Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:18

Burda hamı otaqların boşalmasını gözləyir


Gözdən əlillərin yataqxanası
Gözdən əlillərin yataqxanası

-

Onlardan gözdən əlillərin yataqxanasını soruşdum. Bir-birinin əlindən tutmuşdular. Dedilər «göstərərik». Yataqxanaya gedənə qədər bir neçə maşın yolundan, iri səkili yollardan keçdik. Bir gözüm onlardaydı. Yolu gözüyumulu tanıyırdılar. Bəzən şütüyən maşınların fərqində olmurdular. Yaxşı ki, onda maşınlar onların fərqində olurdu. Arada «bizə uyğun səsli işıqfor, yol göstəriciləri olsaydı, yaxşı olardı» deyirdilər. Sonra da «darısqal da olsa, şükür Allaha ki, başımızın üstündə damımız var, çöldə qalmamışıq» deyib bu günlərinə də şükür edirdilər. Söhbət edə-edə yataqxanaya gəlib çatdıq.

YATAQXANA

Gözdən əlillərin yataqxanası başqa yataqxanalardan fərqlənmir. Bəlkə də digər yataqxanaların şəraiti burdan daha yaxşıdır. Burda görməyənlərin hərəkətini asanlaşdıracaq xüsusi heç nə yoxdur. Ancaq çətinləşdirən çox şey var.

Yataqxanada 15 otaq var. Hamısı da doludur. Ailəlilər öz ailə üzvləri ilə 16-17 kvadratmetrlik otaqda yaşayır. Subaylar isə həmin ölçülü otaqda 4 nəfərə qalırlar.

«BU STOL BİZİM ÜÇÜN HƏR ŞEYDİR»

Nigar İsmayılova gözdən əlillər üçün məktəbdə müəllimədir. İki uşağı, həyat yoldaşı darısqal otaqların birində yaşayır. Burası onlar üçün həm yataq otağı, həm qonaq otağı, həm uşaq otağıdır. Kiçik stolun ətrafında nahar da edirlər, dərs də hazırlayırlar, paltar da ütüləyirlər:

«Bu stol bizim üçün hər şeydir. Burda yemək yeyirik. Oğlumun dərsi ilə burda məşğul oluram. Ancaq uşağın boyuna uyğun deyil, yazmaq çətin olur. Heç bir güzəşt də yoxdur. Nə böyüyə, nə uşağa. Əvvəllər avtobusdan pulsuz istifadə etmişik, kommunal xidmətlərdə də güzəşt olub, indi yox».

«Bu stol bizim üçün hər şeydir».
«Bu stol bizim üçün hər şeydir».

HAMAM NÖVBƏSİ

Çətinlik təkcə darısqal otaqla bitmir. Mətbəx, hamam, tualet bir dənə olduğundan hamı növbəyə durur:

«Ayaqyolu ümumidir, hamamda hər gün növbə olur. Kim hamama getmək istəyirsə, bir gün əvvəl deməlidir».

Nigarın bəxti gətirib. Neçə illik növbədən sonra ailəsinə ev veriləcək.

SƏBİRSİZLİKLƏ GÖZLƏNİLƏN HADİSƏ

Burda otaqların boşalmasını hamı səbirsizliklə gözləyir. Daha çox da ailəlilər. Elə ailələr var ki, boş yer olmadığından ailə üzvləri bir-birindən ayrı yaşayır. Təbriz Cəfərov kimi. Təbriz iki ildir ailə qurub. Yataqxanada ailəlilər üçün boş otaq olmadığından həyat yoldaşı ilə qızı Xaçmazda, özü isə burda subayların otağında qalır:

«Mən uşaqlarla qalıram, yer olmadığı üçün ailəmdən ayrı yaşayıram. Hamı kimi mən də istəyərəm ki, ailəmlə bir yerdə yaşayım. Ancaq buna imkan yoxdur».

Ailələr 16-17 kvadratmetrlik otaqda yaşayır.
Ailələr 16-17 kvadratmetrlik otaqda yaşayır.

BİZƏ İŞ VERMİRLƏR

Burda da işsizlik ən böyük qayğılardandır. İş olmadığı üçün hamı aldığı 230 manat təqaüdün ümidinə qalıb.

İki övladı olan Elmar da işsizdir:

«Rabitəni qurtarmışam. Özüm də işləmək istəyirəm. Müraciət edəndə, deyirlər «iş yoxdur», bizi işə götürmürlər».

Çiçək İsmayılova da iş olan əvvəlki vaxtları xoş xatirə kimi yada salır:

«Çətindir. Əvvəlki sexlər olaydı, adam işləyərdi. Hamı işə gedirdi, işləyib özünü, ailəsini dolandırırdı. Adamın başı qarışardı. Çox çətindir. Biz də xeyrə-şərə gedirik, dolanmaq gün-gündən çətinləşir».

Bakıda 142 gözdən əlil mənzil növbəsi gözləyir.
Bakıda 142 gözdən əlil mənzil növbəsi gözləyir.

Gözdən əlillər deyir ki, «bizim əsas problemimiz ev və işsizlikdir». Ona görə də, maddi-mənəvi güzəştlər, onlar üçün olmalı olan, ancaq olmayan xidmətlər, infrastruktur haqqında düşünmürlər.

«ƏLİLLƏRƏ EV TİKİLİB, İŞ DƏ OLACAQ»

Gözdən Əlillər Cəmiyyətindən verilən məlumata görə, Bakıda görməyənlər üçün kitabxana var. Onlar hər il mənzillə təmin olunur. Məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil problemlərinin həllində əhəmiyyətli layihələr həyata keçirilir. Masaj, kompüter kurslarına cəlb olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, əlillər üçün təklif edilməli olan iş yerlərinin kvotası müəyyən edilib. Gözdən əlillər də daxil olmaqla, bütün əlillər üçün kvotanın artırılması planlaşdırılır. Nərimanov rayonunda gözdən əlillər üçün 12-mərtəbəli 132 mənzili ev tikilib.

Hazırda isə Bakı şəhəri üzrə 142 nəfər gözdən əlil mənzil növbəsi gözləyir.

Azərbaycanda 30 minə yaxın gözdən əlil var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG