzdən gəlirlər?

- Rusiyada. Elə radiolar var məni çağırırlar, elə kanallar var çağırırlar. Amma əsas kanallar deyil, dövlət kanalları deyil. Əslində bu da bəsimdir. Ümumiyyətlə bütün insanlığın xoşuna gəlmək məqsədim yoxdur. Öz auditoriyam mənə bəsdir.

Andrei Makarevich

Andrei Makarevich

- Bildiyimə görə, dostlarınızın çoxu “Krım bizimdir” mövqeyinin tərəfindədir...

- Xeyr, onlar mənim dostum deyil. Bir adam mənimlə ona görə dost ola bilər ki, onunla eyni baxışları paylaşaq. Ancaq belə tanışlarım var ki, Krımın ilhaqını dəstəkləyir, bu mənim deyil, onların problemləridir. Onlar hesab edirlər ki, “Krım bizimdir”, mənsə belə hesab etmirəm.

- Onlarla görüşməyə davam edirsiniz?

- Bizi birləşdirən onlarca cəhət var, bircə fikir ayrılığına görə durub dalaşaqmı? Əlbəttə, olmaz.

- Siz bu günlərdə Almaniyadakı rus mühacirləri qarşısında çıxış edirsiniz. Bəs özünüz Rusiyanı tərk etmək istəmirsiniz?

- Mənə bunu hələ 1979-cu ildə təklif ediblər, onda bir şeyi başa düşdüm ki, bunu etməklə valideynlərimi pis vəziyyətdə qoyuram... Nə üçün? Hara getməliyəm? Hələlik sərhədlərimiz açıqdır, insanlar gedib-gəlirlər. İndi Moskvaya qayıdıram, bir gün sonra Ukraynaya qastrol səfərinə gedəcəm, ondan sonra da İsrailə. Başqa ölkəyə köçsəm neynəyəcəm bəs? Sakit pensioner həyatımı yaşayım? Parkda itmi gəzdirim? Mən belə həyatı bacarmaram, vətənimdə çoxlu işim, çoxlu dostlarım, çoxlu həyata keçirilməli ideyalarım var.

Söhbətləşdi: Marina Röttinger

Dw.de

Günün bütün mövzuları

XS
SM
MD
LG