Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

Astaralı gənc rəssamların uğurları və üzləşdikləri maneələr


Gümüş medal. «Pambıq yığanlar»

Gümüş medal. «Pambıq yığanlar»

-

Tokioda keçirilən 22-ci dünya uşaq şəkil müsabiqəsində Astara şəhər sakini, 10-cu sinif şagirdi Dəniz Baxışzadə gümüş medal alıb. Yarışda 83 ölkədən 23 min 868 şəkil nümayiş etdirilib.

Bu, gənc rəssamın dünyada keçirilən uşaq şəkil yarışmalarında yeganə uğuru deyil. Dəniz Baxışzadə onlarla əsərin müəllifi olmaqla bir çox sərgilərin də qalibidir. Onunla Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin emalatxanasında görüşdük. Firudin Quliyev ona rəssamlıqla bağlı məşğələlər keçir.

«PAMBIQ YIĞANLAR»

Dəniz Baxışzadə deyir ki, müsabiqədə qalib gəlməsi onu sevindirir:

«Pambıq yığanlar mövzusunu işlədik. Biz bunu Yaponiyaya göndərdik və «Pambıq yığanlar» dünyada ikinci yeri tutdu. Arxada dağlar çəkdim, milli şəklimiz olsun. Zəhmətkeşlər pambıq toplayırlar. Onların yemək süfrəsini də işləmişəm. Burda da milli qabımız var».

«XALÇA TOXUYAN QIZLAR»

Dəniz Baxışzadə çəkdiyi digər şəkilləri göstərərək, fikirlərini bizimlə bölüşür.

Dəniz Baxışzadə

Dəniz Baxışzadə

«Bu isə xalça toxuyan qadınlarımızdır. Burda iki qız xalça toxuyur».

O, digər şəkli göstərərək bildirir ki, cənub bölgəsində yazın gəlişini əks etdirib:

«Gənc qızlarımız yazın gəlişi ilə bağlı milli paltarlar geyiniblər».

O deyir ki, 5 yaşından rəsm əsərlərini çəkməyə başlayıb. Bu illər ərzində öz üzərində həmişə işləyib. Onun dediyinə görə, bir çox xarici ölkədə keçirilən müsabiqələrdə iştirak edib:

«Müxtəlif sərgilərdə iştirak etmişik. Əsasən Yaponiyada, Çexiyada, Rusiyada keçirilən sərgilərdə iştirak etmişik. Gördüyümüz kimi, burda çoxlu diplomlarımız, fəxri fərmanlarımız var».

«Xalça toxuyanlar»

«Xalça toxuyanlar»

Dəniz Baxışzadə deyir ki, onunla birlikdə çalışan Nərmin Axundzadə də rəsm əsərləri ilə bir çox müsabiqələrin qalibi olub. Nərmin Axundzadə də müsabiqələrdən danışır:

«Birinci ümumrespublika uşaq rəsm sərgisi keçirildi. Mən orda diploma layiq görüldüm. Bizi Bakıya çağırdılar. Rəssamlıq Akademiyasında tədbir keçirildi, mükafatlarımızı təqdim etdilər».

YAZIN GƏLİŞİ TABLOLARDA...

O da çəkdiyi şəkilləri bir-bir təqdim edir. Deyir ki, çəkdiyi hər bir rəsm əsəri vacib mövzunu əhatə edir:

«Bu rəsm əsəri Novruz bayramına aiddir. Novruz bayramını təsvir etmişəm. Bu isə dənizkənarı mənzərədir. İndi yeni rəsm üzərində işləyirəm».

Nərmin Axundzadə Astara şəhər 5 saylı məktəbin 10-cu sinif şagirdidir.

Firudin Quliyev

Firudin Quliyev

«NƏ ONLARA ŞƏRAİT YARADILIR, NƏ DƏ DƏSTƏK VERİLİR»

Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev əyalətlərdə uşaq rəssamlığının kifayət qədər problemlərinin olduğunu deyir. Rəssamın fikirlərinə görə, istedadlar var. Amma:

«Bizim tələbəmiz Dəniz Baxışzadə 25 şəklin içində ikinci yeri götürüb. Bu o deməkdir ki, Dəniz Baxışzadə öz dövlətimizi, vətənimizi dünyaya tanıtdırır. Ona görə belə istedadlı uşaqlara dəstək olmalıyıq. Onlara şərait yaratmalıyıq. Əfsus ki, nə onlara şərait yaradılır, nə də dəstək verilir».

«DƏNİZİN ƏSƏRİNİ GÖNDƏRƏNDƏ BÖYÜK MANEƏLƏRƏ RAST GƏLDİK»

Rəssamın dediyinə görə, təmənnasız olaraq istedadlı uşaqları axtarıb tapır, onlara istiqamət verir. Buna baxmayaraq, dünya uşaq şəkil sərgilərinə əsər göndərmək problemə dönüb:

Çexiyaya bu rəsmi göndərmək istəyirlər.

Çexiyaya bu rəsmi göndərmək istəyirlər.

«Dənizin çəkdiyi əsəri göndərəndə böyük maneələrə rast gəldik. Onu qaytardılar üstümüzə ki, siz gedib lisenziya alıb pul köçürməlisiniz. Bu uşağın pulu haradandır ki, getsin pul versin, balaca vərəqədə şəkil çəksin, ona lisenziya alsın? Hansı dövlətdə belə bir şey var? Bu, uşaq sərgisidir, beynəlxalq sərgidir. Uşağa dəstək belə olmaz. Yalvar-yaxarla göndərdik. Həmin qaytarılan şəkil dünyada ikinci yeri götürdü».

Firudin Quliyev deyir ki, Çexiyaya şəkil göndərmək istəyirlər. Bu dəfə də eyni problemlə üzləşiblər:

«Faşistlər bir kəndi məhv ediblər. Ordan məktub gəldi siz də iştirak edin sərgidə. Həmin şəkillər uşaqların əlində qalıb. Onu da qaytardılar, qoymadılar biz orda iştirak edək. Hansı ki, biz istəyirdik ki, Xocalı ilə bu kəndi bir tutaq. Onlarla əməkdaşlıq edək. Amma bizim məmurlar həmin şəkilləri qaytardılar».

XS
SM
MD
LG